Əsrin nokautu

İdman

08.12.2020 - 23:08

Həkimlər Klinikalar SEO Xidməti

İdman elə bir zərbə aldı ki, özünə gəlməsi uzun zaman alacaq

 

Koronavirus (COVID-19) infeksiyası yeni yüksəliş dövrünü yaşayır. İkinci dalğa Azərbaycanda və xarici ölkələrdə yenidən sərt tədbirləri labüd edib. Cari ilin mart ayından tətbiq olunan xüsusi karantin rejimi bir müddət yumşaldılsa da, təkrar məhdudiyyətlərin sayı artmağa başlayıb.

 

Belə məhdudiyyətlər bütün sahələrə mənfi təsir göstərir, o cümlədən də idman sahəsinə. Məsələn, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin əvvəlindən idman zallarının fəaliyyəti dayandırılıb. Bir çox ölkə və beynəlxalq yarışlar təxirə salınıb. AYNA idmanımızın mövcud durumunu ekspertlərlə müzakirə edib.

 

İdman mütəxəssisi Natiq Muxtarlının sözlərinə görə, bir idmançının yetişməsi və formada olması üçün uzun zaman lazımdır: “Təsəvvür edin ki, idmançı, hətta bir gün belə, məşq qaydalarını pozursa, bu, onun nəticələrinə çox ciddi təsir edir.  Ona görə də pandemiya dövrü nəinki Azərbaycan, dünyada olan bütün idmançılara ciddi təsir edib. Bu gün yaranan bu problem tək Azərbaycanın daxili problem deyil, qlobal problemdir. Bəzən deyirlər ki, idmançılar fərqli qaydada məşq edirlər. Bəli, idmançılar fərdi qaydada məşq edirlər. Amma bu da idmançının peşəkar formada qalmasının təminatçısı deyil. Çünki idmançıya təlim məşq toplantısı lazımdır, beynəlxalq yarışlarda iştirak etməlidir. Bunlar olmayanda idmançı inkişaf edə bilməz”.

 

“Bir sözlə, bu problem bütün dünya idmanına ciddi təsir göstərəcək. Həmin təsir Azərbaycan idmanından da yan keçməyəcək. İdmançılar bu gün nizam-intizama ciddi yanaşmalıdırlar. Əks halda daha da formadan düşə bilərlər. Bütün hallarda federasiya rəhbərlikləri, məşqçilər, tibbi personal idmançılar ilə ciddi şəkildə maraqlanıb onlara nəzarət edəcəklər. Artıq idmançılarımızdan beynəlxalq yarışlardan medallar gözləyə bilməyəcəyik. Onların əvvəlki formaya düşmələri üçün isə 1.5-2 il vaxt lazım olacaq. Amma bu, bütün dünya idmançılarına aiddir”, - deyə Muxtarlı bildirib.

 

Komanda.az saytının baş redaktoru Rəşad Ergün da pandemiyanın idman sahəsinə zərbə vurduğunu deyib: “Bizim bir atalar sözümüz var: “El ilə gələn qara gün toy-bayramdır”. Bu atalar sözünü dəyişsək, indiki vəziyyətə görə "dünya ilə gələn qara gün toy-bayram olar" deməliyik. Pandemiya bütün dünyaya təsir edir, bizim yaşadığımız çətinlikləri, məhdudiyyətləri başqaları da yaşayırlar. Səbrli olmaqdan başqa əlimizdən heç nə gəlmir. Bu vəziyyət dünya idmanına necə təsir edirsə, bizə də eyni cür təsir edir”.

 

“Düzdür, şəxsi fikrimdir, bütün dünya artıq koronavirusdan qorxmamaq, ciddiyə almamaq mərhələsinə keçməlidir. Bununla yaşamağı qəbul etməliyik. Adi qrip, xərçəng, başqa xəstəliklər kimi. İdman zalları açılmalıdır, insanlara, xüsusən, idmançılara imkan verilməlidir ki, sağlamlıqlarının qayğısına idmanla qalsınlar. Kütləvi idman növü olan futbolda çempionatlar, Çempionlar Liqası, Avropa Liqasının oyunları davam etdirilirsə, bu, cüdoda, şahmatda, güləşdə, voleybolda – digər idman növlərində niyə olmasın?!”, - həmsöhbətimiz vurğulayıb.

 

Ergün əlavə edib ki, bu, təkcə bizim ölkənin verə biləcəyi qərar deyil: “Müxtəlif idman növləri üzrə beynəlxalq federasiyalar, təşkilatlar artıq yarışların, turnirlərin davam etdirilməsi qərarları qəbul etməlidir. Yoxsa vəziyyət bir il də belə davam etsə, yarışlara çıxacaq sağlam, güclü, formada olan idmançı tapılmayacaq”.

 

Qaydasız döyüşçü Taleh Nəcəfzadənin dediyinə görə, onun iştirak etməli olduğu iki beynəlxalq yarışı təxirə salınıb: “Pandemiya həm maddi, həm fiziki, həm də mənəvi cəhətdən çox mənfi təsir etdi. Bu vəziyyət tək məndə deyil, idmançıların böyük əksəriyyətində belədir. Zalların bağlı olması, yarışların da qeyri-müəyyən vaxta kimi təxirə salınması çox idmançıda motivasiyanı zəiflədib və ruh düşkünlüyü yaradıb. İnşAllah ki, bu vəziyyət uzun zaman davam etməz. Əks halda beynəlxalq nəticələrimizdə xeyli geriləmə olacaq”.

 

Məşqçi Elməddin Vəliyev düşünür ki, pandemiya səbəbindən qəbul edilən qərarlar “idman soyqırımı” effekti verib: “İdmana elə zərbə vuruldu ki, çətin yenidən bərpa edilsin. Başqa dövlətlər pandemiya dövründə idmançılara yaratdıqları şərait ilə bizim Operativ Qərargahın verdiyi qərarlar arasında yerlə göy qədər fərq var. Bir sözlə, bir neçə il Azərbaycanda idmanın adını çəkmək mümkün deyil. Çünki artıq bizdə idman yoxdur”.

Müəllif: Təranə Xudabaxşiyeva