“Bizi yenidən şəhid xəbərlərinə alışdırmağa çalışırlar” - POLKOVNİK

Aktual

04.08.2022 - 10:20

İlham İsmayıl: “Təxribatların arxasında dayanan da, terrorçuların ilhamvericisi də, gərginliyin yaranmasında maraqlı olan da Rusiyadır”

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Nazirliyin məlumatına görə, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb. Tədbirlərin nədən ibarət olduğu isə açıqlanmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin açıqlamasında isə bildirilib ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib: “3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir. Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir. Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.

Qeyd edək ki, avqustun 3-də baş verən təxribat son günlər ermənilərin açdığı atəşin davamıdır. Bir neçə gündür ki, istər Ermənistan tərəfindən sərhəddəki mövqelərimiz, istərsə də Qarabağda erməni separatçı-terrorçular tərəfindən mövqelərimiz atəşə tutulmaqdadır. Azərbaycan ictimaiyyəti hesab edir ki, erməni təxribatlarının qarşısı ən sərt şəkildə alınmalı, ölkəmizin ərazisindəki terrorçu qruplar təmizlənməlidir.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-ya müsahibəsində deyib ki, gərginliyin yaranması və təşkilatçılığı Rusiya, Rusiyanın Qarabağa “sülhməramlı adı altında yerləşdirilən hərbi kontingenti” ilə bağlıdır:

- Sülhməramlı adlandırılan hərbi qüvvələr bölgədə təhlükəsizliyin təmininə nəzarət etmir. Sadəcə olaraq müşayiət və müşahidə etməklə məşğuldurlar. Yeri gələndə isə separatçıların atəş açmasına şərait yaradır, dəstək göstərirlər. Bu günlərdə təxribatların daha çox olmasında maraqlı görünürlər. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Tiflisdə vasitəçisiz görüşəndən bu yana gərginlik artan xətlə gedir. Tiflis görüşü Rusiyaya çox pis təsir edib. İkincisi, Blinkenin zəngindən sonra İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün yenə vasitəçisiz planlaşdırılması məsələsi Moskvanın qəbul etmədiyi məsələlərdəndir. Bizi 1994-cü ildən 2020-ci ilə qədərki dövrdə baş verənlərə adət etdirmək istəyirlər. Atəşkəsdən Vətən müharibəsi başlayan dövrədək keçən 26 ildə yüzlərlə şəhid verdik. Bizi yenidən buna adət etdirmək istəyirlər.

- Buna son qoymaq üçün nə edilməlidir?

- Adekvat və sərt addım atılmalıdır. Yoxsa sabah təxribat Ağdərə istiqamətində olacaq, o biri gün Şuşa istiqamətində. Biz müharibəni qalib başa vurmuş ölkə və xalqıq. Qalib ölkəni və xalqı yenidən şəhid xəbərlərinə adət etdirməzlər. Azərbaycan cəmiyyəti Müdafiə Nazirliyindən bəyanat yox, hərəkət gözləyir. Bəyanatı XİN versin, Müdafiə Nazirliyi hərəkətə keçəcəyinin anonsunu verməlidir. Konkret zaman qoyulmalıdır. Özü də ki, uzun zaman yox, 72 saatlıq vaxt qoyulmalıdır. Deyilməlidir ki, 72 saat ərzində erməni silahlıları ərazilərimizdən çıxıb getsinlər. Əks təqdirdə, Azərbaycan hərbi qüvvələri həm Laçın şəhərinə, həm Zabux kəndinə, həm Sus kəndinə girəcək. Bütün məsuliyyət isə Rusiya hərbi kontingentinin və qeyri-qanuni erməni silahlı dəstələrinin üzərində olacaq. Bəyanat bu səpkidə verilməlidir.

“Bəyanata əməl edilmir”, “öhdəliklər yerinə yetirilmir” kimi ümumi ifadələr səsləndirmək lazım deyil. Bu ifadələr XİN-in bəyanatında yer almalıdır. Ordu hərəkət etməlidir. Yoxsa ruslar da, ermənilər də bizi şəhid xəbərlərinə adət etdirməyə çalışacaqlar. Təxribatların arxasında dayanan da Rusiyadır, terrorçuların ilhamvericisi də Rusiyadır, gərginliyin yaranmasında maraqlı olan da Rusiyadır. Bir il səkkiz ay ərzində Rusiya hərbi kontingenti sülh naminə bir addım da atmayıb. Əksinə, məsələni qızışdırıblar. Sərt tədbirlərdən başqa yolumuz yoxdur. Xüsusilə, Rusiya-Ukrayna müharibəsinin getdiyi zamanda Azərbaycan üçün səmərəli vəziyyət yaranıb. Ordu Laçına girməlidir.

- Son vaxtlar Azərbaycanın antiterror əməliyyatına başlayacağı barədə qeyri-rəsmi məlumatlar yayılır. Hazırkı vəziyyətdə bu addımın atılması ehtimalı nə qədərdir?

