“Birmənalı şəkildə bildirdik ki, Böyük Britaniya tərəfindən verilən texnika Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub”
Ukrayna Kursk vilayətinin nəzarətə götürülməsi əməliyyatı üçün Böyük Britaniyadan uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadəyə icazə almayıb. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisinin nümayəndəsi "The Telegraph" qəzetinə bildirib.
“Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün hərbi yardım göstəririk. Biz birmənalı şəkildə bildirdik ki, Böyük Britaniya tərəfindən verilən texnika Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub”, - nəşrin həmsöhbəti qeyd edib.
“The Telegraph” yazıb ki, “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı qərar təkcə Britaniya hökumətindən deyil, həm də Fransadan asılıdır, çünki bu silah iki ölkənin birgə istehsalıdır. Kiyev həmçinin ABŞ-dan Kursk vilayətində hücum zamanı ATACMS raketlərindən istifadə etməyə icazə verməsini xahiş edib, lakin indiyədək bundan imtina edilib.