İki həftə ərzində tədbir görülməsə, itkilər çox olacaq
Braziliyanın ən böyük şəhərinin, San-Paulonun meri ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin ağır olduğunu, xəstələrin yerləşdirilməsi üçün xəstəxanalarda yer olmadığını, səhiyyə sisteminin çökdüyünü deyib. AYNA xarici mediaya əsasən xəbər verir ki, mer Bruno Kovas, təkcə şəhərdəki dövlət xəstəxanalarının artıq 90 faiz tutulduğunu və iki həftə ərzində tədbir görülməsə, itkilərin çox olacağını vurğulayıb.
Qeyd edək ki, hazırda dünyada pandemiyanın mərkəzi olan Braziliyanın ən çox zərər görən bölgəsi San-Paulodur ki, orada 3000 insan COVID-19-dan həyatını itirib.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 7 min 938 nəfərdə virus aşkarlanıb, ümumi yoluxma sayı 241 mindir. Son sutkada daha 485 nəfər ölüb. Ümumi ölənlərin sayı isə 16 min 118 nəfərdir.
Braziliyadakı tibb mütəxəssisləri müayinələrin olmaması səbəbindən, ölkədə təsdiqlənmiş infeksiyaların real sayının rəsmi qeydlərdən daha çox ola biləcəyi xəbərdarlığını edib.