Əhalinin cibi dibsiz deyil və ya paytaxtın mənzil bazarında “qiymət tormozlaması”

Cəmiyyət

10.12.2022 - 10:22

Mənzillərin qiymətləri ilə vətəndaşların gəlirləri arasında uçurum artır

Qiymətlər nə qədər qalxsa da, əhalinin maliyyə imkanları ölçüsüz deyil. Ona görə də təəccüblü deyil ki, ilin sonuna doğru rekord qiymət artımından sonra bahalı mənzillər seqmentində qiymət artımı azalmağa başladı.

Əmlak bazarı analitiklərinin fikrincə, paytaxtın mərkəzində bahalı kvadratmetrlərin qiyməti əvvəlki kimi artmır. Oktyabrda 150 000 manata kimi qiymət seqmentində olan mənzillər cəmi 2 faiz, 150-250 min manat olan mənzillər isə 1 faiz bahalaşıb. Müqayisə üçün qeyd edək ki, yayın sonunda mənzillərin bu hissəsində qiymət artımı altı və beş faiz təşkil edirdi.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev AYNA-ya deyib ki, artım dinamikasında nəzərəçarpacaq dərəcədə azalma olsa da, hər şey onu göstərir ki, qiymət artımı müvəqqəti fasilə verib: “Yeni tikililərdə və köhnə çoxmənzilli binalarda onlar yavaş-yavaş, lakin əminliklə bahalaşır. Tələbatın nəzərəçarpacaq dərəcədə azalması mövsümi xarakter daşıyır, çünki satışın pik həddi yayın sonu - sentyabrın əvvəlinə, eləcə də yanvar və may aylarına düşürdüsə, yayın ilk ayları və ilin qalan aylarında bazar üçün nisbətən sakitlik müşahidə olunur”.

Analitikin sözlərinə görə, bazarda satışlar əsasən mənzil almaq üçün uzunmüddətli kreditlər hesabına dayanıb: “Qiymətlərə təsir edən başqa bir məqam var: pilot layihələr çərçivəsində inşaatçılar nəinki bahalaşan tikinti materiallarına görə artıq ödəməli, həm də yerində yeniləri tikiləcək köhnə evlərdəki mənzillərin sahiblərinə kvadratmetrə görə artan qiymətləri nəzərə almaqla kompensasiya ödəməlidirlər. Deməli, bu yöndə tərəflər arasında konfliktlər yeni deyil, indi qiymət artımı ilə bağlı daha da şiddətlənir. Bütün bunlar təbii ki, satışın dinamikasının xeyrinə deyil və bu kimi məsələlərin həllini gözləyərək qiymətlər aşağı düşüb”.

Lakin daşınmaz əmlak qiymətlərinin müəyyən qədər durğunluğunun əsas səbəbi əhalinin real gəlirlərini aşağı salan genişmiqyaslı inflyasiyadır. Paytaxtda mənzillərin qiymətləri ilə vətəndaşların gəlirləri arasında uçurum artır və potensial müştərilərin alıcılıq qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına təkan verir.

“Bütün bunlar, əlbəttə ki, tikinti biznesi üçün ən müsbət ssenari deyil, Tikinti şirkətlərinə bir sıra məsələlərdə, o cümlədən binaların qeydiyyatı və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması prosedurlarının asanlaşdırılması ilə dəstək verilməsi vacibdir”, - deyə Fərzəliyev bildirib.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, qiymət dinamikasında heç bir ciddi durğunluq müşahidə etmir: “Pandemiyanın pik dövrü ilə müqayisədə daşınmaz əmlak sektoru hazırda rekord həddə çatan tikinti bumu yaşayır – bahalaşmadır. Ancaq son aylarda ölkəmizə köçən əcnəbilərin gəlməsi də buna əlavə edilib”.

Öz növbəsində “MBA Consulting Group”-un direktoru Nüsrət İbrahimov da mənzillərin qiyməti ilə onların kirayə haqqının orta qiyməti arasındakı fərqə istinad edərək yerli mənzil bazarında qiymətlərin xeyli artdığını qeyd edib: “Axı beynəlxalq təcrübəyə əməl etsəniz, onun alınmasına xərclənən pulu daşınmaz əmlakı on il müddətinə icarəyə verməklə qaytarmaq olar. Belə ki, mənzillərin illik gəlirliliyi 10 faizə yaxındır, bizdə isə kirayə haqqının bahalaşmasına baxmayaraq, qeyd olunan rəqəm təxminən iki dəfə aşağıdır və altı faizi ötmür”.

Digər bazar ekspertlərinin fikrincə, hakimiyyət orqanlarının daşınmaz əmlak bazarını nağdsız əməliyyatlara keçirmək və vergitutmanı əhatə etmək istəyi yeni tikililərdə hər kvadratmetrin dəyərinin daha da artmasına səbəb olacaq. Bir az əvvəl, tikinti şirkətləri üçün yeni vergitutma formasının tətbiqi artıq qiymət dinamikasına təsir göstərmişdi. Bu gün inşaatçılar ümumi mənfəətin 18 faizini ödəyirlər və bu, mənzil fondunun qiymətində əks olunur.

Müəllif: Emma Rzayeva