Dünya yeni alyansı müzakirə edir: Britaniya-Türkiyə-Azərbaycan-Ukrayna dördbucağı

Siyasət

30.12.2020 - 21:13

Ankara ilə London arasında imzalanan saziş çox ciddi perspektivlər meydana çıxaracaq

 

Bugünlərdə Türkiyə ilə Böyük Britaniya arasında Sərbəst Ticarət Sazişi imzalanıb. Beləliklə, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) sonra imzaladığı ikinci saziş qardaş ölkə ilə həyata keçirilib.

 

Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib ki, sazişə əsasən, Türkiyə ilə Böyük Britaniya arasında ticarət, gömrük rüsumları tətbiq olunmadan həyata keçiriləcək: “Əgər saziş imzalanmasaydı, Böyük Britaniyaya ixracımızın, təxminən 75 faizinə vergi tətbiq olunacaqdı və bizim iqtisadi itkilərimiz 2,4 milyard dollara bərabər olacaqdı. Saziş yanvarın 1-də qüvvəyə minəcək və heç bir itkimiz olmayacaq”.

 

Qeyd edək ki, Türkiyə Böyük Britaniyanın 2-ci ən böyük ixracat bazarıdır. Mütəxəssislər Britaniyanın Aİ-ni tərk edəndən sonra Türkiyə ilə saziş imzalamasını Türkiyə-Böyük Britaniya yaxınlaşması fonunda müsbət addım kimi qiymətləndirir və bu yaxınlığın getdikcə başqa sferalarda da özünü göstərməyə başlayacağını hesab edirlər.

 

Maraqlıdır, Birləşmiş Krallığın Aİ-dən sonra ikinci ölkə olaraq məhz Türkiyə ilə saziş imzalaması hansı nəticələr doğuracaq? Bu yaxınlaşma fonunda, Azərbaycanı nə kimi perspektivlər gözləyir? AYNA mövzunu ekspertlərlə müzakirə edib.

NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf ...

“Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə- Britaniya ticarət sazişi 2021-ci ildə Avrasiya regionunda böyük geosiyasi və geoiqtisadi mərhələnin başlanması deməkdir: “Britaniya “Brexit”-dən sonra müstəqil daxili və xarici siyasət həyata keçirməklə, fövqəldövlət statusunu bərpa etməyə çalışır. Həm də beynəlxalq münasibətlər sistemində öz mövqeyini yenidən formalaşdırmağa və gücləndirməyə cəhd edir. Qeyd edim ki, Türkiyə, Britaniya və Çin arasında yeni ittifaq oxu yaradılır və məhz Çinin ipək yolu qurşağının Azərbayca üzərindən Türkiyə və Avropaya uzanması bu istiqamətdə böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Böyük Britaniya ABŞ və Aİ-siz yeni siyasi nizam formalaşdırmağa çalışır və bu nizamda Türkiyə və Çinlə əməkdaşlıq formatı qurmaq istiqamətində addımlar atır. Türkiyə ilə iqtisadi-ticari sazişin imzalanması da məhz buna əsaslanır”.

 

“Bu baxımdan, Birləşmiş Krallıq Türkiyə vasitəsi ilə Yaxın Şərqdə mövqeyini yenidən gücləndirəcək, həmçinin Mərkəzi və Cənub-Şərqi Asiyaya siyasi və iqtisadi açılım etmək imkanları əldə edəcək. Bu, İngiltərənin “soyuq müharibə” dövründən bəri beynəlxalq münasibətlər sisteminə ilk müstəqil çıxış planıdır. Əlbəttə ki, dünyada yeni nizam formalaşır və bu yeni nizamda Birləşmiş Krallıq Aİ və ABŞ-la birgə addım atacağı təqdirdə, kölgədə qala bilərdi. Ona görə də bu siyasi kursu Türkiyə və Çin istiqamətində qurmağa çalışır. Təbii ki, iki ölkə arasında siyasi, iqtisadi və hərbi müstəvidə əlaqələrin möhkəmlənməsi Azərbaycanın da maraqlarına cavab verir. İkinci Qarabağ müharibəsində də İngiltərə-Türkiyə siyasi münasibətləri fonunda qurulan sıx əməkdaşlıq, BP-nin Azərbaycana dəstək verməsi və Qarabağ münaqişəsinin Azərbaycan üçün müsbət həlli İngiltərənin Türkiyə və Mərkəzi Asiya istiqamətində yeni geosiyasi və geoiqtisadi platforma quracağına gətirib, çıxardı”, - politoloq bildirib.

