Əlləri görmürük, əlləri...

Mədəniyyət

05.05.2020 - 23:04

Xalq onları yenə də məclislərin başında otdurdacaqmı?

 

Koronavirus səbəbindən dünyanın əksər ölkələrində və Azərbaycanda karantin rejimi davam edir. Karantin rejiminə əsasən, əksər müəssisələr kimi, mədəniyyət ocaqları, əyləncə mərkəzləri bağlanıb, toy mərasimlərinin keçirilməsi qadağan edilib. İnsanlar işlərini, gəlirlərini itiriblər, evlərinə qapanıblar, xüsusi qayğıya möhtac hala gəliblər.

 

Belə məqamlarda bəzi kateqoriya şəxslər var ki, onların xalqın yanında olub-olmadığı diqqət çəkir, gözlər onları axtarır. Məsələn, mədəniyyət xadimlər. İllərlə xalqın hesabına şöhrət, qazanc, fəxri adlar əldə ediblər. Deməli, ən azından, çətin günündə xalqın yanında olmağa, bacardıqca insanlarda ruh yüksəliyi yaratmağa, cəmiyyəti diri tutmağa mənəvi borcları var.

 

Bəs, vəziyyət düşündüyümüz kimidirmi? Onlar mənəvi borclarından çıxa bilirlərmi? Vətəndaşların sıxıntılarını az da olsa yüngülləşdirmək üçün hansısa addımlar atırlarmı?

 

Əlbəttə ki, mənim kimi yüzminlərlə insan bu suallara cavab axtarır. Təəssüf ki, cavab yoxdur... Daha doğrusu, tətminedici cavab, müsbət mənzərə yoxdur.

 

O zaman, daim xalqın adından danışan, xalq adına titullar alan, bir toya 10-15 min manata gedən sənət adamlarına xalq niyə etibar etməlidir? Axı, xalq gördü ki, etibar etdiyi, sevdiyi, məclislərində baş kürsüdə oturtduğu adamlar onlara nə maddi, nə də mənəvi dəstək verdi.

 

Dünyanın əksər ölkələrində məhşur insanların yardım kampaniyalarına başladığını əvvəlki yazılarımın birində qeyd etmişdim. Yerli məşhurlara isə bu sualı ünvanlayanda bir çoxu, hətta aqressiv cavab vermişdi. Yəqin ki, ittiham olunduqlarını düşünmüş və xoflanmışdılar. Hətta, bununla bağlı kiçik bir araşdırma da aparmışdım ki, bəlkə nəsə ediblər, mənim xəbərim yoxdur? Lakin apardığım araşdırma nəticəsində onların da digər insanlar kimi, giley-güzar etdikləri qənaətinə gəlmişdim. Belə ki, biri krediti (ipotekası) olduğundan gileylənmiş, biri Koronavirusla Mübarizə Fonduna vəsait köçürməklə işini bitmiş saydığını ifadə etmiş, hətta bəziləri bir az da irəli gedib, uzun illərdir, himayələrində ailələr olduğunu dilə gətirmişdilər.

 

Atdıqları hər addımı reklam edən bu adamlar, görəsən, nə üçün onların nüfuzuna nüfuz, sevgisinə sevgi qatacaq bu məsələləri reklam etməyiblər? Bir sözlə, sualdan boyun qaçırmaq üçün hərə bir bəhanə tapmışdı. Bir müddət əvvəl isə məşhurlardan biri yardım kampaniyasına start verdi və sosial şəbəkələr, saytlar bu kampaniyanı tirajlamağa başladı. Hətta, həmin məşhur digər məşhur dostlarını da bu kampaniyaya qoşulmağa dəvət etdi və qoşulmayanları tənqid etməkdən də çəkinmədi. Elə bundan sonra da adətlərinə sadiq qalaraq yeni qalmaqala qədəm qoydular.

