Axtarışlar Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb.
AYNA.AZ xəbər verir ki, axtarış Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırma çərçivəsində həyata keçirilib. Bu tədbirlər Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xüsusilə qeyd etməyə ehtiyac var ki, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı şübhəsizdir. Bu məqsədlə Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə ediləcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP-nin öndə gedəcəyi də istisna edilmir.
Qeyd olunan səbəbdən AXCP-nin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.