“Hazırda Qərb - Azərbaycan münasibətləri o dərəcədə gərgindir ki...”

Siyasət

31.01.2024 - 14:10

Rauf Mirqədirov: “İkinci Qarabağ və Ukrayna müharibələri Cənubi Qafqaz uğrundakı qlobal mübarizənin mənzərəsini dəyişdi”

Tanınmış siyasi şərhçi Rauf Mirqədirov AYNA-ya müsahibəsində dünyada və bölgəmizdə yaşanan hərbi-siyasi prosesləri təhlil edib. Beləliklə:

- Rusiya-Ukrayna müharibəsinin tam şiddəti ilə davam etdiyi 2023-ün sonu – 2024-ün əvvəlində dünyanın başqa nöqtələrində yeni qanlı toqquşmalar meydana çıxdı: Qəzzadakı savaş, husilərlə bağlı qarşıdurma, İran-Pakistan gərginliyi... Nə baş verir?

- Təəccüblü nəsə baş vermir. Ukrayna müharibəsi başlayandan bəri dünyanın başqa regionlarında toqquşmalar olması Rusiyanın və qismən də İranın marağındadır. İlk məqsəd də Qərbin resurslarını Ukraynadan başqa səmtə yönəltmək, parçalamaqdır. Bu yolla da Qərbi Rusiya və İranla razılaşmalara məcbur buraxmaq. Bunu həyata keçirmək üçün həm Moskvanın, həm də Tehranın əlində rıçaqlar vardı, məsələn, hər ikisi HƏMAS-la geniş əlaqələrə malik idi. Nəticədə bu rıçaqdan istifadə etdilər.

Rusiya və İran paytaxtlarında başa düşürlər ki, Ukraynadakı qlobal qarşıdurmada Qərb bloku qalib gələrsə, yeni dünya düzəni qurulacaq və həmin düzəndə Moskva və Tehrandakı mövcud rejimlərə yer olmayacaq. Hər iki ölkənin təsir dairləri daralacaq və dünyanı şantaj etmək imkanları qalmayacaq. Bunun olmaması üçün də müxtəlif vasitələrdən istifadə edirlər ki, onların da biri Qəzza məsələsi, HƏMAS-dır, digəri Yəməndəki husilər. Bildiyiniz kimi, husilər tamamilə İrandan asılı bir qruplaşmadır, onların Qırmızı dənizdəki hücumları dünya ticarət sistemini sarsıtmağa yönəlib.

Yəni Moskva və Tehran əllərindəki bütün imkanlardan yararlanaraq, Qərbə qarşı müharibə arealını genişləndirməyə çalışır. Vəziyyət gərginləşir. Məsələn, İranın nəzarətindəki qruplaşmalar indiyədək ABŞ hərbçilərinə qarşı ciddi hücumlar etmirdi və xırda həmlələr də amerikalılara tələfat yaşatmırdı. Bu baxımdan Vaşinqton da müharibə arealının genişlənməsində maraqlı deyildi. Amma bugünlərdə Suriyada Amerika hərbi bazasına olan hücum, 3 nəfərin ölümü, 30-dan çox hərbçinin yaralanması vəziyyəti dəyişdi. Artıq Bayden istəməsə belə, İrana və onun proksi qruplaşmalarına qarşı ciddi tədbirlər görülməlidir. Düşünürəm ki, yaxın günlərdə belə tədbirlərin şahidi olacağıq.

- Yaxın Şərqdəki hadisələrə qlobal güclərin münasibəti dünyanı iki cinaha böldü: bir tərəfdə Kollektiv Qərb, digər tərəfdə Rusiya-Çin-İran-Türkiyə birgəliyi və onların həmfikir dövlətləri. Proses qorxulan açıq Qərb-Şərq qarşıdurmasına apara bilərmi?

- Hesab edirəm ki, bu bölgü şərtidir və gerçəkliyi o qədər də əks etdirmir. Məsələn, Yaponiya, Cənubi Koreya kimi Şərq ölkələri var ki, onlar ABŞ, Böyük Britaniya kimi dövlətlərlə bir mövqedədir. Bundan əlavə, Çini də Qlobal Şərqin bir hissəsi hesab etmək doğru yanaşma olmaz. Son zamanlar iqtisadiyyatındakı problemləri də nəzərə alsaq, Rusiya ilə Qərb arasındakı qarşıdurmanın digər regionlara yayılması qətiyyən Çinin marağında deyil. Pekin əlindəki imkanlardan yararlanaraq, bəzi hallarda Moskva və Tehrana təsir edə bilir. Məsələn, Rusiyanın nüvə təhdidlərinin azalmasında Çinin çox böyük rolu var.