 

İş o yerə gəlib çatdı ki, bir-birilərini gündə neçə qucaqlayıb öpən şəxslər, əlləri qapı arasında qaldığında, bir-birilərinə qarşı hücuma keçdilər, iyrənc ittihamlar havada uçuşdu. Xalq qaldı qıraqda, bunlar yenə başladılar bir-birlərinə didməyə. Məsələn, kanalların birində yayımlanan məşhur verilişlərin birində həftəiçi hər gün imkansız ailələrə yardım payladığını bəh-bəhlə reklam edən aparıcı, az qala həmin adamları özünə sitayiş etdirir. Aparıcı canlı yayımda kampaniyanın davam etdiyi yerə qoşulur və yardım alan ailələrin təşəkkürlərini qəbul edir. Sonra da göz yaşları içində deyir ki, “buna ehtiyac yoxdur”. Təsəvvür edin, özünə bir xeyli təşəkkür etdirəndən sonra deyir ki, “buna ehtiyac yoxdur” (Yəqin ki, bu cümləni sosial şəbəkədə yazsaydım, cümlənin sonunda qəhqəhə çəkən smaylik qoyardım).

 

Digər tərəfdən, həmin aparıcı bir vaxtlar dost olduğu məhşurla da xeyriyyə kampaniyası yarışına girir və ən yaxşı özünün olduğunu göstərmək istəyir. Belə olmasaydı, bu aparıcı həmin şəxs haqqında “hərə əlinə bir qutu alıb, guya, yardım edir”, - deməzdi. Təbii ki, bu kimi hadisələr heç də az deyil.

 

Bəzi verilişlər də var ki, karantin rejiminə rəğmən, canlı yayımlanmağa davam edir. El arasında “manıs” adlanan müğənnilər həmin verilişlərə gəlir, xalqın zövqünü korlayır və utanmaz-utanmaz məsləhətlər verirlər. Bəziləri isə bir az kreativlik göstərib, yaşadığı mənzilin balkonundan konsert verməklə xalqın problemlərini yüngülləşdirmək üçün öz tövhələrini verdiklərini düşünürlər.

 

Müşahidələrimə əsasən, deyə bilərəm ki, maddi rifahı pozulan və psixologiyası pozulan adamlar heç də buna əhəmiyyət vermirlər. Deməli, manısların ucuz şouları xalqın problemlərinə çarə deyil. Ümumiyyətlə, ölkədə kifayət qədər imkanlı sənət adamları var ki, xalqa dəstək vermək əvəzinə, öz qınlarına çəkiliblər. Başqa vaxtlar vətəni və vətəndaşları sevdiyini deyən bu adamlar indi hardadırlar?

 

Bu yaxınlarda məşhur Xalq artistlərindən biri, karantin rejiminə görə işlərini itirənlərlə bağlı ona verilən suala “kənddən gəlib podvalda şikəst uşaq doğurlar, sonra da dövlətdən yardım istəyirlər”, - cavabını vermiş və böyük ictimai hiddətə səbəb olmuşdu. Halbuki, həmin aktrisa bir müddət əvvəl ölkə Prezidentinin mədəniyyət və incəsənət adamları ilə görüşündə teatrların, aktyor və aktrisaların problemlərindən danışaraq xalq arasında az qala milli qəhrəman elan edilmişdi. Çünki Xalq artisti o sözləri, Azərbaycanda sənət adına almadığı titul qalmayan Zeynəb Xanlarovaya qarşı çıxaraq demişdi. Hətta, yaza-yaza düşündüm ki, bu adamlara doğurdan da güvənmək olmaz. 

 

Əl qərəz, balkondan konset verməklə, efirdə boş-boş danışmaqla, bağışlanan bir tikə çörəyi reklam etməklə həmrəylik olmaz, əzizlər! Başqa vaxtlar taleyindən gileylənən aktyor və aktrisalar, mahnı üstündə dalaşan bəstəkarlar, bayağı filmlərinə xalqın pul qazandırdığı rejissor və aktyorlar, təbii ki, xalqın hesabına zəngin olan müğənnilər maddi tərəf bir yana, bəs, mənəvi baxımından nəsə etdilərmi? Mən bilmirəm, siz bilirsinizsə, deyin! Əcəba, xalq onlara etibar edib, dəyər verib, yenə də məclislərin başında otdurdacaqmı?

Müəllif: Mərahim Nəsib