"Biz aydınlaşdırmaq istəyirik ki, Gürcüstan Dəmir Yolları Rusiya və Gürcüstan arasında dəmir yolu xidmətinin bərpasını müzakirə etmir”
Gürcüstan Dəmir Yolları işğal edilmiş Abxaziya vasitəsilə Rusiya ilə dəmir yolu xidmətinin bərpası ehtimalı ilə bağlı məlumatları təkzib edib. AYNA.AZ xəbər verir ki, bu barədə qurumun “Facebook”da dərc olunmuş açıqlamasında bildirilib.
"Biz aydınlaşdırmaq istəyirik ki, Gürcüstan Dəmir Yolları Rusiya və Gürcüstan arasında dəmir yolu xidmətinin bərpasını müzakirə etmir. Ona görə də bu məsələnin niyə gündəmdə olması bizə tamamilə aydın deyil", - deyə Gürcüstan Dəmir Yollarından qeyd edilib.
Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili də vurğulayıb ki, bu məsələ ilə bağlı Rusiya ilə heç bir danışıqlar aparılmır: "Rusiya Federasiyası ilə münasibətlərin bərpası ilə bağlı dəfələrlə bildirmişik: sadə şərt Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır".
Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvanın "Abxaziya vasitəsilə Gürcüstanla dəmir yolu xidmətinin bərpası ehtimalını nəzərdən keçirdiyini" bildirib. Onun sözlərinə görə, bu, "Qafqazda bloklanmış bütün marşrutların açılması" səylərinin bir hissəsidir. Overçuk nəqliyyat və logistika əlaqələrini gücləndirmək üçün "bölgədəki bütün dövlətlər arasında konstruktiv əməkdaşlığa" ümid etdiyini bildirib.