Bu boyda həngamə yaşanır və sahə müvəkkili onu “görmür”...

Cəmiyyət

03.07.2020 - 16:05

İcra və polis orqanlarının gözündən quş da yayına bilməzkən, baş verənlər nəyə xidmət edir?

 

Vətəndaşlar üçün gündəlik ərzaq dalınca marketlərə getmək lotereya oynamaq kimi bir şeydir – həmin gün şansın gətirə də bilər, gətirməyə də. Axı məlumdur ki, istehsalçıların bəziləri məhsullarını antisanitar şəraitdə istehsal edir və məhsulların çəkisini ağırlaşdırmaq üçün müxtəlif cür fırıldaqlara əl atırlar.

 

Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Siyəzən şəhərində toyuq kəsimi və qablaşdırılması ilə məşğul olan qanunsuz fəaliyyət göstərən iki obyekt aşkar edərək bağlayıblar. Nəsir Əhmədova məxsus müəssisədə və "Quba çolpası" brendi (Губинская курочка) altında məhsul istehsal edən sexlərdə sanitariya-gigiyena və baytarlıq-sanitariya tələblərinin kütləvi pozuntusu qeydə alınıb.

 

Müəssisələrdə kəsim və qablaşdırma, xammal və hazır məhsulların saxlanması texniki və tənzimləmə standartlarına riayət olunmadan, antisanitar şəraitdə həyata keçirilib. Bundan əlavə, obyektlərdə kəsilmiş toyuqlara su vurulub ki, bu da onların çəkisinin artmasına gətirib çıxarıb. Yoxlama nəticəsində hər iki obyektlə bağlı protokol tərtib edilərək, onların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında deyib ki, ölkədə keyfiyyətsiz toyuq ətinin satışı uzun illərdir davam edir: “2016-cı ildə AİB Ukrayna şirkətlərindən birinin məxsus toyuqda naməlum mənşəli bir mayenin olması faktını üzə çıxarmışdı. Bu toyuqların “Halal” sertifikatı var idi ki, bu da onları bir çox azərbaycanlı istehlakçıların gözündə cəlbedici edirdi”.

 

Hüseynovun sözlərinə görə, ölkədə istehlakçılar tez-tez həm keyfiyyət baxımından, həm də alınan malların çəkisi baxımından aldadılır: “İndi dövlət səviyyəsində qida təhlükəsizliyinə cavabdeh olan orqan - Qida Təhlükəsizliyi Agentliyi çox səmərəli işlər görür ki, nəticədə xeyli miqdarda keyfiyyətsiz məhsulların vətəndaşların süfrəsinə düşməsi şansı azalır. Bu istiqamətdə Daxili İşlər Nazirliyinin də uğurlu fəaliyyətini qeyd etməyə bilmərəm: zamna-zaman onlar da keyfiyyətsiz qaçaq malların bazara çıxmasının qarşısını alırlar. Lakin ölkədə bu məsələyə ictimai nəzarət zəifdir. Baxmayaraq ki, Prezident də icitimai nəzarətin əhəmiyyəti barədə dəfələrlə danışıb”.

 

Aşkarlanan toyuq istehsalı sexlərinə gəldikdə, onların bazarda öz yerləri olan iri toyuq istehsalçıları ilə heç bir əlaqəsi yoxdur. Hüseynovun vurğuladığı kimi, bu cür obyektlərin mövcud olması və müvəffəqiyyətlə fəaliyyət göstərməsi yerli icra hakimiyyəti və polis məmurlarının gözündən qırağa düşə bilməz. Yəni onlar ərazilərində nə işlər görüldüyünü bilməyə bilməzlər. Amma sexlər fəaliyyətini davam etdirirdi. Bu isə müəyyən suallar yaradır...

 

“Bu dəfə məlum oldu ki, toyuqların çəkisini artırmaq üçün ona su vurublar. Amma gələn dəfə hansısa şərəfsiz istehsalçı ərzağın piştaxta ömrünü artırmaq üçün su əvəzinə kimyəvi maddələr vura bilər ki, bu cür məhsul təbii ki, istehlakçıların sağlamlığına zərər vura bilər. Qida məhsullarının istehsalı daim ciddi diqqət mərkəzində olmalıdır. Yalnız bir şey tövsiyə edə bilərəm: toyuqları tanınmış istehsalçılardan alın və malın sertifikatını tələb edin. Məhsulun keyfiyyəti ilə bağlı şübhə varsa, Qida Təhlükəsizliyi Agentliyinin “qaynar xətt”inə zəng edin”, - AİB sədri vurğulayıb.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya açıqlamasında bu cür sexlərin fəaliyyət göstərməsinin səbəbinin korrupsiyalaşmış kiçik məmurlar olduğunu bildirib: “Sex fəaliyyət göstərirsə, məsul orqanlar orada nə baş verdiyini gözəl bilir. Toyuq kəsimi və qablaşdırılması sexi tayada gizlədilən iynə deyil ki, heç kim tapa bilməsin. Onların fəaliyyəti zamanı xeyli miqdarda elektrik enerjisi, qaz istifadə edilir ki, bu da aidiyyəti orqanlarda suallar yaratmalıdır”.

 

“O ki, qaldı yerli sahə müvəkkilinə - polis işçisinə, əgər o, həqiqətən də ərazisində nəyin baş verdiyini bilmirsə, bu, o deməkdir ki, həmin şəxs işinin öhdəsindən gələ bilmir və onu işdən azad etmək lazımdır. Yox əgər, bilirsə, onda cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin, yerli icra strukturları öz ərazilərində baş verən hər şeyi yaxşı bilirlər” - Ağayev vurğulayıb.

 

O, əlavə edib ki, ərzaq alarkən istehlakçının diqqət etməsi lazım olan yeganə şey məhsulun son istifadə tarixidir: “Alıcı qida təhlükəsizliyinin bütün incəliklərini bilməyə borclu deyil. Bu seqmentə cavabdeh olan müəyyən strukturlar var və onlar təhlükəli məhsulların bazara və müvafiq olaraq istehlakçının süfrəsinə daxil olmaması üçün tədbirlər görməlidir”.

Müəllif: Elya Belskaya