Korona günlərində “Korluq”

İbrahim Nəbioğlu

06.04.2020 - 17:33

Biz kor olmamışıq, biz kor idik və kor olaraq da qalırıq

 

Adsız ölkənin adsız meqapolisində adsız insanlar arasında dəhşətli bir epidemiya baş qaldırır – insanlar kor olmağa başlayır. Korluq yoluxucudur, gözü tutulanlar naməlum bir virusla infeksiyanı ətrafa yayır. Epidemiya şəhəri sarır. Kor insanları qapalı bir xəstəxanaya – “dəlixanaya” karantinə alırlar. Burada nə həkim var, nə də dava-dərman, kor insanlar talelərilə baş-başadırlar. Qiyama təşəbbüs olsa, nəzarətçi əsgərlərə atəş açma əmri verilir…

 

Adını 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alanda eşitmişdim. Portuqaliya yazıçısı Joze Saramaqo (Jose Saramago, 1922-2010) çağdaş ədəbiyyatın tanınmış simalarından biridir. Onun “Korluq” romanını Ankarada yaşadığım dövrdə oxumuşdum. TRT-də çalışan bir dostum kitabı oxumağa verəndə “dili çətindir” deyə xəbərdarlıq etmiş, əsərdə zaman-zaman iyrənc səhnələr olduğunu demişdi. Post-apokalipsis haqda bir roman olduğunu düşünmüşdüm, ancaq oxuyanda romanın dərin, fəlsəfi bir əsər olduğunu gördüm…

 

Göz həkimi avtomobilini qırmızı işıqda saxlayır və anidən gözləri tutulur. Kor olur. Ağrısız. Səbəbsiz. Durduğu yerdə Dünya gözündə zülmətə qərq olur. Bağırır. Fəryad edir. Küçədən keçənlər başına toplanır. Onlar da kor olur. Zəncirvari reaksiya kimi. Şəhər panikaya düşür. Dalınca zülmət, onun dalınca da xaos…

 

Yəqin ki, kitabı oxumayanlar “Korluq”la koronavirus arasında paralellər quracaqlar. Ancaq tələsməyin, Saramaqonun məqsədi nəsə həyəcanlı bir süjet qurmaq deyil. Onun məqsədi “hava-damla yolu ilə” (təsadüfə bir baxın - İ.N.) yayılan infeksiyanı ön plana çıxarıb korluğun yayılacağı təqdirdə hadisələrin gedişatını göstərməkdir. Korluğa yoluxanları izolyasiyada saxlayan hərbçilər də infeksiyaya bulaşmaqdan qorxurlar. Bu vəziyyətdə yaranan qorxu hissi silahlı insanın hərəkət və davranışlarını qeyri-adekvat edir.

 

“Korluq ümidin tükəndiyi bir Dünyada yaşamaqdır”

 

Klinikadakı şərait dəhşətdir. Antisanitariya, şiddət və insanın sifətini itirməsi isə ürküdücüdür. Saramaqo hər səhnədə oxucunu silkələyir, sarsıdır. Bu qarabasmada xəstələr içində gözləri görən bircə nəfər var – gözü tutulan həkimin arvadı. “Korlar içindəki bir mələk” ərini tək buraxmamaq üçün özünü korluğa vurub. Bu üfunət və iyrənclik içindəki qadın Qaranlıqla Aydınlıq arasında bir elçi, Ağla Qara arasındakı bələdçidir.

 

“Həqiqətən də görmək istəməyən kordan daha pisdir”

 

Klinikanın ürəkbulandırıcı şəraitinə paralel olaraq Saramaqo yalan və xəyanəti, oğurluq və satqınlığı, təcavüz və ölümləri göstərməyə başlayır. Baraklarda minlərlə insan var. Kordurlar, ancaq yenə klanlara bölünür, lider seçir, öz qayda-qanunlarını diqtə etməyə başlayırlar. Hər şey yaşamağa yox, həyatda qalmağa hesablanıb. Ancaq kiçik məişət problemləri, antisanitariya və murdarçılığın girdabından çıxa bilmirlər.

