"Müqavilə iqtisadi cəhətdən səmərəli Fələstin dövlətinin yaradılmasına konkret töhfədir”
Braziliya Fələstinlə azad ticarət sazişi imzalayıb. Sənəd on ildən artıqdır ki, ratifikasiyanı gözləyirdi.
AYNA xarici mediaya istinadən bildirir ki, ölkə hakimiyyəti bunu “İsrailin işğalı və təcavüzü ilə üzləşən Fələstin xalqına dəstək” əlaməti olaraq edib.
Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Müqavilə qonşuları ilə sülh və ahəngdar yaşaya bilən iqtisadi cəhətdən səmərəli Fələstin dövlətinin yaradılmasına konkret töhfədir".
Qeyd olunub ki, Fələstin dövlətini tanıyan və 2010-cu ildə paytaxtında səfirliyini açan Braziliya, Mercosur ilə Fələstin Muxtariyyəti arasında 2011-ci ildə imzalanmış müqaviləni də cümə günü ratifikasiya edib.
Cənubi Amerika ticarət qrupunun digər üzvlərinin buna əməl edib-etməyəcəyini gözləmək qalır.
İsrailyönlü Prezident Xavyer Miley tərəfindən qurulan Argentinanın sağçı hökumətinin bunu edəcəyi gözlənilmir.
Fələstinin Braziliyadakı səfiri İbrahim əl-Zeben Braziliyanın qərarını “cəsarətli, həvəsləndirici və vaxtında” adlandırıb.
“Bu, "Fələstində sülhü dəstəkləmək üçün təsirli bir yoldur", deyə bildirən əl-Zeben həmçinin Mercorsur ilə hazırda ildə cəmi 32 milyon dollar olan ticarətin artmağa başlayacağına ümid etdiyini bildirib.
Fələstin Dövlətinin müstəqilliyi hazırda BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınır.