“Bizim əsas vəzifəmiz qüvvələrimizi səfərbər etmək olacaq və oktyabrın 26-da ölkə qələbə çalmalı, güclü, tarixi qələbəni qeyd etməlidir...”
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası qarşıdan gələn parlament seçkilərində inamlı qələbə üçün qüvvələrini mümkün qədər səfərbər edəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə partiyanın sədri İrakli Qaribaşvili jurnalistlərə deyib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. Seçkilər 5 faiz keçid baryeri ilə proporsional sistemlə keçiriləcək. Son sorğulara görə, iki-beş partiyanın parlamentə düşmək şansı var. “Gürcü Arzusu” geniş fərqlə liderliyi qoruyub saxlayır, müxalif “Vahid Milli Hərəkat” Partiyası isə ikinci yerdədir.
"Bizim əsas vəzifəmiz qüvvələrimizi səfərbər etmək olacaq və oktyabrın 26-da ölkə qələbə çalmalı, güclü, tarixi qələbəni qeyd etməlidir... Biz çoxluq əldə etməliyik", - Qaribaşvili bildirib.
Onun sözlərinə görə, seçicilər aşkar seçim etməlidirlər: ““Gürcü Arzusu”nu və onun qurucusu Bidzina İvanişvilini və ya milli düşmən qüvvələri dəstəklədiklərini göstərməlidirlər. Məsələn, Melia və ya Qvaramiya, yaxud bunların birləşməsi, “Lelo”, “Nats”ın fəaliyyəti... Hamı yaxşı bilir ki, bunlar bir partiyanın, bu şər, düşmən qüvvənin qollarıdır”.
Xatırladaq ki, 2012-ci ildən hakimiyyət milyarder Bidzina İvanişvilinin yaratdığı siyasi qüvvənin əlindədir. Əvvəlcə bu, “Gürcü Arzusu” koalisiyası adlanırdı. 2016-cı ildən isə koalisiya dağılandan sonra bütün seçkiləri bir partiya qazandı - "Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası.