Fövqəladə vəziyyət rejimi elan edilməzdən əvvəl hansı tədbirlər görülməlidir?
Məlum olduğu kimi, ötən həftənin sonunda Türkiyədə küçəyə çıxmaq qadağası qoyulması əks effekt verib - insanlar kütləvi şəkildə küçələrə axışıb və nəticədə xoşagəlməz bir mənzərə üzə çıxıb. Onun ardınca bu ölkənin Daxili İşlər naziri Süleyman Soylu hadisənin məsuliyyətini öz üzərinə götürürək istefa verdiyini açıqladı, lakin Prezident Rəcəb Tayyib Ərdoğan nazirin istefasını qəbul etmədi.
Bəlli səbəbdən hazırda ölkəmizdə də xüsusi karantin rejimidir və vəziyyətin gedişatından asılı olaraq, fövqəladə vəziyyət rejiminin tətbiq olunması da istisna deyil. Bəs, karantin, fövqəladə vəziyyət kimi qərarlar necə qəbul olunmalı, nə qədər müddət öncədən elan edilməlidir? Bu qərarlar qəbul edilməzdən əvvəl hansı tədbirlər görülməli, risklər və nəticələr necə hesablanmalıdır?
Mövzuya ekspertlərlə AYNA tutmağa çalışdıq.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, hökumətin tələsik qərar verməsi problemlərin yaranmasına şərait yaradıb: “Bir qrup insan var ki, onların evlərini tərk etməsinə ehtiyac var. Hətta bilsələr ki, onları xoşagəlməz hadisə gözləyir, buna rəğmən məcburdurlar ki, evlərini tərk etsinlər. Bu kateqoriyaya daxil olan insanlar bir ay ərzində həm ev kirayəsi ödəyən, iaşə obyekti icarəsi verən, banklara kredit ödəyən, eyni zamanda ailəsini dolandırmağa məcbur olanlardır. Yəni o insanlara nə qədər məcburiyyət tətbiq olunsa belə, onları evdə saxlamaq qeyri-mümkündür. Biz Bakıda da karantinin ilk günlərində qorxunc vəziyyətin yaranmasının şahidi olmuşduq. Bir müddət sonra deyildi ki, həmin insanlara dövlət tərəfindən dəstək olunacaq. Bununla yanaşı, bəzi xeyriyyəçilər də bu yardım kampaniyasına start vermişdilər. Amma məlumdur ki, bununla problem həll olmur”.
“Digər kateqoriyaya mənsub olan insanlar etinasız olanlardır. Başqa bir kateqoriya insanlar yaşlılardır ki, onların da təmiz havaya ehtiyacı var. Çünki elə insanlar var ki, onlar evdə oturmaqla daha çox xəstələnə bilərlər. Belə tələsik qərar qəbul edəndə bu cür xoşagəlməz hallar meydana çıxır. Ona görə də bu cür qərarlar elə mexanizmlə işlənməlidir ki, sonda belə problemlər yaranmasın. Yəni bəzilərini maarifləndirməklə, bəzilərinin digər vasitələrlə evdə qalmaalarına şərait yaratmaq lazımdır. Əks halda, Türkiyədə də, bizdə də belə hallar gözləniləndir”, -deyə Qəşəmoğlu əlavə edib.
Psixoloq Fuad Əsədov da hesab edir ki, karantin, fövqəladə vəziyyət kimi rejimlərlə bağlı qərarlar tədricən verilməli, insanlar da buna tədricən alışmalıdırlar: “Bizdə əvvəlcə müəyyən iş yerləri bağlandı, məcbur qalmadıqca evdən çıxmamaq tövsiyə edildi. İndi isə SMS vasitəsi ilə iki saatlıq evdən çıxmağa icazə verilir. Yəni insanlar belə qərarlara zamanla uyğunlaşmalıdırlar. Çünki insan həyatında baş verən istənilən radikal dəyişişiklik onun üçün çətinlik yaradır. Nəticədə də bu cür müəmmalı qərarlara alışa bilmir və həyatının alt-üst olduğunu düşünür. Hətta, insanlar belə məqamlarda çıxılmazlıq olduğunu düşünüb depressiyaya da düşə bilərlər. Ona görə də insanlar maarifləndirilməlidir. Yəni nə baş verdiyi izah olunmalı, sonra isə tədricən tədibirlər alınmalıdır ki, insanlar bu durumu normal qarşılaya bilsinlər”.
