Narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılanlar var
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb. Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində, ümumilikdə, 15 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.