“Bizim ssenaristlərin problemi ondadır ki, öz məhsullarını yaratmırlar, xarici filmlərin Azərbaycan versiyasını yaradırlar”
Sentyabr ayının 1-dən yerli televiziya kanallarımızda əcnəbi serialların yayımı bərpa olunur. Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin köməkçisi Fazil Novruzovun AYNA-ya dediyinə görə, bu qərar bir sıra zərurətdən irəli gəlib. O deyib ki, əsas səbəblərdən biri xarici serialların yayımlanmasına qadağa tətbiq edildikdən sonra yerli kanallara baxışın azalmasıdır.
“Bu qərar xarici televiziya kanallarında seriallara tamaşa edən auditoriyanı yenidən yerli televiziya kanallarına cəlb etmək məqsədi ilə verilib. Düşünülür ki, bununla da yerli kanalların reytinqi artacaq, auditoriyası genişlənəcək. Və bu da yerli kanalların maddi durumuna müsbət təsir göstərmiş olacaq”, - MTRŞ təmsilçisi bildirib.
Şura televiziya kanallarında nümayiş olunan seriallarla, onların nümayişi zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı daimi monitorinqlər həyata keçirildiyini açıqlayıb. Lakin əcnəbi serialların seçimi və ya bu seçim üçün kriteriyaların müəyyən olunması hüququ yalnız serialların yayımını həyata keçirən televiziya kanallarına aid olsa da, bir sıra şərtlər var ki, (Azərbaycan dilinə tam dublyaj, serialın yayımı üçün lisenziya və ya icazənin mövcudluğu və sair) onlara əməl olunmasına Milli Televiziya və Radio Şurası tərəfindən nəzarət ediləcək.
“Milli Televiziya və Radio Şurası olaraq bir sıra gözləntilərimiz (seriallar yüksək texniki səviyyədə çəkilmiş olmalı, intellektual, fəlsəfi, tarixi, detektiv, triller, fantastika və sair mövzularda olmalı) də var ki, televiziya kanallarının əcnəbi serial yayımı zamanı bunlara diqqət etməsi bütün cəmiyyətimiz üçün daha münasib olardı. “Əvvəlki illərdə yayımlanmış serialların təkrar yayımlanması məsələsinə gəlincə, televiziya kanalları bu serialları Azərbaycan dilinə tam dublyaj tələbi və müəllif hüquqlarına riayət olunması şərtləri ilə yayımlamaqda sərbəstdir. Eyni zamanda, hansı ölkələrin seriallarının yayımlanması ilə bağlı da Milli Televiziya və Radio Şurası göstəriş verə bilməz. Bu seçim televiziya kanallarının müstəsna hüququdur”, - deyə Fazil Novruzov vurğulayıb.
Bu qərarla 2012-ci ildən bu yana çəkilən yerli serialların auditoriyanın marağına xitab edə bilmədiyi fikri yenidən aktuallaşdı. Bəs görəsən, yerli seriallar həqiqətənmi auditoriyanın maraqlarına xitab edə bilmir? Yerli serialların tamaşaçıyı özünə kilidləməsi üçün hansı psixoloji və sosial amilləri nəzərə almaq lazımdır?
Psixoloq Fuad Əsədov AYNA-ya deyib ki, bizim serial və filmlərin problemi ssenaristlərin çox zaman öz düşüncələrini yox, baxdıqları digər filmlərin, serialların ssenaristlərinin düşüncələrini əks etdirməsindədir: “Serial, film çəkmək, kitab yazmaq yaradıcılıq, kreativlik tələb edən işdir. Hər bir yaradıcı insan qələmə aldığı məhsulda ya öz psixoloji durumunu, ya ətrafdan müşahidə etdiklərini, ya da öz düşüncələrini əks elətdirir. Bizim serial və filmlərin problemi ondadır ki, ssenaristlər çox zaman öz düşüncələrini yox, baxdıqları digər film, serialların ssenaristlərinin düşüncələrini əks etdirirlər”.
