"Masada o qədər də çox məsələ yoxdur. Əgər bunların diplomatik yolla necə həll olunacağını başa düşsək, tezliklə həll yolu tapıla bilər"
“Rusiya və Ukrayna ABŞ-ın köməyi ilə hərbi münaqişəyə diplomatik yollarla son qoymağa yaxındırlar”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ lideri Donald Trampın “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etməsindən sonra Vaşinqtona səfər edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
"Prezident Volodimir Zelenski cəbhə xətti boyunca döyüş əməliyyatlarının dondurulmasından danışdığımızı qəbul edərək ciddi bir addım atdı. Onun əvvəlki mövqeyi Rusiyanın Ukraynadan tamamilə çıxması idi. Ona görə də, əslində düşünürəm ki, diplomatik həll yolu hazırlamağa olduqca yaxınıq", - Dmitriyev CNN-ə verdiyi müsahibədə bildirib.
Dmitriyevin Vaşinqtona səfəri ABŞ Prezidentinin Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar elan etməsi ilə əlaqədardır. Bu sanksiyalar Vladimir Putinə müharibəni dayandırmaq üçün təzyiq göstərmək məqsədi daşıyır. Bu addıma baxmayaraq, Dmitriyev Rusiya ilə ABŞ arasında dialoqun davam edəcəyini bildirib: "Bu, əlbəttə ki, yalnız Rusiyanın maraqları nəzərə alındıqda və hörmət edildikdə mümkündür".
Dmitriyev “Fox”a verdiyi müsahibədə Kremlin nöqteyi-nəzərindən Ukrayna sülh prosesində üç əsas məsələni qeyd edib. Birincisi, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin formatı, ikincisi "rus əhalisi ilə bağlı ərazi məsələsi", üçüncüsü isə Ukraynanın neytral statusudur. Putinin nümayəndəsi bildirib ki, "masada o qədər də çox məsələ yoxdur. Əgər bunların diplomatik yolla necə həll olunacağını başa düşsək, tezliklə həll yolu tapıla bilər".
Eyni zamanda, Dmitriyev bildirib ki, onun fikrincə, Kiyev "Britaniyalılar və avropalıların" təşəbbüsü ilə Rusiya ilə danışıqları "gecikdirir və pozur". O həmçinin bildirib ki, ABŞ sanksiyaları və Rusiyaya qarşı digər "dost olmayan tədbirlər" Rusiya iqtisadiyyatına "tamamilə heç bir" təsir göstərməyəcək və məhdudiyyətlərin nəticələrini əsasən amerikalılar benzin qiymətlərinin artması ilə hiss edəcəklər.