Praqaya təxminən 500 kənd təsərrüfatı texnikası gəlib
Çex fermerlər traktor və digər kənd təsərrüfatı texnikaları ilə Praqaya etiraz aksiyasına toplaşıblar. AYNA xəbər verir ki, bu barədə Çexiya polisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Praqaya təxminən 500 kənd təsərrüfatı texnikası gəlib. Bu, hələlik tıxac yaratmayıb”, - qeyd olunub.
Bildirilib ki, fermerlər Avropa İttifaqının və Çexiya hakimiyyətinin kənd təsərrüfatı siyasəti ilə razılaşmamaq əlaməti olaraq Praqaya əsas girişləri bağlamaq niyyətindədirlər.
“Biz Fermerik” Assosiasiyasından olan aksiyanın təşkilatçılarının fikrincə, nə Avropa, nə də Çexiya siyasətçiləri kənd təsərrüfatı istehsalçılarının narahatlığını nəzərə alır. Onların qənaətincə, Avropada kənd təsərrüfatı məhv olur.
Eyni zamanda, iri kənd təsərrüfatı təşkilatlarının, xüsusən də Kənd Təsərrüfatı İttifaqının, Fərdi Fermerlər Assosiasiyasının və Aqrar Palatanın rəhbərləri “Praqanın blokadası”nda iştirak etməkdən çəkinirlər. Onlar fevralın 22-nə planlaşdırılan aksiyada digər Aİ ölkələrindən olan həmkarları ilə birlikdə etirazlarını bildirmək niyyətindədirlər.