II İliya kütləvi mədə qanaması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinə yerləşdirilib
Gürcü Pravoslav Kilsəsinin rəhbəri II İliya ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Patriarxlıqdan verilən məlumata görə, katolikos-patriarx kütləvi mədə qanaması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.
"Onun vəziyyəti ağır, lakin stabildir. Hamıdan dua etmələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.
Klinikadan IPN-ə bildirilib ki, 93 yaşlı kilsə rəhbərinin vəziyyəti "narahatedici" və "hemodinamikası qeyri-sabitdir". O reanimasiyadadır.
Səhiyyə naziri Mixeil Sarjveladze və digər yüksək vəzifəli dövlət məmurları xəstəxanaya gediblər.
Sarjveladze həkimlərin lazım olan və mümkün olan hər şeyi etdiyini bildirib.
"Onun yaşı və digər amillər nəzərə alınmaqla vəziyyət çətindir", - deyə nazir bildirib. O əlavə edib ki, artıq qanaxma dayandırılıb.