Əli Məsimli: “Digər kommunal xidmətlərin də qiyməti qalxacaq”
Azay Quliyev: “Sosial şəbəkələrdə də “Azəriqaz”la bağlı şikayətlər yayılır”
“Digər kommunal xidmətlərin də qiymətində artım qaçılmazdır”. AYNA xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, suyun qiymətinin artması son deyil: “Digər kommunal xidmətlərin də qiyməti qalxacaq. Təklif edirəm ki, qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilsin".
Millət vəkili Azay Quliyev isə qaz sayğacları ilə bağlı yaranan problem gündəmə gətirib.
Deputat deyib ki, bu barədə çoxlu şikayətlər var: ““Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır. Sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyatı çox olur. Təklif edirəm ki, biz bunun həllini tapaq. Bəlkə “Azəriqaz”ın rəhbər şəxslərinin təmsil olunduğu bir İşçi Qrup yaradılsın. Şikayət edən vətəndaşlar da bu İşçi Qrupda təmsil olunsun”.
“Yaxşı olar ki, bu kimi dövlət təşkilatlarında İctimai şuralar yaradılsın. Çünki bu barədə şikayətlər çoxdur. Sosial şəbəkələrdə də “Azəriqaz”la bağlı şikayətlər yayılır. Bu məsələ öz həllini tapmalıdır”, - Quliyev əlavə edib.