“Farslar belə, Azərbaycanın tərəfində döyüşmək istəyirlər” – <font color=red> Əfşar Süleymani</font>

Siyasət

21.07.2020 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq səfir: “Tehran-Bakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatarsa, İran Ermənistanla münasibətləri minimuma endirər”

 

Tovuz istiqamətində Ermənistanla Azərbaycan arasındakı son gərginlik İranda necə qarşılandı? Ermənistan-Azərbaycan münaqişəsi məsələsində İran hansı mövqedən çıxış edir və İran nə üçün ermənipərəst bir ölkə hesab olunur?

 

AYNA-nın bu yöndə suallarını İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani cavablandırıb.

 

- İran Tovuzda baş verənləri necə qiymətləndirir? Tehranda reaksiya necə oldu?

 

- İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. Tehran hər iki dövləti münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırır. İran 90-cı illərdə olduğu kimi, indi də öz vasitəçilik missiyasını təklif edir. Xatırlayırsınızsa, o zaman Yaqub Məmmədovla Ter-Petrosyan arasında İran Prezidenti Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda danışıqlar oldu, lakin təəssüf ki, uğurla nəticələnmədi. Bundan sonra Azərbaycanda bir sıra siyasi təaltümlər baş verdi, Ermənistan uğura nail ola bilmədiyi üçün açıq şəkildə Rusiyanın dəstəyindən istifadə etdi.

 

Nəhayət, 1994-cü ildən sonra, Bişkek sazişləri imzalananda, müxtəlif səviyyələrdə bir sıra görüşlərin keçirilməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu da heç bir nəticə əldə edə bilmədi. Rusiya tərəfinin təşəbbüsü ilə bir sıra görüşlər də keçirildi ki, onların da ən parlağı Kazan görüşü idi, lakin bu da nəticə vermədi. Çünki beynəlxalq vasitəçilər bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini istəmirdilər. Bu günə qədər həmsədr ölkələrin hər üçü bu münaqişədən öz eqoist məqsədləri üçün istifadə edir və eyni zamanda, Azərbaycanın bu münaqişəni BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində hərb yolu ilə həll etməsinə imkan vermirlər.

- Son gərginlik vaxtı İran Prezidentinin mətbuat katibi Mahmud Vazei rəsmi “Twitter” səhifəsində bir sıra mesajlar Verdi, həmçinin İran Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirdi. Bu, rəsmi Tehranın münaqişədə Azərbaycanın tərəfində olması deməkdirmi?

 

- İranın mövqeyi beynəlxalq ərazi bütövlüyündən bəhs edən beynəlxalq hüquqa söykənir. Ümumiyyətlə, həm Azərbaycan, həm də Ermənistan həmişə İranın mövqeyindən məmnun olduqlarını bildirib. Mən Azərbaycanda uzun müddət işləmişəm və bütün vəziyyəti yaxşı bilirəm. Azərbaycanda diplomatik fəaliyyətimi başa vurandan sonra da həmişə bölgədəki vəziyyətlə maraqlanıram. Azərbaycan cəmiyyəti həmişə İrandan daha çox fəallıq və daha çox azərbaycançı mövqe tələb edib. Bunu həmişə görmüşük. Nə ermənilər, nə də beynəlxalq vasitəçilər ərazilərin azad edilməsini istəyir. Digər tərəfdən isə Azərbaycana öz ərazilərini qaytarmağa da imkan verilmir. Buna görə də bu münaqişə uzun müddət dondurulmuş vəziyyətdə qalıb.

 

Son Tovuz hadisələrində Azərbaycan xalqı hərbi əməliyyatlarda hökumətə tam dəstək göstərdi. Əslində, bu amil rəsmi Bakıya danışıqlarda hücum diplomatiyası yürütməsi üçün inam verəcək. Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupunun işini daim tənqid edir, çünki bu münaqişə əbədi davam edə bilməz, qaçqınlar öz evlərinə qayıtmalıdırlar. Gördüyümüz kimi, BMT Təhlükəsizlik Şurası ölkələri, xüsusən də Rusiya bu münaqişənin həllində maraqlı deyil. Postsovet məkanında təsirini itirməmək üçün Rusiya hər yerdə, o cümlədən Azərbaycanda oxşar münaqişələr yaratdı. Rusiya Ermənistanın müstəqil siyasət yürütməsinə imkan vermir. Hətta Kremlin adamı olmayan Paşinyan indi də böyük problemlərlə üzləşir və ölkəsini Moskvanın təsirindən çıxara bilmir. Bu gün deyə bilərik ki, bu münaqişə danışıqlar yolu ilə həll edilə bilməz.

