Razi Nurullayev və tərəfdarları “Zoom” formatında qurultay keçiriblər
Bu gün deputat Razi Nurullayev və tərəfdarları “Zoom” formatında qurultay keçirərək Milli Cəbhə Partiyası (MCP) yaradıblar. AYNA xəbər verir ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adından imtina edilib. Ali tədbirdə yeni partiyanın sədri R.Nurullayev seçilib.
Qeyd edək ki, Nurullayev bir neçə il öncə Əli Kərimlinin sədri olduğu AXCP-dən istefa verdi. Bundan sonra o, təşəbbüs qrupu yaradaraq əsl AXCP-çilərin onun tərəfdarları olduğunu iddia etdi, Ədliyyə Nazirliyinə müraciət edərək partiyanın sədri kimi onun təsdiqlənməsini istədi. Amma Ədliyyə Nazirliyi belə qərar vermədi.
Bu gün keçirilən onlayn qurultayda isə təşəbbüs qrupu AXCP adından imtina edərək, partiyanın adını MCP qoyub. Məlumata görə, yaxın günlərdə MCP-nin qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müvafiq sənədlər təqdim ediləcək.
Xatırladaq ki, R.Nurullayev 2020-ci il fevralın 9-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd olub. MSK-nın yekun qərarına görə, o həmin dairədən millət vəkili seçilib.