Deputatdan Baş Nazirə çağırış: “Bu layihələrə dəstək verilsin”

Cəmiyyət

02.06.2020 - 11:44

Qənirə Paşayeva: “Suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”

 

Milli Məclisin bu gün keçirilən iclasında fermerlərin su problemi məsələsi gündəmə gətirilib. AYNA xəbər verir ki, deputat Qənirə Paşayeva deyib ki, kənd təsərrüfatının inkişafı istiqamətində Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil.

 

Onun sözlərinə görə, il quraq keçərsə, məhsuldarlıq çox aşağı olacaq. “Təmsil etdiyim Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram”, - deyə Paşayeva qeyd edib.

 

Deputat bildirib ki, layihələrdən biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir: “Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır. Hörmətli Baş Naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram. Çünki, bu məsələlər çox önəmlidir”.

Müəllif: Ayna.az