Qeyd etdiyim kimi, son illər Çin iqtisadiyyatı ciddi problemlər yaşayır. Uzun illər boyu Çin iqtisadiyyatı illik artım sürətinə görə ABŞ-ı geridə qoyurdu. Hesab olunurdu ki, yaxın onilliklərdə Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını ötəcək. Lakin koronavirus pandemiyasından sonra və dünyada gedən qlobal qarşıdurmalarla bağlı bütün dünyada iqtisadi artım aşağı düşüb. İqtisadiyyatda inkişaf yeni bərpa olunur. Ehtimal edilirdi ki, Çin iqtisadiyyatı sürətlə bərpa olunacaq. Ancaq ötən ilin nəticələrinə görə, ABŞ iqtisadiyyatı 7 faiz, Çin iqtisadiyyatı isə cəmi 5 faiz civarında artıb. Artıq Çin iqtisadiyyatında geriləmə var və ABŞ-ın illik artım sürətindən geridə qalır. Bunu analitiklər təkcə qlobal təlatümlərlə, pandemiya ilə əlaqələndirmirlər. Eyni zamanda, Çin iqtisadiyaytında ciddi ipoteka böhranı mövcuddur. Həmin böhranın bütün maliyyə sistemini sarsıtmasının qarşısını almaq üçün hazırda Çin dövləti bütün resursları səfərbər etməyə çalışır. Bu və digər iqtisadi amillər baxımdan Çin maraqlıdır ki, Qərbin iqtisadi və maliyyə sistemi ilə əlaqələrini genişləndirsin. Qısası, Çinin çörəyi Qərbdən çıxır.

Kollektiv Şərq anlayışına Hindistanı da daxil etsək, bu ölkənin də əsas iqtisadi-ticari əlaqələri Qərblə bağlıdır. Yəni, coğrafi baxımdan yeləşmə heç də dövlətləri bir-biri ilə müttəfiq etmir. Müəyyən maraqlar olur, həmin maraq isə müttəfiqlik demək deyil. Daha da dərinə getsək, bu Şərq dövlətləri bir-birilərini təhdid edir. Tutalım, Çin-Hindistan, Hindistan-Pakistan münaqişələri hamıya bəllidir, Çinlə Rusiya arasında rəqabət var. Çin Rusiyanın qonşuluğunda genişlənməyə meylli bir imperiyadır, Qərbin Rusiyaya qarşı illər boyu tolerant davranmasının əsas səbəbi də o idi ki, zəif Rusiya Çinin qarşısında tab gətirə bilməyəcək. Qərb Rusiyaya Çinlə öz arasında bir bufer zona kimi baxırdı və bu səbəbdən Kremlin təcavüzkar addımlarına olduqca minimal reaksiya verirdi. Hazırda isə Çin Rusiyanın böyük bir ərazisində - Uraldan o tərəfdəki nəhəng bölgədə “iqtisadi təcavüzlə” məşğuldur, bu fakt Moskvanın özünü ciddi şəkildə narahat edir. Yəni, bu iki imperiyanın münasibətlərinin isti olduğunu söyləmək olmaz.

Rusiya-Türkiyə münasibətlərinə diqqət yetirsək, bu iki ölkənin münasibətləri də kölgəsiz deyil. Ümumiyyətlə, həm bu iki dövlət, həm də yuxarıda sadaladığım digərləri ənənəvi tarixi kontinental imperiyalardır. Bir-birilərinə qonşudurlar, genişlənməyə meyillidirlər və maraqları bir-biriləri ilə ziddiyyət təşkil edir. Məsələn, Türkiyə Türk Dünyası planı qurur, amma həmin coğrafiyaya Rusiya da iddia edir. Və sair.

Rusiya-İran münasibətləri. Bunu “məcburi izdivac” kimi qiymətləndirmək olar. Hər ikisi ciddi sanksiyalar altındadır. Uzun illər İranın sanksiyalar altında olması Rusiyanın maraqlarına cavab verirdi. Müəyyən mənada indi də cavab verir. Çünki hər ikisi dünya neft bazarında rəqabət aparır. Qərbin İranla problemi onun mövcudluğu ilə əlaqəli deyil, onun başındakı teokratik rejimlə əlaqəlidir. Moskvada da gözəl anlayırlar ki, Tehrandakı rejim dəyişərsə, İran şah dövründə olduğu kimi, bölgədə Qərbin ən yaxın müttəfiqlərindən birinə çevrilə bilər. Şah dövründə İranda Qərbin böyük şirkətləri fəaliyyət göstərirdi, İslam İnqilabından sonra onlar İranı tərk edərək Türkiyəyə yerləşdilər və Türkiyə iqtisadiyyatının inkişafına önəmli töhfə verdilər.