- Antiterror əməliyyatı haqqında məlumatlar sosial şəbəkələrdəki bir qrup məsuliyyətsiz şəxsin yazdıqları əsasında yayılır. Ordunun müəyyən hərəkətlənmələri, yerdəyişməsi təbii və xarakterikdir. Hərbiyə yeni çağırışçılar gəlir, onlar xidmət yerlərinə göndərilirlər və s. Buradakı “beşinci kolon”un yalandan yaydığı məlumatlardır ki, bununla Rusiyanın bizim əleyhimizə addım atmasına əsas yaransın. Təsəvvür edirsiniz, Rusiya mediası Laçında baş verən hadisəni necə təqdim edir? Yazırlar ki, “Azərbaycan-Ermənistan sərhədində Azərbaycan döyüş itkisi verib”. Bu, nə deməkdir? Laçının içərisi sərhəddir? Sonra da yazırlar ki, “Hadisə Rusiya hərbi kontingentinin nəzarətində olan ərazidə baş verib”. Hiss olunur ki, Rusiya burada təxribatlar yaradır, bundan istifadə edir.

İki gün bundan qabaq “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov erməni mediasına müsahibəsində dedi ki, “Siz də, Azərbaycan da yolunu azıb. Qarabağ Rusiyanındır”. Fikir verin, bunlar hansı fikirləri yayırlar. Zamanında belə fikirləri Jirinovski deyirdi, məlum oldu ki, bunlar Jirinovskinin yox, Putinin sözləridir. İndi də Kolerov kimiləri belə fikirlər səsləndirirlər. Demək ki, Putinin mövqeyi belədir, Kreml hesab edir ki, Qarabağ onlarındır. Biz işimizi bilməliyik, addımlarımızı atmışıq. Günahımız odur ki, məsələnin həllini 20 aydır uzadırıq. Dəmiri isti-isti döyərlər. Təəssüf ki, biz onu etmədik.

- Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi var. Təxribatlarla bağlı Mərkəzin hansısa mövqeyini, bəyanatını görmürük...

- O Mərkəz ən formal, adı olub, özü olmayan qurumdur. Sadəcə Türkiyənin könlü xoş olsun, Türkiyə inciməsin deyə yaradılmış bir mərkəzdir. Oradakı Türkiyə əsgəri də, türkiyəli mütəxəssislər də heç bir fəaliyyət göstərmirlər. 20 ay müddətində Monitorinq Mərkəzinin bir açıqlamasına rast gəlməmişik. Həmin Mərkəz də prosesləri yalnız müşahidə edir, heç bir müdaxilə edə bilmir. Təbii ki, bu cür fəaliyyət Rusiya dövlətinin maraqlarına uyğundur.

- Hazırkı vəziyyətdə yeni müharibə gözlənilirmi?

- Genişmiqyaslı müharibə olmayacaq. Çünki indiki məqamda müharibə Ukraynada işğalçı müharibə aparan Rusiyanın marağında deyil. Ermənistanın isə elə bir hərbi resursu yoxdur. Keçmiş Dağlıq Qarabağ ərazisi isə faktiki olaraq bizim mühasirəmiz altındadır. Ona görə də müharibə yox, Azərbaycan tərəfindən hansısa sərt addım atıla bilər. Prezident İlham Əliyev altı ayın yekunları ilə bağlı müşavirədə erməni silahlılarının çıxarılması ilə bağlı sərt xəbərdarlıq etdi. Dərhal Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan silahlıların çıxarılacağını açıqladı.

- Ermənistan silahlı qüvvələrinin sentyabr ayınadək Qarabağdan çıxarılacağını açıqladı. Bu barədə gözləntiniz nələrdir?

- Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılacağı müddət kimi sentyabr ayı göstərilib. Amma erməni mediası və rəsmiləri söhbətin bütün erməni silahlı qüvvələrindən getmədiyini deyir və bildirir ki, “Artsax müdafiə ordusu” yerində qalacaq. Guya ki, “müdafiə ordusu” Azərbaycanın hərbi hərəkətlərinə qarşı “tədbir görür”. Onlar bizim üçün qanunsuz silahlı, terrorçu dəstələrdir. Üçtərəfli Birgə Bəyanatda da Ermənistan silahlı qüvvələri yox, erməni silahlı qüvvələri yazılıb. Ona görə də hesab edirəm ki, erməni silahlıları son nəfərinədək Azərbaycan ərazisindən çıxarılmalıdır. Söz demək, rəsmi mövqeni sərt şəkildə ortaya qoymaq lazımdır. Şərtlər irəli sürmək lazımdır, konkret vaxt vermək lazımdır. “Kış” deməklə donuz darıdan çıxmaz.

- Armen Qriqoryanın səmimiyyətinə inanmaq olarmı?

- 20 ay ərzində Qriqoryan da, digərləri də, Baş nazir Nikol Paşinyan da pozitiv ruhlu müxtəlif bəyanatlar, vədlər veriblər. Amma bu vədlərin heç birinə əməl etməyiblər. Özləri açıq şəkildə bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi bitmədən heç bir sülh müqaviləsi bağlamayacaqlar. Ona görə də Qriqoryanın bəyanatının səmimiliyinə inanmaq olmaz. Onları öhdəlikləri yerinə yetirməyə məcbur etmək lazımdır. Ermənilərin üzərinə sərt şəkildə getməliyik. Təəssüf ki, ordumuz və diplomatiyamız bu sərtliyi nümayiş etdirmir.

Müəllif: Anar Bayramoğlu