Görüş Brüssel və Vaşinqton arasında münasibətlərin bərpasına yönəlib
Brüsseldə ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında son yeddi ilin ilk sammiti keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, sammitdə Avropa İttifaqını Avropa Komissiyasının və Avropa Şurasının rəhbərləri Ursula fon der Lyayen və Şarl Mişel, həmçinin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel təmsil ediblər.
Avropa İttifaqı nümayəndəsinin məlumatına görə, görüş Brüssel və Vaşinqton arasında münasibətlərin bərpasına yönəlib.
Bundan başqa, tərəflər Rusiyaya münasibətdə siyasətin koordinasiyasını müzakirə etmək və bu ölkə ilə bağlı ikitərəfli dialoqa başlamaq niyyətindədir.
Sammitin gündəliyinə, həmçinin koronavirus pandemiyası, Çin, Belarus böhranı, Ukrayna və Qarabağ münaqişələri, İranın nüvə sazişi, Türkiyə ilə münasibətlər də daxildir.
Bildirilir ki, Avropa İttifaqı və ABŞ liderlərinin görüşündən öncə Cozef Baydenin iştirakı ilə G7 və NATO samitləri baş tutub. ABŞ Prezidenti Avropa - Amerika sammitindən sonra iyunun 16-da Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Cenevrəyə yollanacaq.