Birinci vitse-prezident: “Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun”
“Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edir. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm”.
AYNA xəbər verir ki, Bəhram Bağırzadə ilə bağlı bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.
“Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin”, - M.Əliyeva bildirib.
“Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin”, - paylaşımda əlavə olunub.