“Kiyevin gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsi Ukrayna hakimiyyətinin çətin vəziyyətindən xəbər verir”
“Kiyevin gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsi Ukrayna hakimiyyətinin çətin vəziyyətindən xəbər verir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
“Sanksiyaların tətbiqi özlüyündə Ukrayna hökumətinin ağır durumundan xəbər verən hadisədir... Bu gün Ukrayna hökumətinin vəziyyəti daha da ağırdır və danışdığımız mümkün həll variantı da bunun əks-sədasıdır”, - deyə Baş nazir bildirib.
Kobaxidze xatırladıb ki, 2022-ci il martın 1-də Kiyev öz səfirini Rusiyaya qarşı sanksiyalara əməl etməməyi “bəhanə” olaraq, “hökumətin rəsmi icazəsi” ilə Ukraynaya könüllülər göndərməkdən imtina etdiyini əsas gətirərək Gürcüstandan geri çağırıb: “Burada əsl niyyətlərin nə olduğu aydın oldu. Belə bir plan var idi ki, bir cəbhə deyil, ikinci cəbhə açılmalıdır və təbii ki, bunun davamı Ukrayna hakimiyyətinin vaxtilə verdiyi qərar idi. Sonra müharibə başlayandan bir gün də Kiyevi tərk etməyən səfirimizin Ukraynadan qovulması oldu. Niyə göndərildilər?”.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti “Ukrayna ilə birtərəfli dostluq rejimində” qalmaqda davam edəcək: “Çünki bu ölkə və onun xalqı bizim üçün əzizdir. Ukrayna hakimiyyəti nə qərar versə də, biz bu ölkəyə və xalqa sadiq qalırıq və təbii ki, onlarla həmrəyik”.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzaladığını açıqlayıb. Sənədə əsasən, siyahıya 19 nəfər daxil edilib. Buraya hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının təsisçisi Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri, Tiflis meri Kaxa Kaladze, habelə bir sıra hakimlər, parlament üzvləri və hökumətyönlü telekanalların rəhbərləri daxildir.