Bu yay Xəzər “cana susayacaq” – <font color=red> EHTİYATLI OLAQ!</font>

Cəmiyyət

22.05.2020 - 23:00

Yeni məhdudiyyətlər çimərliklərdə qiymətlərin bahalaşmasına və insanların qorunmayan məkanlara üz tutmalarına səbəb olacaq

 

Yaxın gələcəkdə kimlərinsə istirahət üçün ölkəni tərk etməsi ehtimalı azdır, buna görə də bu yay yerli çimərliklərdən başqa alternativ yoxdur. Lakin bu çimərlik mövsümündə istirahət edənləri yeniliklər gözləyir - çimərliklərə getmək üçün elektron icazə almaq və sosial məsafəni saxlamaq lazım gələcək. Ancaq həm ekspertlər, həm də sadə vətəndaşlar bunlara şübhə ilə yanaşırlar.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında deyib ki, çimərliklərdə xüsusi qaydaları gözləmək çətindir: “Koronavirus pandemiyası həyatın bir çox sahəsinə düzəlişlər etdiyi kimi, çimərliklərdən də yan keçmədi. Amma reallıqda bir çox qaydalar yalnız kağızda qalacaq, çünki hamı da olmasa, əksəriyyət çimərliklərdəki qaydaları pozacaq. Çimərliklərə baş çəkmək üçün yeni qaydalar, o cümlədən sosial məsafəni saxlamaq və çimərliklərə daxil olmaq üçün elektron icazə sistemi barədə məlumatı gördüm. Lakin bu, heç bir nəticə verməyəcək. Təkcə Şıxov çimərliklərinin bəzi yerlərində 10 min adam olur. Bu çimərliyin hər kəsi qonaq etməsi və qonaqlar arasında iki metr məsafə saxlanması üçün nə qədər sahəsi var? Duş və soyunma otaqlarında növbələr necə olacaq? Suda bir-birilərindən iki metrlik sosial məsafəni necə qoruyacaqlar?”.

 

“Kütləvi tibbi müayinədən sonra çimərliklərə daxil olmaq üçün icazənin verilməsi təklifi də irəli sürüldü. Bu, əlbəttə ki, qeyri-real və daha qəribə olardı. Bəlkə, ilk olaraq koronavirus testindən keçənlərə çimərliklərə daxil olmaları üçün icazə verilsin. Ancaq bu vəziyyətdə dəqiq nə etmək lazım olduğu barədə həkimlər təklif irəli sürə bilərlər, ancaq onlar da öz üzərlərinə məsuliyyət götürmək istəmirlər. Prinsipcə, ölkəmiz kollektiv toxunulmazlığın inkişafında maraqlı olmalıdır. Koronavirus, əbədi olmasa da, uzun müddət bizimlə olacaq və bu düşüncəyə alışmaq lazımdır”, - həmsöhbətimiz bildirib.

Xahiş olunur, ara məsafəsini gözləyin

Özəl çimərliklərdəki qiymətlərə gəldikdə, Ağayev hesab edir ki, yeni qaydalara riayət etmək ehtiyacı səbəbindən qiymətlərdə artım olacaq: “Bu da ziyarətçilərin sayının azalması və əlavə xərclər deməkdir. Belə deyək, əvvəl 30 manat ödənilən yerlərə indi 50 manat ödəməli olacaqlar. Buna görə də bir çox vətəndaşlar, təhlükəli olmasına baxmayaraq, qorunmayan çimərliklərdə üzməyə üstünlük verəcəklər”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya açıqlamasında qeyd edib ki, çimərliklərə tətbiq olunan məhdudiyyətlər xidmətlərin bahalaşmasına (şezlonqların, çətirlərin icarəsinə və s.) təsir edəcək: “Düzdür, mən müəyyən edilmiş qaydalara ciddi əməl ediləcəyinə inanmıram, xalqımız buna hazır deyil. Yalnız cərimələr onları qaydalara riayət etməyə məcbur edə bilər, ancaq bir insanın çimərlikdə iki metr məsafəni müşahidə etmədiyini sübut etmək olduqca çətin olacaq”.

 

“Buna baxmayaraq, çimərliklərdə qiymətlərin, ən azı 20% artacağını düşünürəm. İstehlakçılar yalnız razılığa gəlmək məcburiyyətində qalacaqlar, çünki bununla bağlı heç bir şey edilə bilməz. Bundan əvvəl də çoxları üçün ciblərinə uyğun deyildi, amma indi daha da çox uyğun olamayacaq”, - Hüseynov vurğulayıb.

 

AİB rəhbəri, həmçinin yabanı (qorunmayan) çimərlikləri seçənlərin sayının artacağını da ehtimal edir: “İnsanlar üzmək üçün yeni pulsuz yerlər axtaracaqlar. Lakin bu çimərliklərdə xilasetmə dəstələri yoxdur, xilasedicilər tərəfindən nəzarət edilmir, oralar təhlükəli ola bilər və suda hər hansı boğulma halları baş verərsə, heç kim boğulanı xilas edə bilməz. Bu səbəblə boğulanların sayının artacağını proqnozlaşdırmaq olar. Fövqəladə Hallar Nazirliyi bunu nəzərə almalı və daha səmərəli işləməlidir”.

 

“Bakıdan Şirvana qədər, demək olar ki, bütün dəniz sahili hasarlanıb. Sadə bir insanın açıq dəniz sahilini tapması getdikcə çətinləşir. Ya özəl çimərliklərə getməlisən, ya dəniz suyundan imtina etməlisən, ya da təhlükəli olan yerlərdə üzməlisən. Dəniz və okeana çıxışı olan çox ölkələrdə olmuşam, amma heç bir yerdə belə üzücü vəziyyət görməmişəm. Hər yerdə dənizə giriş açıqdır və insanlar orada sərbəst üzə bilərlər. Mövcud vəziyyəti düzəltmək lazımdır, lakin bu barədə çox danışılsa da, heç bir şey edilmir”, - Hüseynov əlavə edib.

Müəllif: Elya Belskaya