Ermənistanda Vladimir Solovyovun tok-şousu bloklanıb

Dünya

29.03.2024 - 13:36

Qərar Ermənistan-Rusiya sazişinin maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edilib

Ermənistanda rusiyalı jurnalist Vladimir Solovyovun “RTR-Planeta” telekanalında yayımlanan tok-şousunun yayımı dayandırılıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb.

Qeyd olunub ki, qərar Ermənistan ilə Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edilib.

Beləliklə, “RTR-Planet” Ermənistanda ictimai multipleksdə (yəni ictimai yayım şəbəkəsində) yayımını davam etdirəcək, lakin “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişləri efirdə olan zaman Ermənistanda telekanalın yayımı dayandırılacaq.

Qeyd edək ki, sazişin bu maddələrinə əsasən, tərəflər öz ictimai televiziya kanallarında və radiolarında efirdə bir-birinin daxili siyasi həyatına müdaxiləyə yol verməməli, habelə bir-birinin xalqlarına və dövlətlərinə qarşı təhqiramiz məzmunlu verilişləri istisna etməlidirlər.

Müəllif: Ayna.az