Büdcə müzakirəsində deputatlar problemləri dilə gətirdilər: “Hanı kürü?”

Cəmiyyət

11.11.2021 - 17:40

Millət vəkili: “Qalib dövlətin hərbi qulluqçuları bu möhtəşəm zəfərə layiq şəkildə yaşamalıdırlar”

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Müzakirə zamanı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2022-ci ilin dövlət büdcəsi 30 illik müstəqillik tariximizin ən böyük büdcəsidir.

“Azərbaycan həm Vətən müharibəsi zaman, həm vətən müharibəsindən sonra böyük vəsaitlər xərcləsə də, hazırki büdcənin həcmi Azərbaycan dövlətinin nə qədər qüdrətli olmasının bariz nümunəsidir”, - Ə.Hüseynli bildirib.

Nazir: “Büdcə layihəsində vacib prioritetlərdən biri sosial layihələrdir”

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov deyib ki, beş illik sosial-iqtisadi inkişaf üçün strategiya artıq hazırlanıb: “Sənəd Azərbaycan Prezidenti tərəfindən baxıldıqdan sonra büdcə siyasətində müəyyən dəyişikliklər edilə bilər. 2022-ci il dövlət büdcəsi layihəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, məcburi köçkünlərin mərhələli şəkildə məskunlaşdırılması, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi öz əksini tapıb. Büdcə layihəsində vacib prioritetlərdən biri sosial layihələrdir. Sosial sahəyə ayrılan vəsaitin məbləği 13,5 faiz artırılacaq. Bunun 60 faizi əmək haqlarının ödənilməsinə yönəldiləcək. Sosial müavinətlərin, pensiyaların artırılması nəzərdə tutulub”.

“2021-ci ilin büdcəsinin icrasında ləngimələr var”

“Azərbaycanda cari ilin büdcəsinin icrasında ləngimələr var, bunu etiraf etməliyik. Bu investisiya amilləri ilə bağlıdır. Burada subyektiv amillər də rol oynayır. Bu ilin sonuna qədər proqnoza nisbətən büdcədən 1,3 milyard manata qədər vəsaitin icra olunmaması gözlənilir. Bununla belə, deyə bilərəm ki, 2021-ci ilin büdcəsinin icrasında yüksək göstəricilərə nail olmuşuq. Xarici ticarət dövriyyəmizin həcmi artıb”, - deyə S.Şərifov əlavə edib. Nazir büdcə müzakirələrinin faydalı və konstruktiv olacağına ümid etdiyini bildirib.

Ombudsman hökumətdən əlavə vəsait istədi

İclasa qatılan İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib ki, 2022-ci ilin dövlət büdcəsi sosial yönümlüdür: “Hesab edirəm ki, büdcə layihəsi insan hüquq və azadlıqlarının qorunması istiqamətində hazırlanıb. Bu gün insan hüqualarının səmərəli qorunmasına dövlət tərəfindən lazımi dəstək göstərilir.düşünürəm ki, bir sıra məsələlərin həlli ilə bağlı Ombudsman təchizatına əlavə vəsaitin ayrılması zəruridir”.

Deputat çıxışından sonra qohumunun polislər tərəfindən saxlanılmasına etiraz etdi

“Bizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik”, - deyə çıxışına başlayan deputat Tahir Kərimli deyib ki, Milli Məclisdə tənqidi çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb: “Buna ehtiyac yox idi, onunla nə işləri var?! Problemlərə gəlincə, problem çoxdur. Məsələn, Azərbaycanda balıqçılıq bərbad vəziyyətdədir. Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir? Hesab edirəm ki, bu sahəyə diqqət yetirilməlidir. Bununla yanaşı, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Qalib dövlətin hərbi qulluqçuları bu möhtəşəm zəfərə layiq şəkildə yaşamalıdırlar".

Deputat: “Polislərdən aşağı zabit heyətinin maaşının da iki dəfə artırılmasına ehtiyac var"

Deputat Qüdrət Həsənquliyev siyasi partiyalara ayrılan vəsaitdən gileylənib. Onun sözlərinə görə, partiyalara vəsait çox ədalətsiz bölüşdürülür: “Ayrılan vəsait daha çox hakim partiyaya çatır. Bu gün dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür. Əslində isə azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda, dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”.

