Elmdə islahatlar və ya 30 il yataqxanada yaşayan alimdən ixtira gözləntisi

Cəmiyyət

29.07.2022 - 14:31

Professor: "İşçilərin 15-20 nəfəri elmlə məşğuldur, yerdə qalan sadəcə iş xatirinə gedib-gəlirdi. Çox vaxt heç deyəsən, getmirdi də..."

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı Fərman imzaladı. Fərmana əsasən, AMEA-nın elmi-tədqiqat institutlarının əksəriyyəti yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə həvalə edildi.

Qeyd edək ki, son günlər AMEA-nın ləğvi məsələsi gündəmə əsas müzakirə mövzusuna çevrilmişdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində gedən müzakirələrdə AMEA-nın həqiqətən də yeni elmi yanaşmalara cavab verə bilmədiyi, amma bunun subyektiv səbəblərlə yanaşı, obyektiv səbəblərinin də olduğu sadalanır. Müzakirələrdə iştirak edənlərin əksəriyyəti Azərbaycan elminin inkişafı naminə AMEA-nın yenilənməsinin tərəfdarı olduğunu bildirmişdi. Bir qism isə elm ocağının SSRİ-dən qalma olduğunu, hansı islahatlar aparılsa da, elmə böyük töhfələr verə bilməyəcəyini, bu baxımdan, ləğvinin vacibliyini önə sürürdü. Prezidentin Fərmanı AMEA-nı ləğv etmədi, səlahiyyət və strukturlarında dəyişikliyə gətirib çıxardı.  

Sabiq təhsil naziri, professor Firudin Cəlilov AMEA-nın birdəfəlik ləğvinə qarşıdır. Alim AYNA-ya deyib ki, AMEA-nı bağlamaq yox, orada ciddi, dərindən islahatlar aparmaq lazımdır: "Nəinki AMEA-nın, ümumiyyətlə, elmlə məşğul olan bir qurumun bağlanması nə dövlətə, nə xalqa xeyir verir. Məsələn, Türkmənistanda akademiyanı bağladılar, nə əldə etdilər? Əksinə, Türkmənistan elminə bununla böyük ziyan vuruldu. harda elm ocağı bağlanıbsa, sonradan peşmançılığını çəkiblər. Yenə deyirəm, AMEA-nı ləğv etmək yox, ciddi islahatlar aparmaq lazımdır. Bunu indi yox, uzun illərdir bildirirəm. İndi Prezident Fərman imzalayıb, ciddi dəyişiklik edilib. Bu dəyişiklik böyük islahatların təməli ola bilər".

"Elm və Təhsil Nazirliyinə verilən, ümumiyyətlə, AMEA sisteminin institutlarının işçi sayına baxmaq lazımdır. Bu gün elə institutlar var ki, onların 150 işçisi var. Hansı ki, həmin işçilərin 15-20 nəfəri elmlə məşğuldur, yerdə qalan sadəcə iş xatirinə gedib-gəlirdi. Çox vaxt heç deyəsən, getmirdi də... Qıraqda gəzib, ortada yeyən "alimlərin" sayı çoxdur", - deyə F.Cəlilov qeyd edib. 

"Məsələn, 500 işçisi olan bir institutda bu qədər əməkdaşa nə ehtiyac var? Onları çeşidləmək və 100-200 nəfər elmi məhsul verə bilən, əsl elmlə məşğul olan adamları saxlayıb maaşını 3-4 qat qaldırmaq lazımdır. O biriləri də ixtisar etmək, ixtisara düşənlərin də maaşlarını bunlara vermək lazımdır. Bu, iqtisadi yolla olan islahatdır. Bəzi insitutları birləşdirmək gərəkdir. Yəni məntiqə uyğun islahatların olması vacibdir", - deyə alim vurğulayıb. 

Sabiq nazir hesab edir ki, elmlə məşğul olan insanların maaşı indikindən 4-5 qat çox olmalıdır ki, sosial qayğını düşünməsin, elmi düşünsün: “İlk islahat bu yöndə olmalıdır. Biz millət olaraq istedadlı və bilikliyik. Alimlər üçün münbit şərait yaradılsa, elmdə böyük nailiyyətlər əldə edə bilərik. Elə alim var ki, 20-30 ildir yataqxanalarda qalır, 300-400 manat maaş alır. Həmin alim elmlə necə məşğul olsun, necə elmi ixtira etsin? Alimin maaşı yüksək, şəraiti normal olmalıdır ki, elmlə məşğul ola bilsin". 

F.Cəlilov deyib ki, mediada, TV-lərdə əsl alimlərimiz görünməlidir, təbliğ edilməlidir: "İndi küçədəqalmışları efirlərdə təbliğ edirlər. Özünə müğənni deyən, amma bir qəpiklik sənəti olmayan insanlar efirlərdədir. Amma bir alimi çıxarıb elmdən danışdırmırlar. Əlbəttə, söhbət əsl alimlərdən gedir. Elə alimlər var ki, çoxdan akademik olmalıdır, amma doğulduğu yerə, qohumluq əlaqələrinə görə 10 dəfə də sənədlərini versə, onu qəbul etmirlər. Qohumbazlıqla, yerlibazlıqla əldəqayırma akademiklər meydana çıxarırlar. Bunlara məhz dediyim islahatlarla son qoyulmalıdır".

Bununla yanaşı, alim hesab edir ki, AMEA ilə universitetlər arasında bağ yaradılmalıdır: "Nəzərə almaq lazımdır ki, təhsil və elm bir medalın iki üzüdür. İlk islahatlardan biri o olmalıdır ki, AMEA ilə universitetlər arasında əlaqə genişləndirilsin. AMEA-dakı tanınmış alimlər universitetlərə gedərək təcrübələrini bölüşməlidirlər. Onlar ali təhsildəki dərs prosesində iştirak etməlidirlər. Eyni zamanda, universitetlərin magistrantları AMEA-da təcrübə keçmalidirlər, burada olan tədris prosesini, həmçinin, akademiklərin elmi biliklərini mənimsəməlidir. Bu tip əlaqələri yaratmaq, inkişaf etdirmək vacibdir. Yəqin ki, Elm və Təhsil Nazirliyi tabeliyində olan, olmayan institutların işçiləri, alimləri ilə universitetlər arasında bu əlaqələri yaradacaq". 

Müəllif: Anar Bayramoğlu