Diqqət: Ay və Günəş tutulmaları bizə nə vəd edir?

Maraqlı

25.05.2021 - 14:18

Astroloq: “Bu təsiri hiss etmək istəməyənlər bir stəkan suyu əlləri arasında tutaraq, bildikləri “Quran” ayələrini oxuduqdan sonra qurtum-qurtum içsinlər”

 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu il iki Günəş, iki Ay tutulması baş verəcək. İlk Ay tutulması may ayının 26-da, ikinci Ay tutulması isə noyabrın 19-da baş verəcək. 1-ci Günəş tutulması iyunun 10-da, 2-ci Günəş tutulması isə 2021-ci ilin 4 dekabrında baş verəcək. Sözügedən təbiət hadisəsinin insanların sağlamlığına, bir-biriləri ilə münasibətlərinə, iş həyatlarına təsiri ilə bağlı xoşagəlməz proqnozlar səsləndirilir.

 

AYNA-nın həmsöhbəti, astroloq Fridun Qurbansoy söyləyib ki, Günəş və Ay tutulmaları hər il baş verən təbiət hadisəsidir: “Ay və Günəşin tutulması təbiət hadisəsidir. Hər il ən azı iki-üç dəfə Günəş və Ay tutulmaları olur. Bu tutulmalar bəzən tam, bəzən isə qismən olur. Elə ola bilir ki, tutulmalar müəyyən ərazilərdən görünmür. Həm də bu, saatlarla olan bir şey deyil, tutulmalar bir neçə dəqiqə müddətində baş verir”.

No description available.

Mütəxəssis bildirib ki, şəriətdə bu tutulmalarla bağlı müvafiq namaz və dualar var: “Maraqlananlar şəriət kitablarından tapa bilərlər. Buna “husuf” və “küsuf” deyirlər. Husuf Ay tutulması, küsuf Günəş tutulmasıdır. Tutulma olan müddətdə ola bilsin ki, insanların bədənində bir qorxu simptomları əmələ gəlsin. Bu, özünü səpgilər, ürək döyüntülərinin artması ilə və s. göstərə bilər. Yəni sıradan təbiət hadisəsi olsa da, insanlara təsirsiz ötüşmür”.

 

“Xüsusən də meteohəssas insanlarda bu, daha güclü olur. Bu təsiri hiss etməmək istəyənlər bir stəkan suyu əlləri arasında tutaraq bildikləri “Quran” ayələrini oxuduqdan sonra qurtum-qurtum içə bilərlər. Bunun nəticəsində sözügedən təbiət hadisələrinin ehtimal olunan mənfi təsirləri həmin adamdan yan keçir. Günəş tutulmasının təsadüf etdiyi günlərdə məsləhətdir ki, elçi getmək, kəbin kəsdirmək kimi işlər təxirə salınsın”, - deyə Qurbansoy vurğulayıb.

 

“Qanlı Ay tutulması” başlığı altında verilən təlaşlı proqnozlara qaldıqda isə astroloq qeyd edib ki, bunların heç bir əsası yoxdur: “Kimlərsə bunu diqqət çəkmək üçün edirlər. Yaxud dostumuz Zirəddin Rzayev Moskvadan müəyyən proqnozlar verir, onları da hansısa formada şişirdirlər. Cəlbedici başlıqlarla verilən həmin yazıları oxuduqda da görürsən ki, ciddi bir şey yox imiş. Yəni bizi qorxulu nəsə gözləmir. Təlaşlanmağa heç bir əsas yoxdur”.

 

Qeyd edək ki, 1-ci Ay tutulması sabah, yəni 26 mayda baş verəcək. Bu, tam Ay tutulması olacaq. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

 

2-ci Ay tutulması 2021-ci il 19 noyabr tarixində baş verəcək. Bu, qismən Ay tutulması olacaq. Tutulma hadisəsi 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

 

1-ci Günəş tutulması iyunun 10-a təsadüf edəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali/Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okeanı və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

 

2-ci Günəş tutulması isə 2021-ci ilin 4 dekabrında baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktida müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Müəllif: Aləmdə Nəsib