Sabiq DİN məmuru əlində dəlil və sübutlar olduğunu bildirib
Belarus Daxili İşlər Nazirliyinin (DİN) döyüş qrupu olan “Almaz”ın komandirinin keçmiş müavini İqor Makar Dövlət Təhlükəsizlik Komitəsi (DTK) barədə iddia irəli sürüb. AYNA xarici mediaya istinadən bildirir ki, sabiq təhlükəsizlik məmurunun sözlərinə görə, DTK rusiyalı politoloq, İqtisadiyyat Ali Məktəbinin (HSE) dosenti Andrey Suzdaletsevin qətlini planlaşdırıb.
“Andrey İvanoviç Suzdaltsevi fiziki olaraq aradan götürməyin planlaşdırıldığına dair əlimdə dəlil və sübutlarım var. Bu barədə qeydim olmasa da, məhkəmədə şəxsən mənbəm tərəfindən təsdiqlənəcək. Rusiya Federasiyasının buna reaksiya verəcəyinə çox ümid edirəm. Ümid edirəm ki, dünya birliyi, xüsusən Avropa Birliyi və ABŞ buna reaksiya verəcək”, - deyə Makar vurğulayıb.
Suzdaltsev də öz növbəsində, Belarus DİN-in keçmiş işçisinin əlində olan məlumatlara etibar etdiyini söyləyib. Politoloq deyib ki, qətlə yetirilən jurnalist Pavel Şeremet ilə yaxşı münasibətləri olub: “Bu səbəbdən hər ikimizin Belarus xüsusi xidmət orqanlarının potensial hədəfləri siyahısında olmamıza təəccüblənmirəm”.
Qeyd edək ki, bu gün Makar Şeremetin öldürülməsi hadisəsində ifadə verməyə hazır olduğunu Ukrayna Baş Prokurorluğuna bildirib. O, hələ 2020-ci ilin dekabrında Ukrayna tərəfinə Belarus DTK-nin keçmiş rəhbəri Vadim Zaitsevin iştirakı ilə bir jurnalistin planlaşdırılan qətli barədə səs yazısı olan qeydi Ukrayna tərəfinə təhvil verdiyini təsdiqləyib.
Həmin səs yazısında bildirilir: “Şeremet üzərində işləmək lazımdır, kimdir ki, o?. Bu siçovulun əlinin, ayağının yığılması üçün bir açar hazırlayaq”.
Xatırladaq ki, jurnalist Şeremet 2016-cı ildə Kiyevdə avtomobilinin partladılması nəticəsində ölüb. Ukraynada Donbasdakı müharibənin üç iştirakçısı saxlanılıb və qətlin təşkilində günahlandırılıb. İstintaqın məlumatına görə, jurnalisti qətlə yetirməkdə məqsəd Ukraynadakı vəziyyəti qarışdırmaq olub.