Gələcəkdir Ənvər Paşa!

Cəmiyyət

02.01.2021 - 18:37

Qaçqınlıq...

 

Bu söz lap uşaq vaxtımdan yaddaşımın bir küncünə ilişib qalmışdı. Nə mənasını anlayırdım, nə mahiyyətindən xəbərim vardı. Necə yəni qaçqın, kim qaçır, hara qaçır, niyə qaçır.

 

Bir zaman bizim olan indiki Ermənistan ərazisindən – Qərbi Azərbaycandan ilk qaçqınlarımız Sumqayıta pənah gətirəndə bu söz səslə birgə yenidən qulaqlarımda səsləndi: “Qaçqın...”

 

İlk dəfə nə zaman, kimdən duymuşdum bu sözü, xatırladım.

 

Təkcə bizim İncə dərəsində yox, ümumiyyətlə Qazax-Borçalı mahalında Ülama xanıməfəndi kimi tanınan nənəm Molla Gülüstan demişdi. “Kitablarımın çoxu qaçqınlıqda itib batdı... Gavurlar neylədi bilmirəm...”

 

Babam İlyasoğlu Mustafadan eşitdiklərim qulaqlarımda əks-səda verdi: “Bolşeviklər Böyük Dağdan (Aveydən-Burmadan) top atırdılar. Gürcü menşevikləri Yazı düzündən (Şıxlı tərəfdən) hücuma keçmişdilər. Bir-birləri ilə atışırdılar, ortada qalmışdıq. Fürsətdən istifadə edən ermənilər Baranadan hücuma keçdilər. İncənin camahatı məcbur olub Acı Dərəyə (Yuxarı Salahlının çıxacağı) qədər çəkildi. Əhməd Əfəndi (Övliyamız Hacı Mahmud Əfəndinin oğlu) camaaatın bütün qır-qızılını yığıb gürcü menşeviklərindən silah-sursat aldı və obanın cavanlarını silahlandırdı. Ermənilərə qarşı əks-hücuma keçdi bizimkilər. Biz kəndə girəndə erməni haxcığı həyətimizdə nehrə çalxalayırdı. Bizimkilər bu vaxt özlərini yetirən Türk əsgərləri ilə birləşib erməniləri dıraşdadılar və Qara Quzeydən, Dəlləyin Yurdundan o yana aşırdılar”.

 

Hə, nənəmin dediyi qaçqınçılıq elə buymuş. Az bir zaman kəsiyində də olsa, İncə dərəsi qaçqınçılıq yaşayıbmış. Nənəmin kitablarını da gavurlar onda dağıdıblarmış.

 

Xətt radiosundan sonra dalğa tutan radiolar peyda olmuşdu kənddə. İlk patefonlardan biri bizim evdə olmuşdu (həmin patefon indi də məndədir). Elə ilk dalğalı radiolardan biri də bizim evdəydi. Dalğalar qarışanda Türkiyəni tuturdu. Qadağan dövründə mömin adamın Azan səsi duyması nə deməkdi, bilənlər bilər. Nənəm bu mənada bizim dalğaları qarışdırmağımızdan xoşlanar, ancaq həm də 37-nin xofunu duyub istəyini biruzə verməzdi.

 

Astadan bir şarkını zümzümə edər və gözləri dolardı. Soruşanda, əzbərimizdə qalmasın deyə: “Ninersiniz, a bala... gedin oynayın...” deyib bizi yayındırardı. Görünür, yenə də lənətə gəlmiş 37-nin xofuydu. Nənəm bizi sovetin xata-balasından qorumaq üçün belə edirmiş. Atam məktəbin partkomu idi...

 

Aradan uzun illər keçmişdi. Müstəqillik dövrünə təzə qədəm qoymuşduq. Dostum Azər Turan hardasa Ənvər Paşanın adını tutub nəsə dedi. Bu vaxtacan nə heç vaxt yazıya almadığım, nə də hardasa, lap öz-özümə belə, söyləmədiyim, bir vaxt nənəmin zümzümə etdiyi həmin şarkının mətnini olduğu kimi ona söylədim. Azər heyrətindən yerindəcə donub qaldı və onu həmən yazıya aldırdı mənə:

 

Urus gəldi aldı Vanı,

Ərzurumla Trabzanı.

Nahaq yerə tökdü qanı,

Yaşa, millətimiz yaşa,

Gələcəkdir Ənvər Paşa!

 

Ənvər Paşa bir top atdı,

“Paraxod”lar suya batdı.

German gəldi haya çatdı,

Yaşa, millətimiz yaşa,

Gələcəkdir Ənvər Paşa!

 

Dardaneli bağladallar,

Gəmiləri saxladallar.

Hingilisi ağladallar,

Yaşa, millətimiz yaşa,

Gələcəkdir Ənvər Paşa!

 

Yaddaşıma özüm də heyran qalmışdım. Axı bu necə ola bilərdi? Görünür, ilahi bir qüvvə 10 il ədəbiyyat dərsliklərində oxudulub-əzbərlədiyim şeirlərin fövqündə bunu yaddaşıma elə möhürləyibmiş ki, zamanı gələndə söyləyəydim...

No description available.

Tale qismət elədi, Ənvər Paşanın nəvəsi Osman Mayatepeklə Bakıda, onun qələmə aldığı “Dedem Enver Paşa” kitabının təqdimatında görüşəsi olduq. Bu şeiri nənəmdən eşitdiyim avazla ona söylədim və o da çox duyğulandı. İndiyəcən dədəsi ilə bağlı çox araşdırmalar aparsa da, bu şeirlə heç yerdə rastlaşmadığını dedi.

 

Qaçqınlığın mahiyyətini və fəlsəfəsini isə Antuan de-Sent Ekzüperinin “Girova məktub” hekayəsini tərcümə edəndə anladım. Allah heç kimə qaçqınlıq həyatı yaşatmasın. Ağır dərd imiş...

 

P.S. Bu yazını dostum İbrahim Nəbioğlunun təklifi və istəyi ilə qələmə aldım. Ankarada yaşadığı illərdə o, Osman Mayatepekin qonşusu olub, onunla ailəvi dostluq edib. Ənvər Paşa heyranı olan əziz eloğlumun sözünü yerə sala bilməzdim...

 

İbrahim İlyaslı,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az