Artıq bir neçə mərkəzin tikintisinə başlanılıb
“Bölgələrdə xidmətlərimizdən yararlanan vətəndaşların istəyi və tələbləri nəzərə alınaraq, bu il ərzində yeni “ASAN Xidmət” mərkəzlərinin açılması planlaşdırılıb. Artıq bir neçə mərkəzin tikintisinə başlanılıb”.
AYNA xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, Bakıda iki, Tovuz, Balakən, Kürdəmir və Ağcabədi rayonlarının hər birində bir "ASAN Xidmət" mərkəzinin açılması nəzərdə tutulub.
“Bakıda, həmçinin tələbata uyğun olaraq yeni “ASAN Kommunal” da fəaliyyətə başlayacaq. Bundan başqa, Qubada ABAD qablaşdırma fabriki açılacaq. Yeni İNNOLAND mərkəzinin açılması, “Silikon vadisi”ndə Azərbaycan İnnovasiya evinin və beynəlxalq “Startapfest” tədbirinin keçirilməsi də əsas hədəflərdəndir”, - Mehdiyev bildirib.
Qeyd edək ki, sonuncu “ASAN Xidmət” ötən il Şamaxıda fəaliyyətə başlayıb.