 

- Bir sıra ekspertlər İranı ermənipərəst bir ölkə hesab edirlər. Sizin fikrinizcə, İranın ermənipərəst ölkə hesab edilməsinin səbəbləri nədir?

 

- Müəyyən qüvvələr həmişə İranı ermənipərəst bir ölkə kimi göstərməyə çalışıblar. Bəli, İranın Ermənistanla açıq sərhədləri və ticarət əlaqələri var, amma Türkiyənin də Ermənistanla sərhədləri bağlamasına baxmayaraq, bu ölkələr arasında ticarət dövriyyəsi Tehran ilə Yerevandan az deyil. Bunu da nəzərə almaq lazımdır. Ancaq Türkiyənin özünün də Ermənistanla problemləri var və ermənilərin Türkiyəyə ərazi iddiaları var, "erməni soyqırımı" məsələsi var. Hətta bu ölkələr bir vaxtlar problemləri həll etməyə çalışdı və Cenevrə razılaşmalarına da imza atmışdılar. Lakin sonra bu danışıqlar nəticəsiz qaldı.

 

Əlbəttə ki, İran ilə Ermənistan arasındakı münasibətlər məsələsində azərbaycanlıların tələblərini və mövqeyini başa düşürük və İranla Ermənistanın sərhədlərin açılması və ticarət əlaqələrinin olması bir çoxlarına İranın Ermənistanı dəstəkləməsi kimi görünür. İran Yerevana heç bir hərbi dəstək vermir və heç vaxt da bunu etməyib. Azərbaycanın ermənilərlə münasibətlər məsələsində İrandan fərqli mövqe tələb etməsi olduqca başa düşüləndir, çünki ölkələr çoxəsrlik ortaq tarix və mədəni bağlarla bağlıdır. Ancaq bu, siyasətdir, İran-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çata bilər və o zaman Tehran Ermənistanla münasibətləri minimuma endirər. Lakin gördüyümüz kimi iki ölkə arasındakı münasibətlər müəyyən səbəblərə görə bu səviyyəyə çatmayıb. Bəli, ölkələrin ortaq mədəni ənənələri var, amma bu amil siyasi müstəviyə keçməyib.

 

- Bir neçə ay əvvəl sosial şəbəkələrin erməni seqmentində İran nömrə nişanlı yük maşınlarının Azərbaycanın işğal olunmuş ərazilərinə necə ərzaq və yanacaq aparması barədə video yayımlandı. Bu hadisə separatçı rejimlə ticarət mübadiləsi olduğu üçün Azərbaycan cəmiyyətində rezonans doğurdu. İran niyə separatçılarla ticarət edir?

 

- Düzünü desəm, bu xəbəri görməmişəm. Hər halda, belədirsə, Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün İran Xarici İşlər Nazirliyinə müraciət etməli idi. Təbii ki, buna bənzər bir şey baş verərsə, bu, şübhəsiz ki, bütün beynəlxalq normalara və İranın rəsmi mövqeyinə ziddir.

 

Kaş ki, Azərbaycan dövləti güclənsin və ədaləti bərpa edərək, ərazisini işğaldan təmizləsin və qaçqınları öz evlərinə qaytarsın. Qoşunların təmas xəttində gərginlik yarandıqda, bu vəziyyət İran xalqına da təsir edir. Söbət təksə yerli azərbaycanlılardan getmir, hətta farslar da könüllü olaraq Azərbaycanın tərəfində döyüşmək istəklərini ifadə edirlər. Əgər Azərbaycan ehtiyac duyarsa, sözsüz ki, İran da buna razı olarsa, əminəm ki, İrandakı bir çox insan Azərbaycanın tərəfində döyüşmək istəyini bildirəcək. Bəli, böyük qüvvələr, o cümlədən Rusiya da bunun əleyhinə olacaq, lakin hətta böyük qüvvələr belə, xalqların iradəsi qarşısında gücsüzdür. Mən Azərbaycana sürətli qələbə arzulayıram və biz də Azərbaycan dövlətinin qələbəsinə sevinərik.

Müəllif: Nicat Hacıyev

Pin up casino Pin-up casino giriş