Bütün bunları sadalamaqda məqsədim var. Yəni, Kollektiv Şərq, Qlobal Şərq, hətta Afrikanı da bura qataraq, Qlobal Cənub kimi anlayışlar heç də göründüyü kimi deyil. Belə bir qütbün formalaşdığına dair iddiaları ciddiyə almaq lazım deyil. Bu, sadəcə olaraq Rusiya xarici siyasətinin təbliğatının narrativləridir, yaratmaq istədiyi illüziyadır.

- Şərti olaraq “Şərq bloku” kimi səciyyələndirilən Rusiya, Çin, İran, Türkiyə kimi ölkələrdən ilk üçünün Qərbə münasibəti bəllidir. Siz Çinin Qərbə meylini də qeyd etdiniz. Maraqlı tərəf Türkiyədir. Həm NATO üzvlüyü, həm Qərbə inteqrasiya, həm də əks qütbdə yer almaq nə dərəcədə mümkün və təhlükəsizdir?

- Bu suala yuxarıda qismən cavab verdim. Türkiyəyə gəldikdə, bu ölkənin xarici ticarət dövriyyəsinə diqqət yetirin. Son dövrlər Rusiya və Çinlə Türkiyənin ticarət dövriyyəsi artır, amma bu dövriyyənin balansına nəzər salsaq, nəyin şahidi olacağıq? Türkiyə Rusiyadan daha çox ucuz enerji daşıyıcıları alır, Türkiyədən Rusiyaya isə hazır məhsullar ixrac olunur. Son zamanlar Rusiyaya qarşı sanksiyalar səbəbindən Ankara ilə Moskva arasında ticarət dövriyyəsində artım var ki, bu da Türkiyə ərazisindən istifadə etməklə, sanksiyadan yayınan rus məhsullarının satışı ilə əlaqəlidir. Bu iki dövlətin ticarət dövriyyəsində Rusiya daha çox ixrac edir, nəinki idxal.

Gəlin indi Türkiyənin Qərb dövlətləri ilə ticarət dövriyyəsinə diqqət yetirək. Türkiyə Qərb dövlətlərinə daha çox məhsul ixrac edir və oradan aldığı da enerji daşıyıcıları deyil, texnologiyadır, milli iqtisadiyyata edilən yatırımlardır. Yəni, Türkiyənin Qərblə ticarət dövriyyəsi daha geniş və faydalıdır, nəinki Rusiya və Çinlə. Bu mənada Ankaranın siyasəti heç də birmənalı deyil. Bəli, islamçı ritorika var, Qəzzadakı hadisələrdən sonra bu ritorika daha da güclənib, amma Türkiyə İsraillə iqtisadi əlaqələri kəsmir.

Yaxud Ərdoğan İsveçin NATO-ya üzvlüyünü bir qədər ləngitdi, amma sonradan təsdiqlədi. Bildiyiniz kimi, İsveçin və Finlandiyanın NATO-ya daxil olması Rusiyaya ciddi zərbədir. Çünki NATO bununla Baltik dənizinə çıxır və Rusiya bu dənizdə blokadaya düşmüş olur. Çox maraqlıdır ki, Avropa Birliyinin üzvü olan Macarıstan hələ də İsveçin üzvlüyünü təsdiqləməyib.

Göründüyü kimi, münasibətlər heç də birmənalı deyil. Türkiyə-Rusiya münasibətlərində ziddəyyətlər uzlaşmalardan daha çoxdur. Məsələn, Ankara Türk Dünyasından danışır, Moskva isə açıq şəkildə bəyan edir ki, Cənubi Qafqaza kimisə buraxmaq niyyətində deyil. Yaxud Liviyada, Suriyada bu iki dövlətin ciddi maraq toqquşmaları var. Son zamanlar Rusiya Yaxın Şərqdə Türkiyəyə qarşı olan qüvvələri fəal dəstəkləyir ki, bu da qaynar bölgələrin arealını genişləndirməyə cəhddir.

Biz Türkiyədəki gərgin iqtisadi vəziyyəti də diqqətdən yayındırmamalıyıq. Təsəvvür edin ki, prezident seçkilərindən əvvəl Türkiyədə uçot dərəcəsi 8.5 idisə, hazırda Mərkəzi Bank bunu 45-ə qaldırıb. Bir il keçməmiş 5 dəfə artım olub. Rəsmi məlumata görə, ölkədə inflyasiyanın səviyyəsi 65 faizə yaxındır, qeyri-rəsmi məlumatlara görə, 120 faizdir. Bütün bunlar Türkiyə üçün çox ciddi problemdir. Belə bir şəraitdə Ankaranın iqtisadi intiharla məşğul olmaq şansı və istəyi yoxdur. Bunun üzərinə Türkiyədə baş vermiş dəhşətli zəlzələni, onun nəticələrini aradan qaldırmaq vəzifəsini də gələk. Problemin həlli üçün ciddi yatırımlara, kreditlərə ehtiyac var. Ankara hazırda Qərbin nəzarətində olan beynəlxalq maliyyə institutlarından kredit almaq üçün danışıqlar aparır.