“Hər bir coğrafiyanın özünəxas mövzuları, problemləri və həyat tərzi var. İzləyiciyə maraqlı olması üçün bunları nəzərə almaq lazımdır. Bu, əslində o qədər bəsit bir şeydir ki, bunu ayırd etmək o qədər də çətin olmamalıdır. Məsələn, “Hörümçək adam” filmində hörümçək adamın Nyu-Yorkda “göydələn”lərin üstü ilə hərəkət etməsi bizə normal gəlir. Fikirləşirik ki, bu, olsa-olsa elə Nyu-Yorkda olar. Amma Bakıda belə bir film çəksək - hansısa super qəhrəman “Alov qüllələri”nin üstü ilə uçur, “beşmərtəbə”nin yanında yerə düşür və sair, bu kimi şeylər bizə gülməli gələr. Çünki bu, bizim təfəkkürə, kreativlik dünyamıza xas olan bir şey deyil”, - müsahibimiz bildirib.
Onun sözlərinə görə, bizim ssenaristlərin problemi bundadır ki, baxdıqları, bəyəndikləri filmin, serialın bir az dəyişilmiş, Azərbaycan versiyasını yaradırlar: “Bu da tamaşaçı üçün süni görünür. Eyni mövzunu türklər də çəkə bilər, biz də. Lakin o mövzu bizim cəmiyyət üçün aktual deyilsə, biz türklərin çəkdiyinə məmnuniyyətlə baxdığımız halda, azərbaycanlının çəkdiyinə maraq göstərməyəcəyik. Uğurlu alınan işlərə baxdıqda görərik ki, onların ortaq özəlliyi, həqiqətən Azərbaycan cəmiyyətində baş verən problemləri göstərməsidir. Ya mental dəyərlər, ya Azərbaycan ailə institutundakı hansısa dəyər və sair göstərilir və bu, bizə aid olduğu üçün də onu yaxşı nümunə kimi qiymətləndiririk”.
F.Əsədov seriallarımızdakı dialoqlarda təbiiliyin olmamasına da diqqət çəkib: “Dialoqlarda türk dilinə meyillilik hiss olunur. Sanki dialoqu yazan ssenarist bunu türkcə fikirləşib, sonra Azərbaycan dilinə çevirib. Buna görə baxanda bizə qəribə gəlir, axı biz evdə, gündəlik həyat tərzimizdə o cür danışmırıq. Təbii dialoqlara da rast gəlirik, amma bu cür serialların sayı çox azdır”.
Psixoloq qeyd edib ki, hər bir ekran işi cəmiyyətə verdiyi mesaj, ötürdüyü dəyərlərə görə qiymətləndirilir: “Gərək çəkdiyin ekran işi sənin coğrafiyana, millətinin mental xüsusiyyətlərinə uyğun gəlsin. Hansısa dəyərləri aşılasın, ancaq bu zaman maraqlı olur”.
Teletənqidçi Sevda Soltanova isə yerli seriallarımıza baxılmaması fikri ilə razılşamır. “Mən rayonda olanda kənd camaatının “İmtahan”, “Vicdan haqqı” seriallarını maraqla izlədiyini müşahidə etmişəm. Lakin ümumi olaraq bizim seriallar izlənir, yoxsa yox - bunun üçün peşəkar formada sorğu keçirmək lazımdır. İnsanlarımız hansı seriallara baxır? Baxırsa, niyə? Yəni bazarı öyrənmək, əhalinin tələbatını, maraq dairəsini müəyyənləşdirmək lazımdır. Bizdə isə ümumiyyətlə, sorğu mədəniyyəti, sorğu institutu problemli sahədir”, - o, AYNA-ya açıqlamasında qeyd edib.
Xarici serialların yayımlanması ilə bağlı məqama da toxunan teletənqidçinin fikrincə, yaxşı olar ki, ciddi elmi-kütləvi filmlərin dublyajına üstünlük verilsin: “Azərbaycan dilində elmi-kütləvi kontent sıfır dərəcəsindədir. Buna görə də bu iş üçün ayrılacaq məbləğ, yaxşı olar ki, sənədli, bədii filmlərə, elmi-kütləvi proqramlara, yaxşı cizgi filmlərinin istehsalına yönəldilsin”.