Levon Köçəryan: “Hökumət Konstitusiyanın dəyişdirilməsi ilə bağlı cəmiyyətin reaksiyasını anlamağa çalışır”
Ermənistan Milli Assambleyasının “Ermənistan” müxalifət fraksiyasının deputatı, sabiq Prezident Robert Köçəryanın oğlu Levon Köçəryan müxalifətin yenidən küçə aksiyalarına başlayacağını bildirib.
AYNA “Armenpress”ə istinadən xəbər verir ki, Köçəryan jurnalistlərlə söhbətində əmin edib ki, həm o, həm də “Ermənistan” bloku hazırkı hökumətin və Baş nazirin siyasəti ilə razı deyil: “Mübarizə aparacağıq. İndi bizim üzərimizdə cəmiyyətimizə izah etmək, onu birtəhər inandırmaq, gözünü açmaq vəzifəsi var ki, bu da bizim işimizdir”.
Köçəryanın sözlərinə görə, bu fəaliyyət müxtəlif yollarla həyata keçirilir: “Həm parlamentdə - sual-cavab, ayrı-ayrı deputatlar tərəfindən başqa məsələlərin irəli sürülməsi, həm də parlamentdən kənar, müxtəlif görüşlər, regional səfərlər vasitəsilə bu həyata keçirilir. Bunun nə dərəcədə effektiv olduğunu müxtəlif cür qiymətləndirmək olar”.
Küçə etirazlarının yenidən başlamasının mümkün olub-olmadığı barədə suala isə deputat “əlbəttə, mümkündür” deyə cavab verib.
Köçəryanın sözlərinə görə, hökumət Konstitusiyanın dəyişdirilməsi ilə bağlı cəmiyyətin reaksiyasını anlamağa çalışır. "Ən azı şəxsən mənim üçün onların etmək istədikləri qəbuledilməzdir".
Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistan müxalifəti hökuməti devirmək üçün bir neçə küçə aksiyası keçirib, lakin onların hamısı uğursuzluqla başa çatıb.