HƏMAS-ın məhvindən sonra Qəzzaya sülhməramlılar göndəriləcək: üç variant var

Dünya

01.11.2023 - 12:09

Çoxmillətli qüvvəyə Amerika, Britaniya və Fransa qoşunları daxil ola bilər

ABŞ və İsrail Qəzzanın gələcəyi ilə bağlı plan hazırlamaq çərçivəsində HƏMAS-ın devrilməsindən sonra zolağa sülhməramlılar göndərməyi düşünür. Çoxmillətli qüvvəyə Amerika, Britaniya və Fransa qoşunları daxil ola bilər. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Qəzzanın gələcəyini müəyyənləşdirmək üçün ikinci variant Misir və İsrail arasında 1979-cu il sülh müqaviləsinə nəzarət edənlərin xətti ilə sülhməramlı qüvvələrin yaradılmasını nəzərdə tutur. Üçüncü variant isə Qəzzanın BMT-nin nəzarətinə verilməsidir.

Müzakirələrin hələ ilkin mərhələdə olduğu və çox şeyin dəyişə biləcəyi qeyd edilir.

Bəzi ABŞ rəsmiləri bu cür variantları vaxtından əvvəl və ya mümkünsüz hesab edirlər.

“Hər üç variant ABŞ Prezidenti Co Bayden və digər ölkələr, o cümlədən Körfəz ölkələri üçün siyasi risk yaradır”, - nəşr yazır.

Mənbənin sözlərinə görə, Bayden hesab edir ki, ABŞ qoşunlarının hətta kiçik bir kontingentini riskə atmaq siyasi baxımdan riskli ola bilər.

Digər agentlik mənbəsi əlavə edib ki, ərəb dövlətlərinin bu cür planlarda iştirak etməkdə maraqlı olub-olmayacağı hələ aydın deyil.

Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, gələcəkdə Qəzza zolağı üçün ən yaxşı rəhbərlik Fələstin Milli Administrasiyası olacaq. Blinken bildirib ki, belə bir administrasiya nəticədə Qəzzada təhlükəsizliyi öz üzərinə götürəcək. Eyni zamanda, dövlət katibi əmindir ki, nə HƏMAS, nə də İsrail Qəzza zolağına hökmranlıq etməməlidir.

Müəllif: Turan Abdulla