Hər şey Azərbaycanın dediyi kimi olacaq - Faydasız erməni isterikası

Siyasət

18.07.2023 - 10:16

Paşinyan aşkar olanı etiraf etməyə bilməz və heç kimin buna etiraz etməyə haqqı olmayacaq

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə danışıqlar olub. Ermənistan üçün görüşün nəticələri məyusluq və mövcud hökumətə qarşı ittihamların artmasına səbəb olub.

Bununla belə, Rusiya da yanan ocağın üstünə benzin töküb. Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanatında xatırladıb ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının (Aİ) himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb: “Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının imzalandığı fundamental şərtləri, habelə bölgədə yerləşdirilən Rusiya sülhməramlılarının mövqeyini əsaslı şəkildə dəyişib”.

Diplomatik normadan anlaşılan dilə tərcümə ediləndə bu, o deməkdir ki, Rusiya Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisi üçün “status” məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq istəyini etiraf edib. Bu da təbii ki, beynəlxalq hüquqa və Azərbaycanın mövqeyinə zidd idi. Bəli, bu bəyanatla həm də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatlar, əslində, şübhə altına alınıb.

Bütün sirr aydın oldu. Özü işğalçı dövlət olan Rusiya təbii ki, Bakı və İrəvana təzyiq mexanizminin olmasını arzulayır. Bunun üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması onun üçün vacibdir. Əslində ona görə oliqarx Ruben Vardanyan Xankəndinə göndərilmişdi. Ona görə də Rusiya tərəfi Qarabağ separatçılarına hər cür dəstək verir.

İndi də Brüsseldə tərəflərin Moskvadan qat-qat yaxşı razılaşdığını görən Rusiya Nikol Paşinyanın simasında “günah keçisi” tapmaq qərarına gəlib. Bununla yanaşı, Rusiya Federasiyası Ermənistanda uzun müddətdir onlara qarşı mövcud olan narazılıq dərəcəsini azaltmağa, Rusiyanın Ermənistana xəyanət etdiyi ittihamlarından uzaq durmağa çalışdı. Rusiya XİN-in hazırkı, mahiyyət etibarı ilə təxribat xarakterli bəyanatı bir daha bununla bağlı idi.

“Biz hesab edirik ki, belə bir şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyəti üçüncü ölkələrin üzərinə atmamaq lazımdır”, - deyə Moskvanın bəyanatında qeyd olunur.

Dağlıq Qarabağın yox, Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin taleyini Moskvanın həll etməməsi faktı bəyanatda təhlükəsiz şəkildə “unudulmuşdu”. Bu, Gürcüstana qarşı müharibəyə başlayan, Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıyan, eləcə də Ukraynanın Krım bölgəsini ilhaq edən, Ukrayna ərazisinin böyük hissəsini işğal edən və təcavüzkar hərəkətlər aparan ölkə üçün təəccüblü deyil.

Mən çox yaxşı xatırlayıram ki, Krımın ilhaqından sonra da Rusiya yalan və tsinik şəkildə Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini bəyan etdi. İndi də Rusiya Federasiyasından tamamilə şok xarakterli bəyanatlar eşidilir. Sanki Rusiyaya qarşı müharibəyə gedən Ukrayna idi, onun torpaqlarının bir hissəsini ələ keçirən Kiyev idi, əksinə yox. Odur ki, açıq deyək, Rusiya Federasiyasının Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı sözlərinə ciddi önəm verilməməlidir. Ordumuzu, müttəfiqlərimizlə əlaqələrimizi gücləndirmək bizim üçün vacibdir. Çünki Rusiya Federasiyasında yalnız gücə hörmət edilir.

Amma istənilən halda Rusiya XİN-in bəyanatı Ermənistanda Nikol Paşinyana qarşı yeni ittihamlar axınına səbəb olub. Belə ki, parlamentin “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan Rusiya XİN-in bəyanatına istinad edib. O, “Rusiya tərəfi deyir ki, əgər Ermənistan hakimiyyəti Artsaxı təslim edibsə, o zaman bizdən nə istəyirsiniz”, deyərək, rusların irəli sürdüyü oyun qaydalarının “Artsaxın azərbaycanlılaşdırılmasını nəzərdə tutmadığına eyham vururdu”. Onsuz da gülməli idi, amma bundan sonra daha da əyləncəli oldu.

“2022-ci ildə baş verən məlum Praqa prosesindən sonra, Paşinyan Artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanımaq niyyətini açıq şəkildə bildirəndən və onun silahdaşları Artsaxın Azərbaycana məxsus olması barədə Azərbaycan tezisləri ilə “əsaslandırmağa” başlayandan sonra Rusiya tərəfi artıq bir neçə dəfə oxşar məzmunlu siqnallar göndərib”, - deyə şikayətlənən Abramyan mahiyyətcə Rusiyanın Qarabağ separatizmini dəstəkləməsinə işarə edir.

Fikir verin, Ermənistan rəhbərliyini bütün dünya tərəfindən tanınanı tanımağa razılıq verməkdə ittiham edirlər! Azərbaycan BMT-yə və digər beynəlxalq təşkilatlara Sovet vaxtında olan sərhədləri daxilində üzv olub. Elə Ermənistan da belə daxil olub. Eyni zamanda, Ermənistan torpaqlarımızı işğal etdiyi bütün illər ərzində “qırmızı xətti” keçməyə və işğal etdiyi ərazilərimizi Ermənistanın tərkibində tanımağa cəsarət etməyib.

Paşinyan aşkar olanı etiraf etməyə bilməz. O cümlədən ona görə ki, sülhün alternativi Azərbaycanın antiterror əməliyyatı keçirməsi olacaq, bunun nəticəsində üçrəngli bayrağımız Xankəndi üzərində dalğalanacaq. Və heç kimin buna etiraz etməyə haqqı olmayacaq. Abramyan kimi danışanların ancaq qəzəb şəlaləsi fışqırmaqdan başqa heç nəyi olmayacaq.

Fakt belədir. Hansı ki, həm “balıq yeməyə”, həm də hakimiyyəti əldə saxlamağa çalışan Paşinyan və komandası bunu nəzərə alır. Amma “revanşistlər” və onların xarici himayədarları hər şeyi onun boynuna yıxaraq, deyirlər ki, erməni xalqının bütün bəlaları Paşinyana görədir. Reallıq ondan ibarətdir ki, istənilən Ermənistan hakimiyyəti dövründə, onlara göstərilən istənilən kənar dəstəyə baxmayaraq, Azərbaycan qarşıya qoyulan bütün vəzifələrə nail olacaq. Azərbaycan Prezidenti İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilir.

Müəllif: Əkbər Həsənov