Cavanşir Quliyev: “Donub qaldıq, dünya gözümüzdə qaraldı, çox istəyirdik ki, xəbər feyk olsun...”
Məşhur bəstəkar Cavanşir Quliyev AYNA-ya müsahibəsində, Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan danışıb.
- Gəlin, müsahibəmizə keçmişə ekskursiya ilə başlayaq. Uşaqlıqda və gənclikdə Şuşada olmusunuz. Onu necə xatırlayırsınız?
- Bütün Şərq şəhərləri kimi parlaq, şən, səs-küylü. Orada rəngarəng bir bazar var idi, ona baxmaq gözlər və ruh üçün bir ləzzət idi. Şuşanın havası, digər faydalı keyfiyyətlərdən başqa, bir ləzzətə, dada malikdir - bunu özüm üçün uzaq gəncliyimdə qeyd etmişdim. Havanın dadının bu hissi, düşünürəm ki, şüuraltında bir yerdə saxlanılıb və Şuşa ilə yenidən görüşəndə mənə tanış görünəcək.
- Şuşanın işğalı ilə bağlı xəbərləri harada almışdınız?
- 8 may 1992-ci il idi. O gün dostum, televiziya rejissoru Ramiz Mirzəyev və mən səhər saatlarında onun maşını ilə Bakıda bir yerə gedirdik və birdən radioda Şuşanın işğal edildiyini eşitdik. Hələ də necə donub qaldığımızı unuda bilmirəm: dünya gözümüzdə qaraldı, çox istəyirdik ki, bu xəbər, indi deyildiyi kimi, feyk olsun, amma tezliklə bunun doğru olduğunu öyrəndik. Bu illər ərzində şəxsən “başıaşağı” yaşadım, inanırdım ki, biz Şuşanı azad etməyincə bir millət olaraq, tam xoşbəxt olmayacağıq. Hətta, Şuşa həsrəti ilə bağlı kədərli bir mahnı bəstələdim: “Darıxıram sənin üçün, Şuşam mənim”.
- Şuşanın və işğal altındakı digər şəhər və bölgələrimizin azad olmağını görəcəyinizə inanırdınız?
- Şuşanın nə vaxtsa bizə dönəcəyinə inanırdım, amma özümün bunu görəcəyimə yox! Allaha çox şükür ki, bu günü mənə göstərdi. İndi bir çoxları tamamilə fərqli bir həyatı yaşayacaq, daha sakit, daha balanslı, daha sevincli, qohumlarının gələcəyinə daha çox güvənəcək. Axı, Şuşa azərbaycanlıların zehnində xüsusi bir yer tutur və musiqiçilərin zehnində isə deyərdim ki, bu, bizim musiqi Məkkəmizdir
- Parlaq qələbələrimizin əsası, sirri nədir?
- Mövcud uğurumuzun əsas zəmanəti XALQın qarşısıalınmaz arzusudur! Torpaqların azad edilməsinə hazırlaşan bütün dövlət strukturları məhz bu istəkdən qaynaqlanırdı. Bütün bu illər ərzində ordu gücləndi, iqtisadiyyat gücləndi və azadlıq müharibəsi başlayanda bütün xalq Prezident İlham Əliyevi Ali Baş Komandan kimi dəstəklədi. Və o, vəzifələrini ləyaqətlə yerinə yetirdi, xalqın istəyini yerinə yetirdi. Uğurumuzun daha bir təminatını isə mən hökumət və xalqın birliyində görürəm. Və təbii ki, gənc həyatlarını Vətəni uğrunda verən qəhrəman əsgərlərimizin fədakarlığında! Düşünürəm ki, bu qələbə xalqımızı daha da birləşdirəcək, çünki hamı gördü ki, insanlar birləşəndə çox şey edə bilərlər.
- Şuşanın və digər torpaqlarımızın azadlığına həsr edilən musiqi yazmaq fikriniz varmı?
- Əlbəttə ki, azadlıq üçün əsərlər yaratmaq planlarım, hətta, bəzi eskizlər də var. Ancaq bu mövzu o qədər möhtəşəmdir ki, nə baş verdiyini başa düşmək üçün vaxt lazımdır. Belə məsələlərdə tələsmək olmaz.