 

“Təhlükənin fərqində olmaq təhlükəni yarı yarıya azaltmaq deməkdir”

 

Bu anlamlı sözlər isə Saraqamoya aid deyil. XVII əsrdə yaşamış ingilis din adamı və tarixçisi Thomas Fullerin fikrini yazıma bilərək salıram. Çünki ekstremal vəziyyətlərdə bir müddət sonra ortaya ciddi bir sual çıxır…

 

Epidemiya kimi fəlakətlərdə biz necə davranırıq, fəlakətin bizə nə demək istədiyini eşidə bilirikmi? Ya ifrat irrasional, ya da vəziyyəti ciddiyə almayaraq süni nikbinlik göstərir, etinasız oluruq. Ancaq bir-birinə zidd kimi görünən reaksiyalar əslində bizim güçsüzlüyümüzə və çarəsizliyimizə qarşı qurmaq istədiyimiz müdafiə qalxanıdır. Bununla da vəziyyətin nəzarətdən çıxmaması və təhlükəni dəf etmək üçün panika, təlaş, vahimə sindromlarına sığınırıq bəlkə də.

 

Bu durumlarda insan gələcəklə bağlı planlar qurmur, hətta düşünmür belə, beynindəki tək şey yalın bioloji həyatdan yapışmaq, sırf həyatda qalmaqdır. Qorxudan büzüşüb iflic olunca imkan və potensialını düşünmək yerinə insan geri durur, düşüncələrində irəlini görə bilmir və görməyə cəsarəti çatmır. Bununla hər şeyini tormozlayır, baltalayır, həyatın kodlarını yenidən yazmaq yerinə silir…

 

Və bu “qorxu/dəhşət bataqlığından” çıxmaq üçün bir liderə, mərkəzi hökümətə və ya vahid bir idarə mexanizminə ehtiyac var. “Korluq”da bu yükü öz üzərinə həkimin arvadı götürür. Bəşər tarixində belə liderlərin, hökümətlərin üzərinə ağır yüklər düşür, onlar həyatları və iqtidarlarını təhlükəyə atma bahasına da olsa, tarixi məsuliyyəti öz üzərinə götürmüşlər. Müvəffəq olub xalqını, ölkəsini xaos və dərin böhrandan çıxaran dövlətlər Zəfəri “Həkimin arvadı” kimi liderlərin qəhrəmanlığı olmadan qazana bilməzdilər…

 

“Korluq bəyazdır”

 

Həkimin arvadı klanın liderini öldürür, xəstəxanada yanğın çıxır, korlar qaçırlar. Epidemiya hər tərəfə yayılır. Həkimin arvadı ərini də yanına alıb evinə varır. Korlar yavaş-yavaş görməyə başlayırlar. Bir epidemiyanın insan ruhunda açdığı yaralar, qorxu, stress və Təbiətin insan təbiətini gəmirərək parçalamasını əsərin dilinin və tərzinin ağır olmasına rəğmən oxumursan, yaşayırsan. Yəni əslində aksiyonun içində həkimin arvadı ilə bərabər sən də görürsən, oxucunun gözünü “kor” etmir Ustad Saramaqo…

 

Romanın sonunda həkimin arvadı pəncərəyə yaxınlaşır, başını qaldırıb göyə baxır və dümağ bir göy üzü görür. “Mənim də növbəm gəldi”, - düşünür. Gözlərini yumur. Gözləri kor olur. Şəhər isə aşağıda necə var idisə, elə də dururdu…

 

“Çətin olan insanlarla yaşamaq deyil, onları anlamaqdır”

 

Kitabı Ankarada oxuyan zaman epidemiya ilə pandemiyanın, virusla bakteriyanın fərqini bilmirdim. 20 il sonra kitabı ikinci dəfə əlimə almışam. Bu sətirləri İstanbulda, karantin şəraitində yazıram, bütün dünya koronavirusla boğuşur. Bu gün Saramaqoya daha başqa bir rakursdan baxdım. “Korluq” romanında verdiyi sualın bəşəriyyət üçün önəmini indi daha dərindən dərk etdiyimi düşünürəm – “Biz nə üçün kor olmuşuq?”. Usta yazar ehtiyat edir, daha dolğun cavabı sonraya buraxıb: “İstəsən, indi nə düşündüyümü deyə bilərəm”,- deyir və nöqtəni qoyur:

 

Məncə, biz kor olmamışıq, biz kor idik və kor olaraq da qalırıq. Biz görən korlarıq, görərkən görməyən korlar…

Müəllif: İbrahim Nəbioğlu