Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində İbrahimov Mayıl Fikrət oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar olunub.
Müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.