Paris razılaşmasında İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə yoxdur
Fələstinin radikal HƏMAS hərəkatı Parisdə müzakirə edilən Qəzza zolağında atəşkəs razılaşmasının şərtləri ilə razılaşmayıb. AYNA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Kanalın həmsöhbətinin sözlərinə görə, Paris razılaşması əsir və girovların mübadiləsinə aid olsa da, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə deyilməyib. HƏMAS isə bu məsələləri əsas məsələlər kimi önə çəkir.
“Al Mayadeen”in məlumatına görə, sazişdə həmçinin atəşkəs başa çatdıqdan sonra atəşkəsi təsdiq edən bənd yoxdur və bundan sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair heç bir təminat mövcud deyil.
Qeyd edək ki, bu ay Qahirədə bir sıra digər ölkələrin nümayəndələrinin iştirak edəcəyi, Qəzza ətrafındakı problemin dərindən və hərtərəfli müzakirə olunacağı yeni iclas keçiriləcək. Görüşün nəticələri ilə bağlı HƏMAS-a məlumat veriləcək, bundan sonra yekun qərar veriləcək.
Parisdə keçirilən danışıqlarda Misir, Qətər, İsrail və ABŞ nümayəndələri iştirak edib.