Daşlı adada niyə palçıq vulkanı püskürüb – <font color=red> ŞƏRH</font>

Aktual

05.07.2021 - 15:58

AMEA Geologiya və Geofizika İnstitutu Palçıq vulkanizmi şöbəsinin müdiri: “Bu, üçüncü dəfədir ki, həmin adada vulkan püskürür”

 

Xəzərdəki Daşlı adada palçıq vulkan püskürməsi barədə məlumat vermişdik. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli vulkanın 8 dəqiqə ərzində davam etdiyini, dərinliyinin 1,48 km, gücünün isə 2,17 ml olduğunu bildirib. Qeyd edib ki, Daşlı adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb.

 

SOCAR-ın rəsmi açıqlamasında deyilir ki, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Qurum bildirir ki, baş vermis partlayışa görə SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.

 

Xatırladaq ki, hadisə baş verən günü Xəzər dənizində güclü partlayışın baş verdiyi barədə xəbərlər yayıldı. İddialar səslənirdi ki, istismar müddəti başa çatan quyulardan birində partlayış baş verib. Lakin müvafiq qurumlar - SOCAR, Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bu iddiaları rədd edib.

 

Qeyd edək ki, dünyada olan 900 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda yerləşir. Hadisənin baş verdiyi Daşlı ada isə çoxdan mövcuddur.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda palçıq vulkanlarının sayı çoxdur: “Palçıq vulkanlarının fəaliyyətinin seysmikliklə əlaqəsi çoxdan müəyyən edilib. 1813-cü ildə Xəzərdə Yanan Tava bankəsindəki zəlzələ eyni adlı palçıq vulkanının püskürməsinə səbəb olub. Güclü zəlzələlər vulkanları püskürməyə vadar edir və bu fikir çoxsaylı faktlarla əsaslanır. Genetik baxımdan hər iki təbii hadisə yer qabığında toplanan tektonik gərginliyin təzahürüdür. Uzun illər apardığımız statistik təhlillər göstərir ki, 4-5 m maqnitudalı güclü zəlzələlər vulkanların aktivləşməsinə səbəb olur, yeraltı təkanlar püskürmənin “təhrikçisi” rolunu oynayır”.

No description available.

“Əgər enerji toplamış vulkanın ocağı zəlzələnin hiposentri (hipomərkəzi) ilə bir qırılma zonasında yerləşibsə, yaxud zəlzələ ilə vulkan arasında məsafə 80-100 km radiusundadırsa, onda bu barədə inamla fikir söyləmək mümkündür. Bununla yanaşı, hələ keçən əsrin 80-ci illərində vulkanlarda apardığımız müşahidələr göstərdi ki, zəif zəlzələlərin sonuncu “hazırlıq” mərhələsi dövrü, zəlzələ ocağına yaxın olan vulkanların fəaliyyəti aktivləşir və yer səthinə çıxarılan flüidlərin (qaz, su) bəzi komponentlərinin miqdarı anomal səviyyədə artır. Bu da baş verəcək zəlzələnin xəbərçisi kimi qəbul oluna bilər. Bu nəticə son illərdə apardığımız müşahidələrimizdə də təsdiqini tapır”, - deyə alim bildirib.

 

Onun sözlərinə görə, bu gün quruda da, dənizdə də palçıq vulkanlarının sayı çoxdur: “Vaxtaşırı olaraq bu vulkanlar püskürür. Onların püskürməsinin də müxtəlif səbəbləri var. Səbəblərdən biri zəlzələnin baş verməsi nəticəsində vulkanın oyanmasıdır. Dünən vulkan püskürməsinin baş verdiyi Daşlı adasında indiyə qədər üç dəfə vulkan qeydə alınıb. Bunun ikisi 1920-ci və 1945-ci illərdə qeydə alınıb. Bundan öncəki vulkanlarda olduğu kimi, bu dəfə də partlayış əmələ gəlib. Nəticədə qaz çıxır və alovlanır, müəyyən müddət davam edir. Ardınca isə sönərək, balaca adaya çevrilir. Bir müddət keçdikdən sonra həmin adalarda sovrulur”.

 

Əliyevin sözlərinə görə, burada qəti müddət demək mümkün deyil: “Quruda yerləşən vulkanlarla bağlı üç il öncə ehtimallar irəli sürmüşdüm. Qeyd etmişdim ki, qurudakı altı vulkan püskürə bilər. Bu günə qədər artıq onun beşi püskürüb. Nəzərə almaq lazımdır ki, zəlzələ və vulkanlar haqqında heç kim dəqiq proqnoz verə bilməz. Sadəcə ehtimallar irəli sürmək olar. Bu mənada yenidən palçıq vulkanının püskürəcəyi barədə qəti söz demək mümkün deyil. Bu, təbiət hadisədir və təbii yanaşmaq lazımdır”.

 

Professor qeyd edib ki, süxur qırıntıları olmayanlar təzahür adlanır: “Ki, ölkəmizdəki 350 vulkanın 76-sı təzahürdür. Palçıq vulkanları milli dəyərimiz və təbii sərvətimizdir. Hələ keçən əsrin 20-ci illərində Abşeron yarımadasının görkəmli tədqiqatçısı, professor Dmitri Qolubyatnikov palçıq vulkanını xərcsiz başa gələn kəşfiyyat quyusu adlandırmışdı. Bu quyunun dərinliyi bəzən 10-12 km-ə çatır. Bu isə o deməkdir ki, vulkanın Yer səthinə çıxardığı dağ süxurları, qazlar, minerallaşmış sular, bir növ yer təkinin “vizit kartıdır”. Azərbaycanın quruda, xüsusən də dənizdə aşkar edilmiş və istismarda olan zəngin neft-qaz yataqlarının əksəriyyəti palçıq vulkanı strukturları ilə əlaqəlidir. Beləliklə, palçıq vulkanı təbii kəşfiyyat quyusu kimi yerin dərin qatlarında karbohidrogen yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Məhz buna görə də onların elmi cəhətdən öyrənilməsi böyük əhəmiyyət daşıyır. Möhtəşəm, görkəmli, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm obyektidir. Nəhayət, qeyd etdiyim kimi, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə genetik əlaqəlidir”.

Müəllif: Azər Niftiyev