Çin höküməti mənbəyi Vuhandan başlayan Covid-19-la bağlı araşdırmalara nəzarət etməyə başlayıb
Çinin Hubey vilayətindən dünyaya sürətlə yayılan koronavirusla mübarizə davam edir. Çin virusu yendiyini bəyan etsə də, indi ölkədə başqa mövzuda mübahisə başlayıb.
AYNA xarici mediaya əsasən xəbər verir ki, Çin höküməti mənbəyi Vuhandan başlayan Covid-19-la bağlı araşdırmalara nəzarət etməyə başlayıb.
Belə ki, ölkədə virusun yaranması, yayılmasına dair bütün araşdırmalar hökümətin senzurası ilə qarşılaşdıqdan sonra yayılacaq. Artıq bir neçə elmi araşdırmaya dair məqalələrin nəşrinə qadağa qoyulub. Akademik tədqiqatlara qarşı yaradılan məhdudiyyətlər çinli alimlərin etirazına səbəb olub.
Hökümətin yeni siyasətinə əsasən, Covid-19-a aid bütün elmi sənədlər dərc olunmazdan əvvəl xüsusi komissiyadan keçəcək. Virusun mənşəyi ilə bağlı araşdırmalar üzərində yenidən əlavə araşdırma aparılacaq, təsdiqini alanların nəşrinə izn veriləcək. Covid-19 hadisələrinin klinik analizini beynəlxalq tibb jurnalında yayımlamaq üçün riyazi tədqiqatçıları ilə əməkdaşlıq edən Honq-Konqdakı bir tibb mütəxəssisi, belə senzuranın fevral ayından fəaliyyət göstərdiyini təsdiqləyib.
Dünyada 100 000-dən çox insanın həyatını itirdiyi və 1,7 milyon insanın xəstələnməsinə səbəb olan Covid-19-a dair tədqiqatlara qarşı yönələn yoxlamaya Çin hökümətindən belə rəsmi cavab gəlib: “Covid-19 ilə bağlı araşdırmalarda kifayət qədər ciddi iddialar və mübahisələr yarandığından bu qərar alınıb. Bu səbəbdən belə araşdırmaların yoxlanması sərt qaydalarla nəzarətə götürülüb”.
Maraqlısı ondadır ki, Covid-19-un elmi araşdırılmasının yoxlanma qaydasına dair sənədlər bir müddət əvvəl Çinin nüfuzlu “Fudan” Universitetinin, daha sonra Vuhandakı “Geoscience” Universitetinin rəsmi internet səhifəsinə yerləşdirib. Ancaq az sonra həmin sənədlər internet səhifələrdən yığışdırılıb. Güman edilir ki, hökümət çinli alimlərin ciddi etirazı ilə qarşılaşıblar.