 

Əsədullazadənin fikrincə, 10 noyabr bəyanatına uyğun olaraq Mehri dəhlizinin açılması, Türkiyə-Britaniya-Çin üçbucağının formalaşmasına gətirib, çıxaracaq: “Bu da iqtisadi əlaqələrin qurulması fonunda regionda koordinasiyalı şəkildə geosiyasi, geoiqtisadi və geostrateji platformanın qurulması ilə nəticələnəcək. Təbii ki, burada dominant Türkiyə və Britaniya olacaq. Əlbəttə ki, Azərbaycanın da bu platformada yer alması, Azərbaycan üçün də həm iqtisadi dividendlər qazandıracaq, həm siyasi dəstək baxımından güclənməsinə şərait yaradacaq, həm də Qarabağla bağlı müəyyən qaranlıq sualların həllində, Rusiyanın və bəzi dövlətlərin təzyiqlərinin neytrallaşmasına gətirib çıxaracaq. Ki, bu da Azərbaycanın maraqlarına çox ciddi şəkildə cavab verir. Bir sözlə, Azərbaycanın beynəxlalq münasibətlər sistemində yeni Britaniya-Türkiyə platofrmasında yer alması ölkəmiz üçün çox uğurlu olacaq”.

Partiya sədrinin 1-ci müavini saxlanıldı – FOTO – Yenicag.Az

Politoloq Əhəd Məmmədli dünyanın yenidən çoxqütblü nizama qayıtdığını düşünür: “Dünya artıq 19-cu əsrdəki kimi, 20-ci əsrin birinci yarısındakı kimi birqütblü və ikiqütblü dünya olmayacaq. Britaniya-Türkiyə yaxınlaşmasını da bu istiqamətdən dəyərləndirmək olar. Məlum olduğu kimi, Böyük Britaniya əsrlərlə Yaxın Şərq uğrunda Osmanlı imperiyası ilə mübarizə aparıb. Lakin Yaxın Şərqdə söz sahibi Amerika və İsraildir. Yaxud, Britaniya Avropda Bonapart Napalyona, Adolf Hitlerə qarşı müharibələr həyata keçirdi, amma Avropada söz sahibi Fransa və Almaniyadır. Yəni, Britaniya hər iki formada oyundankənar vəziyyətdə qalıb və təbii ki, bu da onların maraqlarına cavab vermir. Ona görə də ingilislər yenidən müstəqil dünya siyasətinə qayıtmaq istəyirlər. Əvvəllər Britaniyanın fərdi siyasəti daha çox ABŞ-a bağlı müttəfiqlikdən keçirdi. Amma indi onlar bu kiçik tərəfdaşlıqdan çıxıb, yenidən əvvəlki müstəqil və güclü siyasi vəziyyətlərinə qayıtmaq istəyirlər. Türkiyə ilə də münasibətləri inkişaf etdirməklə, Yaxın Şərqdə əvvəlki statuslarını, əvvəlki mövcudluqlarını bərpa etmək istəyirlər”.

 

“Həmçinin, məlum olduğu kimi, Rokfeller və Rotşildlər ailələri arasında əsrlərdir ki, gərgin rəqabət gedir. Rotşildlər ailəsi Britaniyaya, Rokfellerlər ailəsi isə Amerikaya bağlıdır. Bu rəqabət son dönəmlərdə daha da güclənib. Məhz Azərbaycandan Türkiyəyə, Türkiyədən də Avropaya qədər uzanan ipək yolu layihəsinin əsas memarlarından biri də Rotşildlər ailəsidir, dolayısı ilə Böyük Britaniyadır. Britaniyanın bu yolda olan ölkələrlə də münasibtələri inkişaf etdirmək istəyi bununla əlaqədardır. Bu baxımdan, Azərbaycanın Britaniya-Türkiyə alyansında olması müsbət amildir. Azərbaycanın 44 günlük müharibəsində də Türkiyənin açıq dəstək verməsi ilə yanaşı, Britaniya da gizli dəstək nümayiş etdirdi və Britaniyadan Azərbaycana qarşı heç bir həmlə olmadı. Hətta, BMT Azərbaycan əleyhinə qətnamə çıxaranda, təşkilatın daimi üzvlərindən yalnız Böyük Britaniya buna qarşı çıxaraq, Azərbaycan əleyhinə olan bu qətnamənin reallaşmasının qarşısını aldı. Həmçinin, BP-nin Cənubi Qafqaz üzrə rəhbəri müharibənin gərgin vaxtında Azərbaycana açıq-aşkar dəstək göstərdi”, - ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, Britaniyanın Aİ-dən sonra ən böyük ticarət razılaşmasını Türkiyə və Ukrayna ilə imzalaması, yeni Türkiyə- Böyük Britaniya alyansının qurulmasından xəbər verir: “Bu alyansda post-sovet məkanının iki ölkəsi - Ukrayna və Azərbaycan da yer alır. Ukraynanın isə Azərbaycanı açıq-aşkar dəstəkləməsi, Türkiyə ilə inkişaf edən münasibətlər qurması təsadüfi deyil və artıq bu kimi məsələlərin hansı planlar üzrə inkişaf etdiyini görürük”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli də gedişatın maraqlı olduğu qənaətindədir: “Çox güman ki, bu gedişatın gələcəkdə yeni təzahürləri, yeni əməkdaşlıq formatları yaranacaq. Hazırda bölgəmizdə çox maraqlı Britaniya-Türkiyə-Azərbaycan-Ukrayna dördbucağı yaranır. Çünki Britaniyanın Ukrayna ilə də həm hərbi, həm iqtisadi sahədə yeni sazişlər bağlanması gözlənilir. Azərbaycanın da Qərbdə ən böyük investoru məhz Böyük Britaniyadır və Azərbaycanla Britaniya arasında bu mənada həmişə xüsusi münasibətlər olub. Bu münasibətlərin də davam etdirilməsi mümkündür. Hətta, Azərbaycanın Britaniya ilə əlavə müqavilələr bağlaması da ehtimal edilir”.

