Delimitasiyaya tezliklə başlanacaq: İrəvan Moskvaya “yox” demək gücündə deyil

Aktual

10.11.2021 - 18:15

Asim Mollazadə: “Ermənistan bölgədəki layihələrdə iştirak etmək istəyirsə, Azərbaycanın təkliflərinə “hə” deməlidir”

Asif Nərimanlı: “Moskva delimitasiya məsələsinə həm də bölgədəki vasitəçilik prinsipi çərçivəsində baxır. Anlayır ki, bu prosesi özü etməsə, Qərbin bölgəyə girişinə açıq qapı buraxmış olacaq”

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin başlaması günün əsas mövzularından biridir. İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr 2020-ci il Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Birgə Bəyanatında sərhədlərin müəyyənləşdirilməsi məsələsi əksini tapıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixində Moskvadakı görüşündən sonra ikinci üçtərəfli Birgə Bəyanatda isə bölgənin kommunikasiya xətlərinin blokdan çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması razılaşdırılıb, bunun üçün hər üç ölkənin Baş nazirinin müavinlərindən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrup bugünədək 10-a yaxın iclas keçirib. İclaslarda müəyyən razılıqların olduğu haqqında müxtəlif mənbələrdən məlumatlar var. Lakin prosesə start verildiyi müşahidə edilmir.

Azərbaycan tərəfi sülhün əldə edilməsi üçün razılaşdırılmış məsələlərin icrasına tezliklə başlamağın tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Görünür, Ermənistan prosesdən yayınmaq, zaman qazanmaq üçün müxtəlif bəhanələr uydurur. Məsələn, Paşinyan açıqlamasında deyib ki, İrəvan delimitasiya və demarkasiyaya hazırdır, guya ki, Azərbaycanın sərhəd ərazilərdə “atəşkəsi pozması” prosesin başlamasına əngəl yaradır.  Ekspertlər hesab edirlər ki, İrəvan mümkün olduğu qədər delimitasiya və demarkasiyanı ləngitməyə çalışır. Çünki sözügedən proses Ermənistanın dərhal Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Bunu isə İrəvan indiki məqamda istəmir.

Lakin Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli Birgə Bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatı isə delimitasiyanın tez zamanda başlayacağı ehtimalını gücləndirir. Belə ki, XİN-in yaydığı bəyanatda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyi vurğulanıb.

“Rusiya XİN tərəfdaşlarla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir. Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq”, - deyə rəsmi Moskva mövqeyini ortaya qoymuş oldu.

Delimitasiya və demarkasiya məsələsi ilə bağlı digər fikirlər isə bu prosesin uzun illər çəkə biləcəyi ehtimalıdır. Bəzi analitiklər hesab edirlər ki, bəzi dövlətlər 30-40 ildir ki, sərhədləri dəqiq müəyyənləşdirə bilməyiblər və bu proses hələ də davam etməkdədir. Amma o da qeyd edilir ki, əsas olan ümumi delimitasiyanın baş verməsidir. Belə olan halda dövlətlər bir-birinin ərazi bütövlüyünü qəbul edir, münasibətlər yaranır. Uzana biləcək məsələlər isə xırda detallar ola bilər. Rusiyanın “sərhədlərin delimitasiya və demarkasiyasına tezliklə başlamaq vacibdir” tövsiyyəsindən belə qənaət formalaşır ki, sərhədlərin dəqiqləşdirilməsinə qarşıdakı həftələrdə başlanıla bilər.

Milli Məclisin deputatı Asim Mollazadə də hesab edir ki, delimitasiya və demarkasiyanın həyata keçirilməsinə başlanılması uzaqda deyil. Millət vəkili AYNA-ya deyib ki, Ermənistanın elə gücü və qüdrəti yoxdur ki, Rusiyanın istəklərinə müqavimət göstərə bilsin: “Azərbaycan öz sözünü deyib, mövqeyini ifadə edib. Rəsmi Bakının istəyi tezliklə sülhün əldə edilməsi, regionda sabitliyin bərqərar olması, iqtisadi-ticari əməkdaşlığın başlamasıdır. Rusiya da bölgədə bir çox layihələrin həyata keçməsində maraqlıdır. Hesab edirəm ki, Moskva İrəvanı məcbur edəcək ki, bir çox şərtləri qəbul etsin. Bu baxımdan, delimitasiya və demarkasiyaya tezliklə başlanılması gözləniləndir”.

Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı danışıqların uzun illər ala biləcəyi fikrinə gəlincə, A.Mollazadə razılaşır ki, proses vaxt ala bilər: “Əsas məsələ Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Ermənistan bunu edəndən sonra bölgədə normal dövlətə çevrilə bilər. Rəsmi İrəvan da, erməni ictimaiyyəti, cəmiyyəti də bu reallığı anlamalıdır”.

“Ermənistan bölgədəki layihələrdə iştirak etmək istəyirsə, Azərbaycanın təkliflərinə “hə” deməlidir. Söhbət Zəngəzur dəhlizinin icrasından, iqtisadi əməkdaşlıqdan gedir. Bununla Ermənistan yaşadığı dərin sosial böhrandan xilas ola bilər. Əks halda, Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq”, - deyə deputat fikrini tamamlayıb.

