Zəhərli həşəratlarla birgə yaşayan ailənin dramı - <font color=red> Qandonduran FOTOLAR</font>

Cəmiyyət

05.11.2019 - 13:14

"Üç uşaq məndən asılı vəziyyətdədir , bir gün başımı yerə qoysam, balalarım evdə acından öləcəklər"

 

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodunun (HOLCİM) yanında, körpünün altındakı idarə binasında məskunlaşmış Əliosmanovlar ailəsi olduqca ağır vəziyyətdə yaşayır. AYNA-a müraciət edən Nəcibə Əliosmanovanın bildirdiyinə görə, 2008-ci ildən “Asfaltzavod” deyilən ərazidə, ləğv olunmuş zavodun binasının bir otağında məskunlaşıblar.

N.Əliosmanovadan öyrəndik ki, onların hazırda məskunlaşdığı binada köhnədən “Asfaltzavod” adlandırılan idarənin evsiz işçiləri yaşayıblar. Sonradan isə həmin binada məcburi köçkünlər də yerləşiblər: “Xəstə uşaqla kirayələrdə sürünməkdən bezmişdik. Ona görə 11 il əvvəl bir qaçqına 500 manat pul ödəyərək, indi qaldığımız bir otağı satın aldıq. Hər şey - mətbəx, hamam, tualet bu bir otaqda yerləşirdi. Vəziyyətimiz getdikcə acınacaqlı hala düşürdü, 3 uşaqla bu bir otaqda qalmaq mümkünsüz idi. Buna görə də iki il qabaq otağın dəmiryoluna baxan pəncərəsindən bayıra qapı açdıq və “fanerka”dan əlavə bir otaq düzəltdik".

 

"Şirkətlərdən xahiş edib söküntüdən ayrılmış “fanerka”ları almışam, içinə də xahiş-minnətlə aldığım “linenium”la döşəmişəm, sanki çadırda yaşayırıq. Buranı düzəltməyə məcbur idim, çünki həm xəstə oğlumun çıxmağa yeri yox idi, həm də sağlam uşaqlarım da artıq xəstələnirdilər", - qadın danışır.

Nəcibə xanımın ailəsində iki əlilliyi olan şəxs var: “Böyük oğlum, 2005-ci il təvəllüdlü Xəzər Əliosmanov çox ağır xəstəlikdən - ağır meopitiya-əzələlərinin distrofiyasından əziyyət çəkir. İllərdir heç onun müalicəsini də vaxtlı-vaxtında etdirə bilmirik. Bunlar azmış kimi, 7 il əvvəl həyat yoldaşım da insult keçirdi, ikinci qrup əlildir. Evin bütün qayğıları tək mənim üzərimdədir. 46 yaşım var, evlərə təmizliyə gedirəm, çabalaya-çabalaya, vuruşa-vuruşa ailəmin dolanışığını təmin etməyə çalışıram. Vəziyyətimiz çox acınacaqlıdır. Zəhərli həşəratlarla, ilanlarla, əqrəblərə birlikdə yaşayırıq, əgər buna yaşayış demək mümkündürsə. Evdə yanacaq kimi ordan-burdan yığdığımız odun parçalarını yandırırıq. Hava soyumamışdan qabaq da evdə odun sobası qoymağa məcbur olmuşam. Oğlum gəzə bilmir deyə yerdə sürünür, ev isti olmasa, böyrəkləri də sıradan çıxar”.

Şikayətçinin dediyinə görə, indiyədək müraciət etmədiyi idarə, qurum qalmayıb: “Binada məskunlaşan qaçqınlar üçün Ümid qəsəbəsində evlər tikilir, 5-6 aya onlar evlə təmin olunacaqlar. Vay bizim halımıza. Qaradağ Rayon İcra Hakimiyyətinə, azı on dəfə müraciət etmişəm, cavabları belə olub ki, yataqxanada bir otaq ayıracaqlar. Ancaq heç ondan da soraq çıxmayıb, məni sakitləşdirmək üçün elə sözdə dedilər. Üz tutmadığım nazirlik qalmayıb. Ancaq səsimə səs verən olmadı, axırda da yorulub oturdum. Bilmirəm, uşağım üçün çörəkpulu tapım, yoxsa problemlərlə boğuşum”.  

Ailə çox acınacaqlı vəziyyətdə, dözülməz şəraitdə yaşamasına baxmayaraq, sosial müavinət də almır: “Oğlum və həyat yoldaşım əlilliyə görə təqaüd alır. Təzəlikcə mənə də oğluma baxdığıma görə 50 manat pul kəsdilər. 9 il dava-qırğınla sosial müavinət alırdım, 4 ildir onu də kəsiblər. Sosial müavinət üçün yazıram, ancaq imtina cavabı gəlir. Nazirliyə gedib səbəbini öyrənmək istədim, dedilər ki, işığı-qazı çox yandırmışam, limiti keçmişəm, ona görə müavinəti kəsiblər. Ali təhsilsiz qadın olsam da, savadım var, öz hüquqlarımı yaxşı bilirəm, harada görülüb ki, işığa, qaza görə sosial müavinəti kəsələr? Tələb etdim ki, komissiya göndərsinlər və yaşayışımız yerində yoxlanılsın. Görsünlər ki, işığı-qazı kefimizdən çox yandırmıram, Allahın mənə əmanəti olan balamın ölməməsi üçün yandırıram. Cavabları belə oldu ki, heç olmazsa, bir ildə limiti keçməsək, yenidən sosial müavinət verə bilərik. İndi ona görə tikintilərdən taxta dilənərək evdə odun sobası yandırırıq”.

“Bizə dəstək olacaq heç bir qohumumuz yoxdur, ata-anamız rəhmətə gedib, yoldaşım da, mən də evin tək övladı olmuşuq, nə bacı var, nə qardaş. Üç uşaq məndən asılı vəziyyətdədir indi, bir gün başımı yerə qoysam, balalarım evdə acından öləcəklər. Hiss edirəm ki, artıq səhhətim də imkan vermir. İstəyim odur ki, ayaq üstdə durduğum müddətdə heç olmazsa, balalarımı bir damın altına yığa bilim. Ancaq 15 ildir vuruşuram, ortalığa heç nə çıxara bilmirəm. Ümidim sizə gəldi, düşündüm ki, bəlkə siz mənim səsimi aidiyyəti qurumlara çatdıra bilərsiniz, çarəsiz ananın səsinə səs verə biləsiz, balalarıma bir gün ağlamaqda mənə yardımçı olasınız. Özünüz bilirsiniz ki, hazırda Azərbaycanda ev qurmaq, ev tikmək necə çətin məsələdir, indi heç kişilər də ev tikə bilmir, mən bu vəziyyətdə heç cür ev tikə bilmərəm. Ümidlə sizə müraciət edirəm və inanıram ki, bizim vəziyyətimizdən agah olan qurumlar, ən azı, ölkəmizin qeyrətli oğul və qızları, xaricdə yaşayan azəraycanlı iş adamları bizə yardım edəcəklər”, - deyə Nəcibə Əliosmanova vurğulayır.

Ümid edirik ki, aidiyyəti qurumlar, vicdanlı həmvətənlərimiz bu yazını oxuyandan sonra Nəcibə Əliosmanovanın müraciətinə reaksiya verəcəklər. Ailə tez bir zamanda, havalar daha çox soyumadan normal yaşayış imkanları olan bir evlə təmin olunacaq.

Müəllif: Rumiyyə Miraslan