 

“Çünki “Brexit”-dən əvvəl, yəni Britaniya Aİ-nin üzvü olanda müxtəlif müqavilələri İttifaqın kriteriyalarına uyğunlaşdırmağa məhkum idi. Bu mənada Britaniyanın indi əli-qolu açılıb və istənilən müqavilələrin bağlanmasında sərbəstlik əldə edib. Bundan başqa, Azərbaycanın Avropa İttifaqı ilə də ayrı bir saziş bağlaması gözlənilir və uzun müddətdir ki, bu istiqamətdə danışıqlar gedir. 2021-ci ildə bu danışıqların yekunlaşması çox yaxşı nəticələrə səbəb ola bilər və Azərbaycan burada uzlaşdırıcı, yəni hər iki tərəflə - həm Britaniya, həm də Aİ ilə saziş bağlamaq imkanları yaranan ölkəyə çevrilə bilər. Ki, bu da fürsətlərin genişlənməsinə səbəb ola bilər”, - o bildirib.

 

Amma Cəfərlinin fikrincə, əsas maraqlı olan yaranmış dördbucaqdır: “Bu mənada Türkiyə-Britaniya-Azərbaycan-Ukrayna dördbucağı gələcəkdə konfiqurasiyalara səbəb ola bilər. Bu, həm də siyasi, iqtisadi və diplomatik addımların atılmasına əsas yarada bilər ki, bu da kifayət qədər ciddi məsələdir”.

 

Ekspert hesab edir ki, Türkiyə ilə Britaniya arasında bağlanan ticarət müqaviləsinin bənzərinin Azərbaycanla da bağlanması üçün Azərbaycanda ciddi islahatlara ehtiyac var: “Çünki Türkiyə liberal bazar iqtisadiyyatına keçid anlamında Azərbaycandan çox-çox qabaqdadır. Çünki Türkiyədə investorlar üçün müxtəlif şəraitlər yaradılır və Türkiyə investorların cazibəli ölkəsinə çevrilib. Azərbaycan da bundan müəyyən dərslər çıxarmalı, investorlar üçün daha cazibəli ölkə olmaq üçün 1990-cı illərdən bəri həll edə bilmədiyimiz xroniki problemlərdən - inhisarçılığa, məmurların biznesə müdaxiləsinə və məhkəmə sisteminə əl gəzdirməlidir. Mənim üçün perspektivi yaxşı olan bir məsələ də ondan ibarətdir ki, Azərbaycan Türkiyə ilə daha da yaxınlaşdıqca, bunun Azərbaycanın daxilindəki islahatara da təsiri olacaq. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili “iqtisadi və hüquqi reform ili” adlandırıb. Bu da o deməkdir ki, Türkiyədə çox ciddi hüquqi və iqtisadi islahatların olması gözlənilir. Bunun bənzərinin Azərbaycanda da baş verməsi, Azərbaycanın həm iqtisadi potensialını, həm siyasi çəkisini artıra, həm də beynəlxalq əlaqələrini çox ciddi şəkildə möhkəmləndirə bilər”.

Müəllif: Mərahim Nəsib