“Ərdoğan dünən artıq prosesə müdaxilə etdi, hər iki ölkənin nümayəndələri ilə danışıqlar apardı”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə növbəti şiddətli zorakılığın qarşısını almaq üçün İsrail və Fələstin arasında vəziyyətin həllinə müdaxilə edib. Türkiyə lideri hər iki ölkənin liderləri ilə danışıqlara başlayıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Ərdoğan dünən artıq prosesə müdaxilə etdi, hər iki ölkənin nümayəndələri ilə danışıqlar apardı. Ankara tərəflərə təmkinli olmağı tövsiyə edib”, - xəbərdə qeyd olunub.
Ərdoğan daha əvvəl bildirib ki, İsrailin fələstinlilərin elementar hüquqlarına məhəl qoymayan yanaşması onun öz xalqını təhdid edir. Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət fələstinlilərə verdiyi vədləri yerinə yetirməyib və bu, münaqişənin qızışmasında öz rolunu oynayıb. Ərdoğan vurğulayıb ki, Türkiyə İsrail dövlətini 1949-cu ildən tanıyıb və onunla diplomatik əlaqələr saxlayır.
Türkiyə Prezidentinin sözlərinə görə, 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil suveren Fələstin dövləti yaradılmadan regionda sülhün bərqərar olması mümkün deyil.
Bundan əvvəl Türkiyə Prezidenti İsraillə Fələstin arasında gərginliyin azaldılmasına çağırıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrail yəhudi dövlətinin ərazisinə kütləvi raket hücumundan sonra “Dəmir Qılınclar” əməliyyatına başladığını elan etdi.