Siyasi icmalçı Asif Nərimanlı isə AYNA-ya şərhində bildirib ki, Rusiyanın üçtərəfli Birgə Bəyanatda ən çox maraqlı olduğu məsələ kommunikasiyanın açılmasıdır. Analitikin sözlərinə görə, yolların açılması ilk növbədə Rusiyanın bölgədə əsas dayaq məntəqəsi rolunu oynayan Ermənistana Gürcüstan marşrutuna alternativ, siyasi və iqtisadi baxımdan daha səmərəli marşrutu əldə etməsinə şərait yaradacaq: “Digər tərəfdən, bu, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş sülhü möhkəmləndirəcək, kənar qüvvələrin, xüsusilə Qərbin bölgəyə müdaxiləsini zəiflədək. Çünki yolların açılması Azərbaycan və Ermənistan arasındakı düşmənçiliyinin keçmişdə qalması, münasibətlərin başanmasının əsas şərtidir. Kommunikasiyanın açılması üçün də sərhədlərin delimitasiyası prosesinə başlanılmalıdır. Çünki delimitasiya prosesi olmadan kommunikasiyanın açılması da əlavə problemlər yaradır. Birincisi, iki ölkə nəqliyyat əlaqələri qurursa, bir-birinin ərazisinin haradan başladığını, harada bitdiyini müəyyən etməli, tanımalıdır.  İkincisi, kommunikasiyanın açılması münasibətlərin normallaşmasının əsas şərtidirsə, buna qədər mübahisəli məsələlər də həll olunmalıdır”.

“Qarabağın bu prosesə aidiyyəti yoxdur. Fikrimcə, bu məsələ Azərbaycanın daxili işidir və nəyisə həll etmək üçün əsas tərəf kimi Ermənistan yox, artıq Rusiya qəbul edilir. Bu, ayrı məsələdir. Bakının əsas tələblərindən biri də sərhədin delimitasiya edilməsidir və kommunikasiyanın açılmasında maraqlı olan Rusiya anlayır ki, bu proses ən azı başlanmadan istəyinə nail ola bilməyəcək. Bu baxımdan, prosesin maksimum tez başlanmasına çalışır”, - deyə Nərimanlı vurğulayıb.

Onun sözlərinə görə, Moskva delimitasiya məsələsinə həm də bölgədəki vasitəçilik prinsipi çərçivəsində baxır: “Anlayır ki, bu prosesi özü etməsə, Qərbin bölgəyə girişinə açıq qapı buraxmış olacaq. Münaqişənin həllindən kənarda qalan və bununla bölgədə təsir imkanları zəifləyən Qərb üçün də delimitasiya yeni şans hesab oluna bilər. Moskvanı tələsdirən amillər bunlardır və hesab etmək olar ki, proses tezliklə başlayacaq. Fikrimcə, planlaşdırılan üçtərəfli görüşdə iki aktual gündəm ola bilər. Birincisi, kommunikasiyanın açılması üzrə qrafikin təsdiqlənməsidir. İkincisi, sərhədin delimitasiyası ilə bağlı niyyət bəyanatının qəbul edilməsidir. Paşinyanın görüşdən yayınması, Kremlin bu həftəyə təyin etdiyi görüşlə bağlı sonradan açıqlamasının dəyişməsi də bu fikri gücləndirir. Görünür, Ermənistan məhz sərhəd məsələsində hələ də razılaşmır. Lakin fikrimcə, Moskvanın təzyiqi qarşısında çox duruş gətirə bilməyəcək və proses başlanacaq”.

“Delimitasiya və demarkasiya prosesi təbii ki, uzun çəkən prosesdir, ən azından beynəlxalq təcrübə bunu deməyə əsas verir. Məsələn, Azərbaycan və Gürcüstan arasında sərhədin hələ də delimitasiya-demarkasiya edilməmiş hissələri var, eyni problem Gürcüstan-Ermənistan arasında da mövcuddur və s. Rusiya üçün vacib olan da prosesin başlanmasına nail olmaqdır. Çünki bununla yeni vasitəçilik missiyasını əldə edir və Qərbin müdaxiləsi üçün açıq qapı buraxmır”, - analitik bildirib.

Lakin A.Nərimanlı hesab edir ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi uzun illər çəkməyəcək: “Çünki kommunikasiyaların bərpasında bir çox yollar müəyyən edilməyən sərhədlərdən keçir və bu da əlavə problem yaradır. Məsələn, Ermənistanın və Rusiyanın daha çox marağında olduğu İcevan-Qazax yolu Qazaxın işğal altında olan Bərxudarlı kəndi üzərindən keçir. Bu yolun açılması üçün həmin ərazinin də taleyinin müəyyən edilməsinə ehtiyac var. Bununla yanaşı, bölgədə “3+3” formatının reallaşması gündəmdədir. Bu əməkdaşlıq platforması “3+3” formatında olmasa belə, “2+2” formatında – Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan - baş tuta bilər. Moskva və Ankaranın əsas istəyi budur. Burada da Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, o cümlədən, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması üçün sərhədin müəyyən edilməsi lazımdır. Ermənistan üçün hazırda ən vacib prioritetlərdən biri Türkiyə ilə sərhədin açılması, Qərbə çıxış əldə etməkdir. Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğan bununla bağlı şərtini açıqladı və bildirdi ki, öncə sərhəd məsələsi həll olunmalıdır. Bu, Bakının əlini gücləndirən, İrəvanı prosesə məcbur edən amillərdən biridir. Bu baxımdan, delimitasiya və demarkasiya prosesinin uzun illər vaxt almayacağını düşünürəm”.

Müəllif: Anar Bayramoğlu