ABŞ və Çin liderlərinin Busan şəhərində görüşü 1 saat 40 dəqiqə çəkib
Bu gün Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində görüş keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Danışıqlar təxminən 1 saat 40 dəqiqə davam edib.
Amerika televiziya kanalları Tramp və Cinpinin danışıqların aparıldığı binadan birlikdə çıxdığını göstərib. İki lider binadan çıxıb, danışmağa davam edib və əl sıxıblar. Tramp Si Cinpini maşınına qədər müşayiət edib.
Görüşün əvvəlində, jurnalistlər üçün açıq olan giriş hissəsində Si Cinpin ikitərəfli münasibətlərin inkişafına çağırıb və Çinlə ABŞ-ın bir-birinə uğur və rifah əldə etməyə kömək edə biləcəyinə ümid etdiyini deyib.
O həmçinin iki ölkənin danışıqçılarının əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı əsas razılığa gəldiyini qeyd edib.
Tramp isə Çin lideri ilə bu görüşün çox uğurlu olacağına əminliyini bildirib.
Qeyd edək ki, Cinpin və Tramp sonuncu dəfə 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.
Məlumata görə, ABŞ lideri Cənubi Koreyada Cinpinlə danışıqları zamanı Tayvan məsələsini qaldırmayıb. Bunu Amerika lideri özü də təsdiqləyib.
Dövlət başçısı Busandan Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə deyib ki, "Tayvan müzakirə olunmayıb". ABŞ Prezidenti daha sonra görüşü yüksək qiymətləndirib.
Tramp həmçinin qeyd edib ki, Ukraynadakı münaqişəni həll etmək üçün Çin lideri ilə birlikdə çalışacaq.
"Ukrayna məsələsində birlikdə işləyəcəyik. Başqa edə biləcəyimiz çox şey yoxdur", - deyə o bildirib.