Gürcüstan Avropa İttifaqına üzvlük üçün nələr edib? – Baş nazir açıqladı

Dünya

06.10.2023 - 12:38

Qaribaşvili: “Ursula fon der Leyen ilə çox müsbət görüş keçirdim və ona 12 tövsiyənin icrası ilə bağlı məlumat verdim”

Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Qranadadakı görüşdən sonra jurnalistlərə açıqlama verib. AYNA gürcü mediasına istinadən bildirir ki, Baş nazirin sözlərinə görə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzvlük məsələsində namizəd ölkə statusu almaq üçün şərtlərin əsas hissəsini yerinə yetirib və məsələyə baxmağa hazırdır.

Qeyd edək ki, Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu ilə bağlı qərarı gözləyir. Bunun üçün Aİ-nin 27 ölkəsinin liderlərinin təsdiqi tələb olunur. Elan edilmiş prosedurlara əsasən, Avropa Komissiyası dekabrda qərar qəbul edəcək Avropa Şurası üçün tövsiyələr hazırlayacaq.

“Avropa Komissiyasının sədri xanım Ursula fon der Leyen ilə çox müsbət görüş keçirdim və ona 12 tövsiyənin icrası ilə bağlı məlumat verdim. Ursula xanım bildirdi ki, ümumilikdə ölkəmizin əldə etdiyi irəliləyişlərə müsbət yanaşırlar. Onun tərəfindən çağırış da oldu ki, islahatlar davam etdirilməli, başa çatdırılmalıdır”, - Qaribaşvili açıqlamasında bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının iyulda açıqlanmış aralıq hesabatına əsasən, Gürcüstan tələb olunan 12 şərtdən üçünü tam yerinə yetirib, yeddisini qismən yerinə yetirib, bir məsələdə isə məhdud irəliləyiş əldə edilib. Media plüralizmi və media sahiblərinə qarşı cinayət proseslərində isə heç bir irəliləyiş yoxdur.

“Mən ona dedim ki, bütün komandamız, hakimiyyət orqanları tam səfərbərdir... Bu proses başa çatacaq. Ursula xanıma dedim ki, bu tövsiyələrin əsas hissəsi artıq icra olunub, yalnız bir neçə tövsiyənin icrası qalıb, bəziləri isə Venesiya Komissiyasına göndərilib”, - Qaribaşvili əlavə edib.

Eyni zamanda, Baş nazir qeyd edib ki, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu alan kimi ölkədə siyasi qütbləşmənin səviyyəsi kəskin şəkildə azalacaq. Onun sözlərinə görə, depolarizasiya Avropa Birliyinin 12 şərtindən biridir.

“Dedim ki, qütbləşmənin artmasının əsas arqumentlərindən biri məhz namizəd statusu məsələsidir. Statusun verilməsi Avropa liderlərinin bizimlə razılaşdığı bu qütbləşmənin səviyyəsini avtomatik olaraq kəskin şəkildə azaldacaq və sıfırlayacaq”, - Gürcüstan Baş naziri əlavə edib.

Xatırladaq ki, Gürcüstanın Baş nazirinin Leyen ilə görüşü Qranadada keçirilən Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, 2022-ci ilin iyununda Gürcüstana “Avropa perspektivi” verilib və 12 şərt yerinə yetirildikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu verməyə hazır olduğunu bildirilib.

Müəllif: Turan Abdulla