Demək istədiyim odur ki, Türkiyə Qərbdən qopa bilməz. Təbii ki, Rusiya ilə müəyyən yaxınlıq siyasəti onun Qərbdəki dayaqlarını zəiflədir, amma tamamilə itirilməsinə gətirib çıxarmır. Çünki bu zərurət Ankaranın gücü ilə deyil, ölkənin yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Bu coğrafiya çox vacibdir, buna görə də Türkiyənin Qərbdəki tərəfdaşları Ankaranın bəzi şıltaqlıqlarına müəyyən mənada göz yumurlar.

- Son olaraq: regionumuzun siyasi-iqtisadi mənzərəsi baxımından 2024-cü ildən gözləntiləriniz nədir?

- Təəssüf ki, Cənubi Qafqaz Rusiya - Qərb qlobal qarşıdurmasının meydanlarından biridir. Müsbət hal odur ki, bu qarşıdurma hərbi əməliyyatlar səviyyəsində deyil. Moskva açıq şəkildə bəyan edir ki, bölgə onun təsir zonasıdır və yenə açıq şəkildə bəyan edir ki, imperiyanı hansısa bir formada bərpa etmək niyyətindədir. Qərb isə Rusiyanı regiondan çıxarmaq niyyətini gizlətmir. Əslində bu, yeni gerçəklikdir. Qarabağdakı 44 günlük müharibəyə və Ukraynada davam edən müharibəyə qədər Qərblə Rusiya regionumuzda rəqabət aparsa da, bunu büruzə verməməyə çalışırdılar, bildirirdilər ki, onlar bu bölgənin qarşıdurma meydanına çevrilməsini istəmirlər.

Amma 44 günlük müharibə və sonrakı Ukrayna müharibəsi situasiyanı dəyişdi. Dəyişimin birinci səbəbi Rusiyanın qlobal təcavüzüdürsə, ikinci səbəb Ukrayna müharibəsindən sonra formalaşacaq qlobal nəqliyyat dəhlizləri və ona nəzarətdir. Bildiyiniz kimi, Rusiya ərazisindən keçən Şimal dəhlizi tam dayanıb, Cənub dəhlizi müəyyən səbəblərə görə normal işləyə bilmir. Və son illərdə Orta dəhliz anlayışı meydana çıxıb. Bu dəhliz Cənubi Qafqazdan keçir və region üçün çox böyük imkanlar açmaqla yanaşı, təhlükələr də yaradır – qarşıdurma təhlükəsi.

Burada əsas təhdid də Rusiyadan gəlir – tək Azərbaycan üçün yox, bütün Cənubi Qafqaz üçün. İranın Azərbaycan üçün təhdid olduğu da hər normal insana bəllidir. Öz növbəsində Qərbin Rusiya və İranla qarşıdurma siyasəti regionumuzda vəziyyəti daha da gərginləşdirir.

Düşünürəm ki, Azərbaycan çox ehtiyyatla hərəkət etməlidir. Mən heç də Rusiyaya qarşı cihadın tərəfdarı deyiləm. Lakin Rusiya və İranı təhlükə kimi görməyi unutmamalıyıq. Onlarla münasibətlərin normallaşdırılması ilə bərabər, onlardan gözlənilən təhlükələrdən qorunmaq üçün Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinin tərəfdarıyam. Bu istiqamətdə ciddi addımlar isə yalnız Türkiyə və Qərblə birlikdə atıla bilər. Qalan bütün variantlar yalnız təcavüzün vaxtını bir qədər gecikdirə bilər. Çünki Moskva bütün post-sovet məkanını yenidən öz tabeliyinə qaytarmaq siyasətini açıq bəyan edib. Təhlükəsizliyimizi təmin edə bilməsək, bu təhdiddən yaxa qurtara bilməyəcəyik.

Hazırda Azərbaycanın Qərblə münasibətləri xeyli gərgindir. Ümid və arzu edirəm ki, seçkilərdən sonra bu gərginlik səngiyəcək. Çünki indiki durum olduqca xoşagəlməzdir. Gərginlik elə həddə çatıb ki, hər iki tərəf bir-birinə münasibətdə dost-düşmən kateqoriyasından yanaşmağa başlayıb. Bu problemi həll etmək vacibdir.

İkinci vacib məsələ Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasıdır. Yenə ümid və arzu edirəm ki, prezident seçkilərindən sonra bu yöndə proses sürətlənəcək, delimitasiya-demarkasiya, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılacaq. Regionumuza yönəlik təhdidlərin önlənməsi üçün bu problemin həlli də olduqca mühümdür.

Müəllif: İsmayıl Məmmədli