“Polislərdən aşağı zabit heyətinin maaşının da iki dəfə artırılmasına ehtiyac var. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı artırılmalıdır, onların maaşı aşağıdır. Qlobal iqlim dəyişmələri, yanğınların artması təhlükəsini nəzərə alsaq, FHN üçün yeni təyyarələrin və vertolyotların alınmasına da ehtiyac var”, - millət vəkili əlavə edib.

Millət vəkili pensiya yaşının artırılmasına etiraz edir

“Azərbaycan vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyir”, - deyən Z.Oruc pensiya yaşının artırılmasını da düzgün saymadığını söyləyib. Millət vəkili qeyd edib ki, 1990-cı illərdə pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır: “Dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir. Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”.

“Azərbaycanda əhalinin 30 faizindən çoxu paytaxtda yaşayır. Kommunal xidmətlərin 40 faizə qədəri Bakıda istifadə edilir: “Bakının yüklənməsi iqtisadi, sosial, nəqliyyat və digər problemlər doğurur. Bakının yüklənməsi artıq sosial-psixoloji fenomenə çevrilib və cəmiyyəti hökumətin bu sahədə atacağı addımlar maraqlandırır”, - deyə Z.Oruc bildirib.

Maliyyə naziri: “Yalnız şüarlar əsasında o qanunun qəbulu olduqca risklidir”

Deputatların qaldırdığı məsələlərin bəzilərinə münasibət bildirən maliyyə naziri Samir Şərifov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun maliyyə təminatını düzgün qiymətləndirmək lazımdır: “Bununla bağlı hökumətdə müzakirələr aparılır. Köhnə qanunda nəzərdə tutulan bir sıra müddəaların yerinə yetirilməsi mümkün olmayıb. Tutaq ki, yerli icra hakimiyyətlərinin hərbi qulluqçulara ev verməsi nəzərdə tutulmuşdu. Amma bu, reallaşmadı. Yalnız şüarlar əsasında o qanunun qəbulu olduqca risklidir”.

Nazir iqtisadiyyatın transformasiyasına aydınlıq gətirib. S.Şərifov bildirib ki, biz uzun illər Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığı barədə müzakirə aparmışıq: “Hökumət qeyri-neft sektorunun inkişafında maraqlıdır. Lakin dünyada baş verən proseslər, xüsusən iqlim dəyişikliyi reallığı var. Artıq beynəlxalq miqyasda bir sıra razılıq əldə olunub. Bir çox dövlət müxtəlif öhdəliklər götürüb. Söhbət əsasən, istixana qazlarının məhdudlaşmasından gedir. Bu, neft və qaz hasil edən ölkələr üçün olduqca ciddi çağırışlar yaradır. Artıq müxtəlif proqnozlar mövcuddur. Proqnoz odur ki, dünyada tədricən karbohidrogen yanacaqlarından istifadə azalacaq. Biz də bunu nəzərə almalıyıq. Daxili yanma mühərriklərindən elektrik mühərriklərinə keçid baş verir. Daxili yanma mühərriklərindən dünya miqyasında imtina olunarsa, dünyada neftə olan ehtiyac da azalacaq. Bu isə iqtisadiyyatımıza təsirsiz qalmayacaq. Biz bununla bağlı tədbirlər görürük. Ona görə də müvafiq sosial-iqtisadi inkişaf strategiyası hazırlanıb. Bu proseslərin nəticəsində bizim iqtisadi strukturumuzda da transformasiya gedəcək. Söhbət bu təhdidlərin qarşılığında iqtisadiyyatımızı qeyri-neft sektoruna keçirəcəyimizdən gedir. Tarixən Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub. Hazırda bu proseslər neft sahəsinə də təsirini göstərəcək. İqtisadiyyatın transformasiyası dedikdə bunu nəzərdə tuturuq”.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşları artırılacaq

S.Şərifov hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarının artırılacağını bildirib: “Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq”.

“Prezident hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, dövlət borcumuzu ümumdaxili məhsulun 10 faizi həcminə endirək. Bizim dövlət borcumuz yüksək deyil, Hesablama Palatası da bunu qeyd edir”, - deyən S.Şərifov vurğulayıb ki, xarici dövlət borcunun ümumi borcda çəkisinin azaldılması, daxili borcun artırılması da qarşıya məqsəd kimi qoyulub: “Qiymətli kağızlar, istiqrazlar şəklində girovların yaradılması istiqamətində işlər gedir. 2018-ci ildə dövlət borcu barədə strategiya qəbul edilib, cari ildə bu strategiyanın yenilənməsi nəzərdə tutulur”.

Müəllif: Anar Bayramoğlu