“Mən növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim”
Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey parlament üzvlüyündən istefa verdiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Mey “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Uzun, diqqətlə düşünəndən sonra başa düşdüm ki, gələcəyə baxaraq, daha doğru hesab etdiyim və seçicilərimin layiq olduğu şəkildə millət vəkili kimi işimi görə bilməyəcəm. Buna görə də mən növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim”, - sabiq Baş nazir vurğulayıb.
Xanım Mey qeyd edib ki, Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiyada işinə daha çox diqqət yetirmək istəyir.
İstefası ilə Meyin İcmalar Palatasındakı 27 illik üzvlüyü başa çatacaq.
Qeyd edək ki, Mey 2016-2019-cu illərdə Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tutub.