“Ümumiyyətlə, hər insanın psixoloji yardım almaqla bağlı individual məsuliyyəti olmalıdır və o, anlamalıdır ki, əgər onu narahat edən bir şey varsa, mütləq psixoloji dəstək almalıdır və özünün də psixoloqa müraciət etmək təşəbbüsü olmalıdır. Mövcud duruma görə, mən də daxil olmaqla bir çox psixoloqlar onlayn xidmət göstərirlər. Ən azından duruma görə, bundan yararlanmaq lazımdır”, - deyə Əsədov vurğulayıb.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə bu cür tədbirlərin mahiyyətindən danışıb: “Müvəqqəti tədbirlər planı olan fövqəladə vəziyyət dövlət çevrilişi, kütləvi qiyamlar, epidemiya, epizootiya və təbii fəlakət kimi vətəndaşların həyat və sağlamlığına təhlükə yaranacaq vəziyyətlərdə tətbiq edilir ki, bu da yaranmış şəraitdə vətəndaşların sağlamlığının, təhlükəsizliyinin, hüquqa zidd qəsdlərdən qorunmasına, qanun pozuntusunun, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin etməklə, yerli və müvafiq icra hakimiyyəti orqanlarının, idarə və müəssisələrin, hüquqi şəxslərin fəaliyyətinin fövqəladə vəziyyətdə təyin olunmuş qaydada təşkil olunması üçün təyin edilir. Fövqəladə vəziyyətlə bağlı qərar verilməsi artıq vəziyyətin ciddiləşməsi deməkdir ki, bunun qarşısı alınmasa, daha böyük fəsadlara gətirib çıxardacaq. Təbii ki, buna qədər ölkənin ərzaq ehtiyyatları, dərman və tibbi ləvazimatları, fövqəladə vəziyyətdə çalışacaq qurumların iş fəaliyyətini təsdiq edən maxanizmin hazırlanması həyata keçirilməli və ölkə vətəndaşlarının, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının, azadlıqlarının, qanun pozuntularına qarşı hüquqlarının müdafiəsi üçün tədbirlər görülməklə təmin edilməlidir”.
“Bizdə demək olar ki, dövlət qurumlarının açıqlamalarında ərzaq təminatı, tibbi ləvazimatlarla bağlı əhəmiyyətli dərəcədə problemin olmadığı vurğulanıb, hökumət tərəfindən aztəminatlı ailələrə, günəmuzd çalışanlara yardımların olunmasına dair tədbirlər planı hazırlanıb və bunun icrasına başlanılıb. Müəyyən müddətdir ki, ölkədə xüsusi karantin rejimi tətbiq edilib. İnsanların hərəkətinə, fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub. Fövqəladə vəziyyətdə vətəndaşların sağlamlığı və həyati təhlükəsizliyi tam təmin edilir. Təbii ki, hökumət bu təbdirləri həyata keçirdikdən sonra fövqəladə vəziyyət tətbiqini həyata keçirə bilər və hər bir kəs buna ciddi yanaşmalı və tələb olunan qaydalara riayət etməlidir”, - deyə ekspert vurğulayıb.
Nurəliyev əlavə edib ki, belə məqamlarda KİV-lərin də fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyula bilər: “Sağlam və iş qabiliyyətli insanların əməyindən zərurət yarandıqda istifadə edilə bilər ki, bu da fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə yaranmış vəziyyətlə bağlıdır. Fövqəladə vəziyyətdə görülən işlərə maneçilik törədən ictimai qurumların, siyası partiyaların da fəaliyyətinin dayandırılması və fəaliyyət göstərən dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin öz işinin öhdəsindən gəlmədiyi təqdirdə vəzifədən kənarlaşdırılması nəzərdə tutulub ki, bu da fövqaladə vəziyyət elan olunan rayon yaxud şəhərdə vəziyyətin qısa zamanda normallaşmasını təmin etmək üçündür. Ən əsası isə, fövqəladə vəziyyət rejimini pozan şəxslər üçün inzibati qaydada cəzaların, cərimələrin və azadlıqdanməhrum etmə cəzalarının tətbiq edilməsi də nəzərdə tutulub”.
“Azərbaycanda vəziyyət daha da ciddiləşərsə, fövqəladə vəziyyətin tətbiq olunması istisna deyil. Hazırda ölkəmizdə vəziyyət digər ölkələrlə müqayisədə olduqca yaxşıdır. Bu da hökumətin vəziyyəti vaxtında nəzarətə alması, təhlükəsizlik tədbirlərinin görülməsi, təhsil-təlim müəssisələrinin bağlanması, insanların kütləvi cəmləşdiyi məkanların bağlanılması, kütləvi tədbirlərin təxirə salınması və sosial izolyasiya təbbirlərinin həyata keçirilməsinin nəticəsidir. Lakin bu qədər işlərin görülməsinə baxmayaraq, insanlar arasında yenə də məsuliyyətsiz davrananlar var. Heç bir zərurət olmadan küçələrə çıxanlardan tutmuş, xüsusi karantin rejimini pozaraq gizli fəaliyyət göstərən kafelərə, restoranlara qədər. Vəziyyəti ciddiyə almaq lazımdır ki, həm insanların biri-birini yoluxdurması azalsın, daha az zərər ilə qarşılaşaq, həm də fövqəladə vəziyyətə ehtiyac qalmasın”, - müsahibimiz əlavə edib.