Qan qusan tarix: 27 apreldən 20 yanvara doğru

Aktual

20.01.2021 - 10:00

Həkimlər Klinikalar SEO Xidməti

Əslində, faciələrin təməli iki yüz il əvvəl atılmışdı

 

Bəh-bəhlə Sovetləri quranlar, şanını-şöhrətini göylərə qaldıranlar sonra da özləri Sovetlərin iç üzünü açıb tökərək yalanlarını faş etdilər. Sovet İttifaqı Kommunist Partiyası sovet adamlarının bir neçə nəsli üçün yalançılıq məktəbi, prinsipsizlik və yaltaqlıq universiteti, siyasətdə, mənəviyyatda, etikada... ikili standartlar akademiyası oldu.

 

Azərbaycan Xalq Cümhuriyyətinin sədr müavini Həsən bəy Ağayev yazırdı ki, “türk xalqı azadlığı qanı ilə satın almışdı və Azad Azərbaycan ziyalıdan tutmuş fəhlə və kəndliyə qədər türk xalqının varlığına hopmuş bir idealdır...”.

 

Bu idealı, bu arzunu xalqımızın qanından, canından qoparmaq, unutdurmaq üçün işğalçı Sovet “hökumət”i 70 il ən alçaq işlərə belə, əl atdı. Əvvəlki diktatorlara, cəlladlara “rəhmət” oxunası diktatorlar peyda oldu. Totalitar rejimi avtoritar rejim əvəz etdi, imperiya təfəkkürü heç zaman onları tərk etmədi. Azadlıq arzumuzu Azərbaycana süngülər, silahlar və zor gücünə işğalla gətirilən bir ideya (kommunist ideyası) ilə əvəz etməyə (daha doğrusu sıramağa) çalışdılar, xalqın hürriyyət və haqqını qeyb etməyə can atdılar.

Repressiya qurbanı olmuş qələm sahibləri

Dünyanın ən qəddar və yalançı polis rejimi müstəqillik, azadlıq idealımızı qanla, atəşlə susdurmağa çəhd etsə də, alınmadı. Milli gədalarımızla əlbir olan mərkəzin bolşevik kələkbazları xalqın düşünən başlarını, vətənpərvər, millətçi övladlarını susdurmaq üçün qırıb-tökdülər, kəsib-biçdilər, əsir-yesir elədilər, şərlədilər, çərlətdilər.

 

Sovet dövründə yalnız xalqın vətənpərvər, görkəmli övladları yox, milli-mənəvi dəyərlərimiz də repressiyaya məruz qaldı. Amma xoşbəxtlikdən milli mübarizə ruhumuzu, istiqlal arzumuzu qəlblərdən, könüllərdən çıxarıb atmağı, məhv etməyi bacarmadılar. Çünki amalımız, inamımız, məsləkimiz uca idi, saf idi: müstəqil və azad Azərbaycan!    

 

Azərbaycan xalqı yalnız 1920-ci ilin 27 aprelindən, 1990-cı ilin 20 yanvarına kimi faciələrlə dolu bir yol keçmədi. Bu faciələr iki yüz il bundan əvvəl “şahə qalxmışdı”. Xalq illərlə sisyanovların kirli çəkmələri altında inlədi, canişin Vorontsov-Daşkovun təqiblərinə məruz qaldı. Vətənimizə soxulan bu caniləri, sonralar Azərbaycan xalqına qənim kəsilən Orconokidze, S.M.Kirov və daha kimlər əvəz edərək, xalqın arzu və iradəsini qanlara qərq edərək, sübut etdilər ki, Sovet Rusiyası, Çar Rusiyasının daha qəddar, daha amansız davamçısıdır.

 

İşğalçı Sovet hökumətinə, ruslaşma siyasətinə baş əyməyən yüz minlərlə azadlıq sevdalısı ölüm-dirim savaşına qalxdı. Bu savaşda SSRİ DTK-nın cəhənnəmi xatırladan zirzəmilərində güllələnənlərin, sürgünlərə göndərilənlərin, vətənindən didərgin salınanların, faciəsi qorxutmadı azadlıq aşiqlərini. Müqəddəs istiqlal haqqından vaz keçmək istəməyən Azərbaycanın dəyərli övladları çətin, şərəfli mücadiləni sona kimi apardılar. Bu da 70 il Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini daşıyıb tökdüyümüz “böyük qardaş”ımızın - Sovet Rusiyasının xoşuna gəlmədi.

 

Meydan azadlığından məmləkət azadlığına can atan xalqı cəzalandırmaq üçün, 1990-cı ilin 19 yanvarından 20-ə keçən gecə hər yeri qan dəryasına qərq etdi. SSRİ rəhbərliyinin cəza maşını amansızcasına işə düşdü. Minlərlə əli avtomatlı sovet əsgəri, yüzlərlə ağır texnika həmin gecə, azadlığı uğrunda mübarizəyə qalxmış əliyalın, dinc adamların üzərinə yeridi. İnsan qanı su kimi axıdıldı.

 

Nəticədə Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində məhv edildi.

 

Bununla “böyük qardaş”ımız Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək və inadından döndərmək istədi. Amma düşmən yanıldı. Unutdu ki, “uzaq Sibirin amansız şaxtalı, boranlı çölləri, DTK-nın cəhənnəmi xatırladan işgəncələri bu xalqı qorxuda bilmədi. Axı, tarixi həqiqət var. Bu xalq dəfələrlə qanı, canı bahasına azadlığına qovuşub. Bir də ki, müstəqillik, milli azadlıq verilmir, alınır - qanla, canla...

 

Əslində, 20 Yanvar xalqımızın tarixində və taleyində əbədi olaraq “qanlı və şanlı bir iz” qoydu. Xalq azadlıq qurbanlarının işini yarımçıq qoymayaraq, möhkəm birləşərək birlikdə, azadlığı uğrunda daha əzmkarlıqla mübarizəyə qalxdı. Xalqın bu əzmkarlığı, cəsarəti, qorxmazlığı milli mübarizə tariximizdə bir dönüş oldu. Azərbaycan istiqlalına qovuşdu. İstiqlalımızın əbədi və əzəli olması üçün hər birimiz canımızla, qanımızla onu qorumalıyıq. Yəni, millət öz vəzifəsini yerinə yetirərsə, düşmənlər də dost olacaqlar...

          

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist,

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az